NAXÇIVAN :

13 May 2025, Çərşənbə axşamı

Şamil Ayrım: PKK-nın özünü buraxdığını elan etməsi ilə Türkiyənin 50 illik terror bəlası sona çatdı

...

PKK terror təşkilatının özünü buraxdığını elan etməsi ilə Türkiyənin təxminən 50 illik bir dövrdə mübarizə apardığı terror bəlası sona çatdı.

"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə deyib. O, Türkiyə və Azərbaycanın bundan sonra da bölgədə birlikdə daha da güclənəcəyinə inamını ifadə edib.

Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə bildirib ki, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və şəxsi dostluq münasibətləri sayəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir və möhkəmlənir. O, diqqətə çatdırıb ki, hazırda Türkiyə öz tarixinin gözəl bir dövrünü yaşayır. PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, Türkiyənin dünya siyasətində artan nüfuzu mühüm uğurlardır və Türkiyənin uğurları Azərbaycanı da sevindirir.

Əhliman Əmiraslanov türk dövlətlərinin qarşılıqlı əməkdaşlığından danışaraq, bu baxımdan Milli Məclisdə yeni yaradılmış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə, Milli Məclisin deputatı Eldar Quliyev, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, ŞKTC Prezidentinin siyasi işlər üzrə müşaviri Anıl Kaya türk dövlətləri arasında münasibətlərə dair fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycana bu səfər çərçivəsində ADA universitetində keçirdikləri görüşdən və universitetlə tanışlıqdan məmnunluqla danışıblar, təhsil sahəsində əməkdaşlığın, qarşılıqlı tələbə mübadiləsinin vacibliyini qeyd ediblər.

Nəşr edilib : 13.05.2025 16:24