Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına t...
23:57 23.10.2026
0
0
0
NAXÇIVAN :
24 Oktyabr 2026, Şənbə
Rayonda 3700 hektar sahədə taxıl əkini nəzərdə tutulur
Payızda torpağa səpilən hər toxum gələn ilin məhsuluna bəslənən ümidin başlanğıcıdır. Şərur rayonunda fermerlər yeni əkin mövsümünə başlayaraq torpağı gələn ilin bərəkətinə hazırlayırlar. Sahələrdə traktorlar işləyir, əkin və suvarma tədbirləri davam etdirilir. Torpaqla çalışan insanların zəhməti, təcrübəsi və bol məhsula inamı isə yeni mövsümün əsas mənzərəsini yaradır.
Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Əli Babayevin sözlərinə görə, rayonda taxıl əkini ardıcıl şəkildə davam etdirilir. O bildirir ki, 2026-cı ilin məhsulu üçün 2 635 hektar sahədə taxıl əkilib. Hər hektardan orta hesabla 45 sentner məhsul götürülüb, ümumi istehsal isə 11 min 860 ton təşkil edib.
Hazırda 2027-ci ilin məhsulu üçün əkin işləri aparılır. Növbəti mövsümdə rayonda 3 700 hektar sahədə taxıl əkilməsi proqnozlaşdırılır. İndiyədək 655 hektar sahədə əkin həyata keçirilib. Bunun 193 hektarını arpa, 462 hektarını isə buğda sahələri təşkil edir.
Əkinlə yanaşı, sahələrin su təminatına da diqqət yetirilir. Rayonun əsas su mənbələrindən biri olan Arpaçay su anbarından ayrılan sağ və sol sahil kanalları, eləcə də çay yatağı və Araz çayı üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə əkin sahələri suvarılır.
Əli Babayevin verdiyi məlumata görə, indiyədək əkilmiş 655 hektar taxıl sahəsinin 481 hektarında suvarma işləri aparılıb. Sektor müdiri taxılçılığın strateji əhəmiyyətini vurğulayaraq əkinlərin optimal müddətdə başa çatdırılmasını və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini qarşıda duran əsas vəzifələrdən sayır.
Torpağa bağlılıq və bol məhsul ümidi
Şərurda əkin mövsümünün gedişi görülən işlərlə yanaşı, illərdir, torpaqla çalışan fermerlərin təcrübəsi və gələcək məhsula bəslədikləri ümidlərlə də səciyyələnir. Maxta kənd sakini, təsərrüfatçı Təvəkkül Cəfərov uzun illərdir, arpa və buğda əkini ilə məşğuldur. Əvvəlki mövsümlərdə yaxşı məhsul əldə edən fermer bu il də zəhmətinin bəhrəsini görəcəyinə inanır.
“Uzun illərdir, təsərrüfatla məşğulam, arpa, buğda əkirəm. Ötən il yüksək məhsul götürmüşəm. Bu il də əkin işlərini uğurla aparıram. Suyumuz boldur, elə bir çatışmazlığımız yoxdur. Allah bərəkət versin, əkinimiz yaxşı olsun”, – deyə Təvəkkül Cəfərov bildirir.
Onun sözlərinə görə, əvvəlki mövsümlərdə hər hektardan, təxminən, 4-5 ton taxıl əldə edib. Bu nəticələr fermerdə yeni əkin mövsümündə də yüksək məhsuldarlığa nail olmaq inamını artırır.
Dizə kənd sakini Tağı Bağırov da uzun illərdir, kənd təsərrüfatı ilə məşğuldur. Təxminən, 25-30 illik əkinçilik təcrübəsi olan təsərrüfatçı ötən il 95 hektar sahədə taxıl əkdiyini, bu il isə əkin sahəsini genişləndirməyi planlaşdırdığını deyir.
“Bu il keçən ildəkindən bir qədər artıq əkmək istəyirik. Məqsədimiz yaxşı məhsul götürmək, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz töhfəmizi verməkdir. Artıq 20-30 hektar sahədə əkin aparmışıq, qalan sahələrdə də işləri davam etdirəcəyik. Ümumilikdə, bu il 100 hektara yaxın sahədə taxıl əkməyi nəzərdə tuturuq”, – deyə təsərrüfatçı vurğulayır.
Tağı Bağırovun sözlərinə görə, ötən il sahələrdən, ümumilikdə, 200 tona yaxın taxıl əldə olunub. Fermer cari mövsümdə daha yüksək nəticə gözləyir. O qeyd edir ki, yağıntılar nəticəsində torpaqda nəmlik ehtiyatının yaranması əkin işlərinə müsbət təsir göstərib. Bununla belə gələcək məhsuldarlıq baxımından suvarmanın vaxtında və lazımi səviyyədə aparılması mühüm əhəmiyyət daşıyır.
Vaxtında əkin, düzgün suvarma – yüksək məhsuldarlığa doğru
Şərur rayonunda payız əkinlərinin davam etməsi taxılçılığın inkişafı üçün görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir. Fermerlərin əkin sahələrini genişləndirmək niyyəti də istehsalın artırılmasına marağın göstəricisidir. Bununla yanaşı, yüksək məhsuldarlıq yalnız əkin sahələrinin genişləndirilməsi ilə deyil, torpağın düzgün becərilməsi, aqrotexniki qaydalara əməl olunması və suvarmanın vaxtında aparılması ilə mümkündür.
Qarşıda duran əsas vəzifə nəzərdə tutulan 3 700 hektar sahədə əkin işlərini optimal müddətdə başa çatdırmaq, bitkilərin su təminatını diqqətdə saxlamaq və gələn ilin məhsulu üçün əlverişli şərait yaratmaqdır. Şərurlu təsərrüfatçıların torpağa bağlılığı, illərin təcrübəsi və bol məhsula inamı isə bir həqiqəti önə çəkir: torpağa vaxtında səpilən toxum, çəkilən zəhmət və suya qənaətlə yanaşma gələcək bərəkətin təməlidir.
Nail ƏSGƏROV
Digər xəbərlər