Milli Məclisin İnsan hüquqları komitəsinin payız s...
16:56 21.09.2026
0
0
0
NAXÇIVAN :
21 Sentyabr 2026, Bazar ertəsi
Sərin bir payız günü – 2000-ci ilin 21 sentyabrında Şahbuz rayonunun Mahmudoba kəndində Məmmədovlar ailəsində bir oğul dünyaya gəldi. Adını Tural qoyub “Adı ilə böyüsün”, – dedilər. Ayaq açdı. Tural Vətən torpağına ilk addımını atanda ilk kəlməsi də ana oldu. Məktəbli yaşına çatanda, hərfləri öyrənəndə ilk Vətən yazdı. Böyüyüb hərbçi olmaq istədiyini deyəndə Gülxar ana sonbeşiyinə dua elədi. “Arzun nədir, ona da çatasan, oğul”, – dedi.
Zabit olmaq arzusu ilə hər gün səylə çalışan Tural Heydər Əliyev adına Hərbi Liseyə qəbul olanda sevincinin həddi-hüdudu yox idi. Kursant forması ilə oğlunu görən ananın da qəlbi dağa dönmüşdü. O, liseyi bitirib Bakıya təhsini davam etdirmək üçün yola düşdü. Ən böyük arzusunun reallaşmağına az qalmışdı. Dördüncü kusda idi Vətən savaşı başlayanda.
Şəhid anası Gülxar Məmmədova həmin günləri belə xatırlayır. “Qısa ömrünə qəhrəmanlıq sığdırdı. IV kursda oxuyanda II Qarabağ müharibəsinin iştirakçısı olub. Füzuli, Qubadlı, Cəbrayılın azad olunmasında iştirak edib. Müharibədə olmağından xəbərimiz yox idi. Danışanda deyirdi ki, ana, Gəncədə təlimdəyik. Müharibədən qayıtdıqdan sonra təhsilini davam etdirdi.
2021-ci ildən işə başladı, ilk təyinatı Ağdama oldu. Müharibə bitəndən sonra qışda məzuniyyət götürüb gəlmişdi evimizə. Sevinclə danışırdı qələbədən. Sonuncu dəfə 17 sentyabrda danışdıq. Hiss etdim ki, hara isə gedir. Amma mənə bildirmir. Bir az danışdıqdan sonra bir-iki günlük sizə zəng vura bilməyəcəm, narahat olmayın dedi. Bir neçə gün sonra ad günü idi. Təkid etdim ki, gəl məzuniyyətə. Yaxşı, gələcəm dedi. 20 sentyabrda antiterror əməliyyatının aparılması ilə bağlı xəbərləri eşidəndə artıq iki gün idi Turala da zəng çatmırdı, çox narahat idim. Həmin gün oğlumun şəhadət xəbəri gəldi. “O artıq təkcə mənim yox, bütöv Vətənin övladıdır”.
“Çox qürurludur, amma ağrılıdır. Mənim də Turalım qəhrəmanlardan biridir. O dünyaya gələn gün mənə dünya boyda sevinc bəxş etmişdi. 21 sentyabr 2000-ci ildə dünyaya gəldi, 23 il sonra həmin gün torpaq anasına qovuşdu. Səbirsizliklə yolunu gözlədiyim oğlum özü ilə bərabər mənə üçrəngli bayrağı gətirdi, əmanətini yadigar qoyub getdi. Vətən müharibəsində göstərdiyi igidliyə görə “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştrakçısı” medalları ilə təltif olunmuşdu. Şəhadət şərbəti içəndən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib Tural. Həsrətim bitmir, heç vaxt da bitməyəcək. Təsəllim isə oğlumun canının hədər yerə getməməsidir. Onun ətrini qələbə bayrağından alıram”, – deyir şəhid anası.
Bu gün onun həm dünyaya göz açıb Gülxar anasına qovuşduğu, həm də anası Azərbaycanın qoynuna əbədiyyən köçdüyü gündür.
Yaşasaydı, 26 yaşı olacaqdı demirəm. Çünki onun yüksəldiyi zirvə qarşısında yaşamaq sözü çox aciz qalır. Cəmi 23 il ömür sürdü Tural, amma sətirlərə yerləşmədi onun qəhrəmanlığı. Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq, bir gün son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir.
Şəhidlər bütün yüksəklərdən ucada dayanan bir zirvədədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Onlar əbədi yaşayacaqlar bu xalqın ürəyinin başında. Anaların gözündəki qürurda, düşməndən azad etdikləri torpaqların hər qarşında. Tarixin zəfər dastanında.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər