NAXÇIVAN :

09 Iyul 2026, Cümə axşamı

Röyal Məmiyev: Qaliblər siyahısında bölgəmizin və televiziyamızın adını görmək mənə xüsusi fərəh bəxş etdi

...

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 13 may 2026-cı il tarixdə elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqənin yekunlarına əsasən "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Xəbərlər Departamentinin rəhbəri Röyal Məmiyev də qaliblər sırasında yer alıb.

Röyal Məmiyev “Şərq qapısı”na açıqlamasında bildirib ki, müsabiqəyə qatılmaq qərarı verərkən bir neçə fərqli reportaj arasında seçim edib: “Lakin mövzunun qlobal və regional aktuallığını nəzərə alaraq Türkiyəyə ezam zamanı hazırladığım “Naxçıvan-İğdır-Qars xətti ilə yeni logistika xəritəsi formalaşır” adlı araşdırma-reportajın müsabiqə üçün ən uyğun seçim olduğunu düşündüm.

Doğrusu, qaliblər sırasında yer aldığımı öyrənəndə bu mənim üçün həm böyük sürpriz, həm də sonsuz qürur mənbəyi oldu. Bu uğur yalnız mənim deyil, çiyin-çiyinə çalışdığım dəyərli "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" kollektivinin birgə əməyinin nəticəsidir. Qaliblər siyahısında bölgəmizin və televiziyamızın adını görmək mənə xüsusi fərəh bəxş etdi.

İnanıram ki, bu qələbənin sevincini reportajımızda da geniş işıqlandırdığımız Zəngəzur dəhlizinin açılışı günü, böyük tarixi zəfər fonunda bir daha yaşayacağıq”.

Nəşr edilib : 01.07.2026 18:00