NAXÇIVAN :

12 Sentyabr 2026, Şənbə

Şahbuz bulaqları – yaddaşdan içilən su

...

Bulaq əsl təbiət möcüzəsi, torpağın yaddaşı, insanın payına düşən əvəzsiz nemətdir. Dağların köksündən süzülüb üzə çıxan, buz kimi soyuq, billur kimi saf bulaq suları insana ruh verir. Bəzən isə bu sular axıb getdiyi yerlərdən daha uzaqlara, hətta bir yurdun adını yaşatmaq üçün başqa ellərə qədər gedib çıxır. Dövlət başçımızın rəsmi qəbullarında, qardaş və dost ölkələrin liderlərinə qonaqpərvərliklə təqdim olunan “İstisu”, “Sirab” və “Badamlı” artıq sərhədləri aşaraq dünyada tanınan milli sərvətimizə çevrilib.

Şahbuzun bulaq suları təkcə süfrələrimizin bəzəyi deyil. Bu bulaqların hər birinin öz hekayəsi, öz səsi, öz yaddaşı var. Burada hər bulaq başında oturub dincələnlərin söhbətlərinə də doymaq olmur. Yay-qış demədən gözündən axan saf suyu ilə minlərlə insanı özünə çəkən bu bulaqlar son illər şəhər camaatının evində dəmlənən ətirli çayın, süfrəyə gələn ləziz yeməklərin də dad ortağına çevrilib.

Şahbuzda su həyatın özü, insanların damaq dadıdır. Kükünün Südlü bulağından, Batabatın Zor bulağından gələn su ilə dəmlənən çayın ayrı ləzzəti var. Bu torpaqda yaşayıb ömrünü onun suyunun, havasının, dağlarının təmənnası ilə başa vuranlar bunu daha yaxşı bilirlər: təbiət aşiqi Məmməd Arazın yurd sevgisinin mayası da elə bu torpağın suyundan gəlirdi. Doğulduğu torpağın su yaddaşı ilə yaşayıb, bu torpağı heç zaman unutmayan şahbuzluların həyat hekayəsi də buradan keçir.

Şahbuzda bulaqlar çoxdur. İstəsən, min nəfər qonağın gəlsin, hər birinə çatacaq qədər suyu, yamyaşıl kölgəsi var. Gözünü Küküdə, Dərəboğazında açıb doğma Araza qovuşmaq üçün qıvrım dərələrdən tələsə-tələsə yol alan Gurbulaq və onun kiçik qardaşları yayın ən quraq çağında belə süfrəsini geniş açır. Səssizcə Kükü çayına yoldaş olan Qırxbulaq, Şərəfin bulağı, Qoşa arxac bulağı, Nəsirin gözəsi, Göy gözə, Söyüdlü bulağın və digərinin suları az keçmədən Qanlıgöl dərəsindən gələn Xan bulağın, Kalba Nəbi bulağının, Qarabağlar yurdu bulağının, Zırnel kəndindəki Novruz bulağının sularına qarışaraq böyük bir bulaq orkestrinə qoşulur.

Qızıl Qışlağa çatanda isə yolda onları Güney Qışlaqdan qaynayan Qaya dibi bulağının, Şıppırlı bulağın, Həsən bulağın, Daş bulağın suları gözləyir. Beləcə sanki Şahbuzun dağları bir-birinə su ilə salam göndərir, bulaqlar isə bu salamı çaylara, dərələrə, kəndlərə, şəhərlərə çatdırır.

Batabat Şahbuzun dilbər guşəsi, Azərbaycanın tanınan turizm ünvanlarından biridir. Batabatın Zor bulağı isə Zəngəzurun bir addımlığında Şahbuza gələn qonaqların görmədən qayıtmaq istəmədiyi təbiət möcüzəsidir. Zorbulağı görmədən, suyundan götürüb evə aparmadan Batabata gəlməyi heç kim ağlına gətirmir.

Biçənək meşəsinin tam ortasından axan Söyüdlü bulaqla yanaşı, bu dağlardan qaynayan Qoşa bulaq, Uzun bulaq, Durna bulaq, Qısqaclı bulaq, Qaramalı bulaq da suyunun dadı ilə tanınır. Dağlardan aşağıya endikcə İşgəsu bulağında, Kolanı kəndindəki Plovtəpə bulağında, şəhid İman Alməmmədovun adını daşıyan Karvan bulağında içilən bir ovuc suyun da öz yeri var. Ağbulaq yolu üstündəki Ağbulaq suyu, Gömür kəndindəki Turşsu, müalicəvi Şəfa bulağı, Mahmudobadakı Şahının bulağı, Aşağı Qışlaqdakı Çınqıllı bulaq, Baldırğanlı bulaq, Yuxarı Qışlaqdakı Ağ qayadan çıxan Zor bulaq isə tamam başqa bir yol hekayəsidir.

Nursu Şahbuzun uca dağlarının ətəyində nur dolu suların qaynadığı bulaqlarla zəngin kənddir. Bu bulaqlar və kəndin içindəki kəhrizlər yerli sakinlər üçün ən təmiz sərvətlərdəndir. Şahbuzun Salvartı qolundakı Keçili bulaqlarını görmək istəyənlər isə bir az da yüksəklərə qalxmalıdırlar. Camalqala və Üçqardaş zirvələrindən qidalanan Çınqıllı bulağını, Qoşabulağı və digərlərini görmək üçün 2500-3000 metr yüksəkliklərə qalxanda insan yalnız bulağın suyunu deyil, dağın öz nəfəsini də içir.

Şahbuz bulaqlarının səsi unudulmaz nəğmələrdə yaşayır. Ölməz sənətkar Rəşid Behbudovun məşhur “Badamlı”sı da bu torpağın suyundan, bu yurdun adından doğulub. Bu suyun məşhur bulağı Naxçıvan-Şahbuz-Batabat magistralından cəmi 3 kilometr məsafədə Badamlı qəsəbəsindədir. Dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxan, “Made in Azerbaijan” brendi ilə xarici bazarlarda da tanınan Badamlı suyu məşhur su brendlərindən biri olmaqla Şahbuzun adını Azərbaycanın hər yerinə aparır.

Qəsəbədən Badamlı kəndinə gəlsəniz, burada qonaqlarla birgə Yemişandərə, Ordubulağı, Fərəməz bulağının başında ətirli samovar çayının yeri var. Bu dadı Şahbuzun girəcəyindəki Böyrək suyu, Türkeşdəki kəhriz suları sizə bir daha xatırladacaq. Sərin dağın havası, ağac kölgəsi, səmimi qonaqpərvərlik yol yorğunluğunu unutduracaq.

Şahbuz bulaqları həm də bu yurdun mədəniyyətinin, memarlığının bir parçasıdır. Şahbuz şəhərinin çıxışında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan bulaq-istirahət parkı şəhərin ən yaraşıqlı məkanlarındandır.

Bulaqlar çox, adlar müxtəlif olsa da, onların ümumi bir taleyi var. Onlar bəzən bir kəndin, bir ailənin, bir səyyahın yaddaşına çevrilir, xatirələrdə yaşayır. İnsanlar illər sonra tanıdığı bulağın başından keçəndə öz keçmişinin də səsini eşidir. Ata evini, uşaqlıq illərini, yol və sinif yoldaşlarını, bir vaxtlar həmin suyun başında edilən söhbətləri xatırlayır bir daha. Şahbuz bulaqları da həmişə yolumuzu gözləyən vəfalı dostlar kimidir. Onlar bu torpaqların, sadəcə, təbii sərvəti deyil, həm də sir saxlayan etibarlı yol yoldaşıdır. Bulaqlarımız müsafirlərini, dostlarını unutmaz, yaxşılıq edənlərin adını yaşadar. Bəlkə də, buna görə Şahbuzun bulaqları daha doğmadır. Onlar bu torpağın yaddaşından içilən bir qurtum sudur.

Əli CABBAROV

Nəşr edilib : 12.09.2026 13:16