Cəmşid Əmirov: Kahramanmaraşda Azərbaycan Mədəniyy...
12:23 04.09.2026
0
0
0
NAXÇIVAN :
04 Sentyabr 2026, Cümə
Naxçıvan şəhərində yerləşən və hər gün sakinlərin, eləcə də şəhərimizin qonaqlarının üz tutduğu Sahil Parkı istirahət və asudə vaxtın səmərəli təşkili baxımından mühüm məkanlardan biridir. Lakin parkda müşahidə olunan bəzi mənzərələr ərazinin həm qorunması, həm də saxlanılması ilə bağlı suallar yaradır.
Ötən günlərdə apardığımız müşahidələr zamanı parkda bir sıra xoşagəlməz halların şahidi olduq. Belə ki, oturacaqların bir qisminin sındırıldığı, dekorativ heykəllərin zədələndiyi, işıqlandırma sisteminin ayrı-ayrı hissələrinin və bir neçə idman qurğusunun yararsız vəziyyətə salındığı müşahidə edildi.
Sakinlərin istirahəti üçün yaradılan bu imkanların belə vəziyyətə düşməsi, ilk növbədə, ictimai əmlaka münasibət məsələsini gündəmə gətirir. Parkdan istifadə edən hər bir vətəndaş bilməlidir ki, burada yerləşdirilən oturacaq, işıqlandırma qurğusu, idman avadanlığı və digər elementlər hamının istifadəsi üçün yaradılıb. Onlara zərər vurulması isə yalnız parkın görünüşünə deyil, digər sakinlərin rahatlığının təmin olunmasına da mənfi təsir göstərir.
Ən diqqətçəkən problemlərdən biri parkın dayanacağında müşahidə olunur. Dayanacağın asfalt örtüyünün bir hissəsi dağılıb və çöküb. Uzun müddətdir, aradan qaldırılmadığı görünən bu problem həm ərazinin ümumi görünüşünə xələl gətirir, həm də parka gələnlər üçün narahatlıq yaradır.
Sual yaranır: gündəlik çoxsaylı sakin və qonağın istifadə etdiyi belə bir ərazidə yaranmış nasazlıqlar niyə vaxtında aradan qaldırılmır? Parkın ayrı-ayrı hissələrindəki zədələnmələrə nəzarət və onların bərpası necə təşkil olunur?
Unutmaq olmaz ki, ictimai məkanların qorunması yalnız aidiyyəti qurumların deyil, vətəndaşların da məsuliyyətidir. Parkın oturacaqlarını sındırmaq, dekorativ elementlərə və idman qurğularına zərər vurmaq ictimai əmlaka hörmətsizlikdir. Eyni zamanda belə halların vaxtında müəyyənləşdirilməsi, zədələnmiş ərazilərin bərpası və parkın ümumi vəziyyətinə nəzarətin təmin edilməsi də aidiyyəti qurumların üzərinə düşən vəzifələrdəndir.
Sahil Parkı şəhərin simasını müəyyənləşdirən istirahət məkanlarından biridir. Bu səbəbdən onun yalnız yaradılması deyil, daim səliqəli, təhlükəsiz və istifadəyə yararlı vəziyyətdə saxlanılması da vacibdir.
İndi əsas sual budur: Sahil Parkında müşahidə olunan bu problemlər nə zaman aradan qaldırılacaq və ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün hansı tədbirlər görüləcək?
Ümid edirik ki, “Şərq qapısı”nın foto-faktlarla diqqətə çatdırdığı bu məsələlər aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq və parkın sakinlər üçün daha təhlükəsiz, səliqəli və rahat vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.
Nail ƏSGƏROV
Digər xəbərlər