Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti y...
19:43 13.02.2026
0
0
0
NAXÇIVAN :
13 Fevral 2026, Cümə
İsti günlər, açıq havada gəzintilər, çimərliklər və sərin içkilərlə müşayiət olunan yay mövsümü bir çoxları üçün istirahət və enerji toplama vaxtıdır. Lakin bu rahatlıq tablosunun görünməyən bir üzü də var: yoluxucu xəstəliklərin artması. Bu mövsümdə sürətlə xarab olan qidalar, təmiz saxlanılmayan su mənbələri və kütləvi toplaşma yerləri bir çox bakteriya və virusların yayılması üçün əlverişli zəmin yaradır.
Bəs bu təhlükələrin qarşısını necə almaq olar? Hər il yay mövsümündə eyni ssenari təkrar olunmurmu? Bu suallara aydınlıq gətirmək üçünNaxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Uşaq şöbəsinin müdiri, həkim-pediatr, infeksionist Abbas Əliyev ilə həmsöhbət olduq. Həkim bu dövrdə hansı xəstəliklərin aktuallaşdığı, hansı davranışların təhlükəli ola biləcəyi və gigiyenanın əhəmiyyəti barədəki suallarımızı ətraflı cavablandırdı.
– Yay aylarında hansı sağlamlıq riskləri daha çox müşahidə olunur?
– Bu dövrdə ən çox müşahidə olunan sağlamlıq risklərinə mədə-bağırsaq infeksiyaları, qida zəhərlənmələri, günvurmalar, allergiyalar,həşarat sancmaları, səyahət olunan bölgədə yayılan infeksiyalara yoluxma riski aiddir. Ən çox müşahidə olunanı isə qida zəhərlənmələri, bağırsaq infeksiyaları və günvurmalardır. Qida zəhərlənmələri və bağırsaq infeksiyaları oxşar əlamətlərə malik olub özünü qusma, ishal, halsızlıq, susuzlaşma kimi əlamətlərlə büruzə verir. Günvurmalar zamanı isə hərarətin yüksəlməsi, başgicəllənmə, ürəkbulanma, qusma, nəbzin sürətlənməsi, huşun pozulması kimi əlamətlər müşahidə olunur.Qida zəhərlənmələri və bağırsaq infeksiyalarının profilaktikası üçün şəxsi gigiyenaya əməl etmək, tez xarab olan qida məhsullarının qəbulu zamanı diqqətli olmaq, onların istifadə müddətinə baxmaqlazımdır. Günvurmaların profilaktikası məqsədilə ilin isti saatlarında, xüsusilə də 12:00-16:00 arasında evdə olmaq, baş geyimi və qoruyucu geyimlərdən istifadə etmək, bol su içmək, günəşdənqoruyucu kremlərdən istifadə etmək lazımdır.
– Söz düşmüşkən, bəs qida zəhərlənməsi ilə sadə mədə narahatlığını ayırmaq mümkündürmü?
– Bəli, mümkündür. Sadə mədə narahatlığı, yəni dispepsiya, adətən, daha yüngül keçir və xəstənin ümumi vəziyyətində ciddi dəyişiklik müşahidə olunmur. Belə hallarda qusma və ishal nadirən və az sayda (gündə 1-2 dəfə) olur, hərarət isə qeydə alınmır. Xəstə özünü, ümumilikdə, kafi hiss edir.Qida zəhərlənmələri isə daha ağır baş verir. Bu zaman yüksək hərarət, tez-tez və davamlı qusma, ishal müşahidə edilir ki, bu da orqanizmdə ciddi maye itkisinə səbəb ola bilər. Belə simptomlar, xüsusilə də hərarət, ishal və qusma öz-özünə keçmədikdə və ya şiddətli olduqda mütləq həkimə müraciət etmək lazımdır. Çünki vaxtında müdaxilə olunmadıqda bu hallar bədəndə su-duz balansının pozulmasına və digər ağırlaşmalara yol aça bilər.
– Çimərliklərdə və hovuzlarda hansı yoluxma riskləri var?İnsanlar ən çox nələrə diqqət etməlidirlər?
– Su və nəm mühiti mikroorqanizmlərin yaşaması üçün son dərəcə əlverişli olduğundan müxtəlif infeksiyalara yoluxma ehtimalı yüksəlir. Belə şəraitdə bağırsaq, dəri və göbələk infeksiyaları, göz və qulaq iltihabları, sidik-cinsiyyət yolu infeksiyaları, hətta A virus hepatiti kimi ciddi xəstəliklər baş qaldıra bilər.
Çirkli su ilə təmasda olduqda müxtəlif bakteriya və virusların bağırsaqlara yoluxması mümkündür. Bu da ishal, qarın ağrısı, ürəkbulanma və qusma ilə özünü göstərə bilər. Bundan başqa, dəri ilə uzunmüddətli təmas zamanı Pseudomonas aeruginosa bakteriyası dəri iltihabına səbəb ola, dermatofitlər isə xüsusilə ayaq barmaqları arasında, qasıq nahiyəsində göbələk infeksiyaları yarada bilər. Gözlə təmasda isə konyunktivit (göz qızartısı, qaşınma, sulanma) kimi halların baş verməsi qaçılmazdır. Qulaq infeksiyaları isə xüsusilə hovuz suyunun qulaqda qalması nəticəsində inkişaf edir.Belə hallarda insanlar şəxsi gigiyena qaydalarına ciddi əməl etməli, hovuzdan öncə və sonra duş qəbul etməlidirlər.
– Yay aylarında meyvə və tərəvəzlə yayılan xəstəliklər daha da artır. Bəs onlardan qorunmaq üçün hansı üsullar etibarlıdır?
– Yay aylarında meyvə və tərəvəzlərə bağlı yoluxma hallarının artması, əsasən, isti havanın təsiri və bu məhsulların çiy şəkildə daha çox istehlak olunması ilə bağlıdır. Bu dövrdə də bakteriyalar və parazitlər daha çox müşahidə olunur. Yay aylarında üzüm, alma, kahı, xiyar, pomidor, qarpız və qovun kimi məhsulların gigiyenik təmizliyi xüsusi diqqət tələb edir. Axar su altında yaxşıca yumaq, sirkəli suda gözlətmək və ya ilıq su ilə təmizləmək infeksiyaların qarşısını almaqda faydalı sayılır. Yayda meyvə və tərəvəzlərin təravəti qədər gigiyenası da vacibdir.
– Yayda yoluxucu xəstəliklərdən qorunmaq üçün immuniteti necə gücləndirməliyik?
– İmmunitetin güclü olması yayda yoluxucu xəstəliklərdən qorunmaq üçün əsasdır. Bunun üçün qidalanma balanslı olmalı, zülalla zəngin yeməklər, Omeqa-3 yağ turşuları, sarımsaq və zəncəfil kimi təbii məhsullar rasiona daxil edilməlidir. Kifayət qədər su içmək (gündə 2-3 litr), hər gün açıq havada fiziki fəallıq, 6-8 saat keyfiyyətli yuxu və stresdən uzaq durmaq vacibdir. Orqanizmin ehtiyac duyduğu vitamin və minerallar da vaxtında qəbul olunmalıdır. Sağlam həyat tərzi bədənin ən yaxşı müdafiəsidir.
– Yay infeksiyalarına qarşı hansı yaş qrupu daha həssasdır?
– Yay infeksiyalarına qarşı ən həssas qruplar 0-5 yaş arası uşaqlar və 65 yaşdan yuxarı yaşlı insanlardır. Xüsusilə ana südü ilə qidalanmayan və erkən əlavə qidalanmaya keçən körpələrdə risk daha yüksəkdir. Yaşlılarda isə immun sisteminin zəifləməsi bu həssaslığı artırır. Bu yaş qruplarının gigiyenasına və qidalanmasına yayda xüsusi diqqət yetirilməlidir.
– Bəzi valideynlər yayda uşaqların istədiyi hər qidanı qəbul etməsinə icazə verir. Bu nə dərəcədə doğrudur?
– Yay aylarında uşaqların qidalanmasına səhlənkar yanaşmaq ciddi sağlamlıq riskləri yarada bilər. Valideynlərin “Yaydır, qoy istədiyini yesin” yanaşması bəzən təhlükəli nəticələrə gətirib çıxarır. İsti havalarda tez xarab olan və gigiyenik cəhətdən düzgün saxlanmayan qidalar uşaqlarda qida zəhərlənməsi, bağırsaq infeksiyaları, qusma və ishala səbəb ola bilər. Bu isə sürətli maye itkisinə, yəni susuzlaşmaya gətirib çıxarır ki, xüsusilə uşaqlar üçün bu hal həyati risk səviyyəsindədir. Uşaqların yayda daha çox təbii, təmiz, bədənə faydalı və sağlam saxlanılan qidaların qəbuluna diqqət etmək vacibdir. Azadlıqla yanaşı, məsuliyyət də önəmlidir.
– COVID-19 pandemiyasından sonra yay infeksiyalarına yanaşma dəyişdimi? İnsanlar daha diqqətli oldu, yoxsa əvvəlki laqeydlik davam edir?
– Pandemiyadan sonra insanların xəstəliklərə qarşı münasibətində müəyyən dəyişikliklər müşahidə olunur. Xüsusilə şəxsi gigiyena qaydalarına riayət, əllərin tez-tez yuyulması, dezinfeksiya vasitələrindən istifadə kimi vərdişlər artıq daha geniş yayılıb. İnsanlar xəstəlik əlamətlərinə qarşı daha ayıq və məsuliyyətli davranmağa başlayıb. Lazım gəldikdə maskalardan və qoruyucu vasitələrdən istifadə etməyə daha açıq yanaşırlar. Bəzi hallarda əvvəlki laqeydlik özünü göstərsə də, ümumi olaraq gigiyenik davranışlarda və ictimai sağlamlıq məsələlərinə yanaşmada müsbət dəyişikliklər var. Pandemiya insanlara göstərdi ki, sağlamlıq həm də kollektiv məsuliyyətdir.
Elnurə CƏFƏROVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Digər xəbərlər