NAXÇIVAN :

08 Mart 2026, Bazar

Saltuk Düzyol: TANAP-ın nəqletmə gücünün artırılması potensialı var

...

TANAP Cənub Qaz Dəhlizinin əsas və ən böyük hissəsidir. Layihənin səhmdarları Azərbaycan və Türkiyə tərəfi, həmçinin beynəlxalq tərəfdaşlardır. TANAP-ın mövcud infrastrukturu həm Türkiyə, həm də Avropaya qaz tədarükünü təmin edir və ötürmə gücünün artırılması potensialı mövcuddur.
“Şərq qapısı” xəbər verir ki, bunu “TANAP A.Ş.” konsorsiumunun baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, TANAP istismara verildiyi vaxtdan etibarən həm Türkiyəyə, həm də Avropaya əhəmiyyətli həcmdə qaz çatdırılıb.
“Gələcək genişlənmə planları çərçivəsində texniki tələblər müəyyənləşdirilib, müxtəlif ssenarilər qiymətləndirilib və ilkin iş qrafiki ilə xərc hesablamaları hazırlanıb. Şirkət davamlılıq və enerji keçidi strategiyasına uyğun olaraq kompressor stansiyalarında Günəş enerjisindən istifadə imkanlarını araşdırır. Məqsəd elektrik xərclərini azaltmaq və beləliklə karbon emissiyalarını aşağı salmaqdır. Ətraf mühitin qorunması istiqamətində marşrut boyunca ekoloji monitorinq aparılıb və nəticədə elmi ədəbiyyatda əvvəllər qeydə alınmamış yeni flora və fauna növləri aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən keçirilən yoxlamalarda hər hansı pozuntu müəyyən edilməyib, bütün göstəricilərin milli standartlara uyğun olduğu təsdiqlənib. İstixana qazı emissiyaları da qəbul edilən hədlər daxilində olub”, - deyə Saltuk Düzyol əlavə edib.
Layihənin icrası dövründə həyata keçirilən sosial investisiya proqramından danışan baş direktor bildirib ki, layihəyə qoyulan investisiyalar məktəb, sosial məkan, kənd təsərrüfatı və digər sahələr üzrə icmalara müsbət və uzunmüddətli təsir göstərib: “Ümumilikdə TANAP-ın sosial və ekoloji investisiya proqramı icmalar üçün ölçülə bilən və davamlı dəyər yaradır”.

Nəşr edilib : 03.03.2026 19:44