Şuşanın azad olunmasından 6 il ötür
00:48 08.11.2026
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2026, Bazar
Zəfər Azərbaycanın tarixinin qızıl səhifəsi, xalqımızın böyüklüyünün, milli birliyinin və gücünün göstəricisidir. Gənclərimiz tarixi Qələbənin əhəmiyyətini dərindən dərk etməli, onun yaratdığı imkanları və məsuliyyəti düzgün qiymətləndirməlidirlər.
"Şərq qapısı" xəbər verir ki, bunu “Zəfər nəsli” Gənclər Forumunda çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib. O qeyd edib ki, gənclər hərəkatında fəaliyyət göstərdiyi dövrdə əsas məqsədlərdən biri Azərbaycançılıq ideologiyasının, vətənpərvərlik ruhunun təbliği, Qarabağın və ətraf rayonların işğal tarixinin unudulmaması istiqamətində faydalı layihələrin həyata keçirilməsi olub.
Deputat vurğulayıb ki, ötən illərlə müqayisədə bugünkü gənclər tamamilə fərqli imkanlara malikdirlər. Artıq onlar ərazi bütövlüyü bərpa olunmuş, qalib və güclü Azərbaycanın vətəndaşları kimi daha böyük hədəflərə doğru irəliləyirlər.
Şahin İsmayılov bildirib ki, vaxtilə gənclərin ən böyük arzularından biri Şuşaya, Xankəndiyə, Kəlbəcərə getmək, işğaldan azad olunmuş torpaqları görmək idi. Bu gün həmin arzuların gerçəkləşməsi milli qürur hissini daha da gücləndirir. O diqqətə çatdırıb ki, platformalar və fəaliyyət formaları dəyişsə də, milli yaddaşın qorunması, şəhidlərin xatirəsinə ehtiram və Vətən qarşısında məsuliyyət dəyişməz qalır. Bu gün Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və platformalarda qalib ölkənin nümayəndələri kimi iştirak etmək imkanı qazanıblar.
Deputat əlavə edib ki, torpaqların işğaldan azad edilməsi yalnız hərbi əməliyyatların nəticəsi deyil, həm də tarixi ədalətin bərpası, dövlətin gücünə və xalqın özünəinamına qayıdışdır.
Şahin İsmayılov Azərbaycan xalqının çətin və taleyüklü günlərdə hər zaman birlik nümayiş etdirdiyini, 44 günlük Vətən müharibəsində xalqımızın “Dəmir yumruq” ətrafında birləşməsinin tarixi Qələbənin əsas amillərindən biri olduğunu vurğulayıb.
Digər xəbərlər