NAXÇIVAN :

25 May 2025, Bazar

Şəhid ailəsi ziyarət edilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhid Elvin Məmmədovun ailəsini ziyarət edib.
Ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. 
Şəhid Elvin Məmmədovun ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.
Xatırladaq ki, Məmmədov Elvin Etibar oğlu 1997-ci il oktyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nəzərabad kəndində anadan olub. 
Azərbaycan Ordusunun leytenantı olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. 
O, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Daha sonra komitənin kollektivi Babək rayon Nəzərabad kəndində şəhidlərin məzarlarını ziyarət ediblər.

Nəşr edilib : 24.05.2025 23:41