NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Şərurda suvarma infrastrukturu yenilənir: kənd təsərrüfatına mühüm töhfə veriləcək

...

Naxçıvan Muxtar Respublikasının iqlim tipi isti və yağıntının az olması ilə xarakterizə olunduğundan su ehtiyatlarının düzgün idarə olunması burada xüsusi əhəmiyyət daşıyır. İqlimin quraq keçməsi, su mənbələrinin məhdudluğu və torpaqların şoranlaşmaya meyilli olması kənd təsərrüfatında suvarma sistemlərinin dayanıqlı və səmərəli qurulmasını zəruri edir. Məhz bu baxımdan su təsərrüfatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması bölgənin inkişafı üçün prioritet məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi 2026-2030-cu illəri əhatə edən Tədbirlər Planı da Naxçıvanda su ehtiyatlarından daha səmərəli istifadəni və suvarma sistemlərinin mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur.

Plana əsasən Şərur rayonunda su təsərrüfatı infrastrukturunun yenidən qurulması və müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində mərhələli və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr rayonun suvarma sisteminin dayanıqlığının artırılması, su itkilərinin azaldılması və kənd təsərrüfatının su təminatının daha etibarlı şəkildə qurulması məqsədi daşıyır.

Belə ki, 2027-2029-cu illər ərzində rayon ərazisində Araz çayından qidalanan nasos stansiyalarının, eləcə də mövcud təzyiqli boru xətlərinin yenidən qurulması planlaşdırılır. Uzun illər istismarda olan bu qurğuların modernləşdirilməsi suyun daha səmərəli və fasiləsiz şəkildə əkin sahələrinə çatdırılmasına imkan yaradacaq. Yenidənqurma işləri çərçivəsində köhnəlmiş avadanlıqların dəyişdirilməsi, texniki göstəricilərin müasir standartlara uyğunlaşdırılması və sistemin ümumi ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur. Bununla yanaşı, 2028-2030-cu illərdə Arpaçaydan qidalanan mövcud hidrotexniki qurğuların da əsaslı şəkildə yenidən qurulması həyata keçiriləcək. Bu tədbirlər çayın su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, suvarma prosesində yaranan itkilərin minimuma endirilməsinə və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Eyni zamanda Şərurun Püsyan, Tumaslı və Xanlıqlar kəndləri ərazisində kollektor-drenaj şəbəkələrinin tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması da planlaşdırılır. Bu addım torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, şoranlaşmanın qarşısının alınmasına və kənd təsərrüfatı üçün yararlı sahələrin daha səmərəli istifadəsinə şərait yaradacaq.

Ümumilikdə, Şərur rayonunda həyata keçiriləcək tədbirlər kənd təsərrüfatının inkişafına, əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və torpaqların meliorativ vəziyyətinin sağlamlaşdırılmasına mühüm töhfə verəcək. Eyni zamanda bu layihələr su ehtiyatlarından daha səmərəli istifadəni təmin etməklə, ümumilikdə, ərazinin sosial-iqtisadi inkişafına, əhalinin rifah halının yüksəlməsinə və dayanıqlı infrastrukturun formalaşmasına xidmət edəcək.

Həyata keçiriləcək layihələr suvarma sisteminin dayanıqlığını artırmaqla yanaşı, su itkilərinin azaldılmasına və kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə xidmət edəcək. Görüləcək işlərin təsərrüfatçılar üçün nə dərəcədə əhəmiyyətli olduğunu öyrənmək üçün Şərur rayonunun Xanlıqlar kəndində olduq və uzun illərdir, kənd təsərrüfatı ilə məşğul olan sakinlə həmsöhbət olduq.

Şərur rayonunun Xanlıqlar kənd sakini İsa Salmanov 40 ildən artıqdır ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. O, uzun illərdir, torpaqla zəhmət çəkir və bu sahəni özünün əsas dolanışıq mənbəyi hesab edir. 2025-ci ilin payız mövsümündə 30 hektar sahədə taxıl əkini aparıb. Hazırda isə yaz əkininə başlayıb: 3 hektar qarğıdalı, 3 hektar kartof və digər yazlıq bitkilərin becərilməsi ilə məşğuldur.

Təsərrüfatçı qeyd edir ki, əkin sahələrinin suvarma suyunu Arpaçay su anbarının sol sahilindən götürürlər: “Lakin mövcud kanalların dolması, hidrotexniki qurğuların və təzyiqli boru xətlərinin istismar müddətinin başa çatması suvarmada çətinliklər yaradır. Bu isə su itkilərinə səbəb olur və əkinlərin vaxtında, lazımi həcmdə suvarılmasına maneə törədir”.

Onun sözlərinə görə, su təsərrüfatı infrastrukturunun yenilənməsi həm Xanlıqlar kəndində, həm də ümumilikdə, Şərur rayonunda fəaliyyət göstərən təsərrüfatçılar üçün mühüm əhəmiyyət daşıyır: “Qurğuların müasirləşdirilməsi suyun daha səmərəli paylanmasına, itkilərin azalmasına və suvarma prosesinin sabitləşməsinə imkan verəcək. Bu isə, öz növbəsində, məhsuldarlığın artmasına, fermerlərin daha yüksək gəlir əldə etməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına şərait yaradacaq”.

İsa Salmanovun fikrincə, gələcəkdə damcı və yağmurlu suvarma sistemlərinə keçid suya qənaət etməyə və torpaqdan daha səmərəli istifadə etməyə imkan verəcək. O, dövlət tərəfindən kənd təsərrüfatına və su infrastrukturunun yenilənməsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək həyata keçirilən tədbirlərin rayonun inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Zəhra VƏLİYEVA

 

Nəşr edilib : 02.03.2026 12:03