NAXÇIVAN :

09 May 2026, Şənbə

“Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunan yeganə naxçıvanlı hərbçi və pedaqoq – Rəhim Rəhimov

...

Bu gün faşizm üzərində qələbənin 81-ci ildönümü qeyd edilir. Azərbaycan həmin dövrlərdə SSRİ-nin tərkib hissəsinə daxil olduğu üçün almanların ölkə sərhədlərini pozması azərbaycanlıları da narahat edirdi. Müharibə dövrlərində Azərbaycanın müxtəlif regionlarından olan igidlər öz qəhrəmanlıqları və döyüş yolu ilə tarixin şanlı səhifələrinə silinməz izlər qoymuşdur. Onlardan biri isə Naxçıvanın “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş yeganə qəhrəmanı Rəhim Cəfər oğlu Rəhimov idi.
Baş çavuş Rəhimovun döyüş və həyat yolu bu gün də qürur mənbəyi kimi xatırlanmalıdır. Uşaq yaşlarımdan anamın bizə danışdığı xatirələrdə babası Rəhim Rəhimov hafizəmizə qəhrəman kimi yazılmışdı. Onun medalları və ailəsi ilə birgə fotoları evimizin kiçik rəfində, öz yerindədir. Həmişə evimizin rəflərinin birində diqqətlə saxlanılan 3-4 saralmış vərəq diqqətimi çəkirdi. O zamanlar, yəni 1985-ci ildə anam öz babası Rəhim kişi ilə söhbətləşərək onun döyüş yolunu kağızlara qeyd etmişdi... Mən də, öz növbəmdə, Rəhim Rəhimovun nəticəsi olaraq belə bir qəhrəmanın həyat və döyüş yolunu yenidən qələmə almağı özümə borc bildim. 
9 May – faşizm üzərində qələbənin 81-ci ildönümündə Kəngərli rayonunun Təzəkənd kəndindən olan bu igidin adı xüsusi hörmətlə anılır. 15 mart 1920-ci ildə Kəngərli rayonunun Təzəkənd kəndində anadan olan Rəhim Rəhimovun atası Cəfər Kərim oğlu Rəhimov sosialist inqilabına qədər yoxsul kəndli həyatı yaşamış, inqilabdan sonra isə kolxoz sıralarına qoşulmuş, 1939-cu ildə dünyasını dəyişmişdir. Rəhim Rəhimov ibtidai təhsilini Xıncab kəndində başa vurduqdan sonra Cəhri kənd natamam orta məktəbinə daxil olub. Həmin məktəbi 1936-cı ildə əla qiymətlərlə bitirdikdən sonra 1939-1940-cı illərdə Naxçıvan Pedaqoji Texnikumunda təhsilini başa vuraraq öz kəndlərində sinif müəllimi təyin olunub. 1940-cı ildə Naxçıvan Rayon Hərbi Qeydiyyat və Kommisarlıq İdarəsi tərəfindən ordu sıralarına çağırılıb. 1941-ci ildə əvvəlcə İrəvan, sonra isə İranın Xoy şəhərində hərbi xidmət etdikdən sonra Naxçıvan şəhərinə qayıdaraq kiçik komandirlik məktəbində təhsil alıb, “baş çavuş” rütbəsinə yüksəlib.
1942-ci ildə Mozdok ətrafında şiddətli vuruşmalar zamanı sağ qolundan güllə yarası alan baş çavuş Rəhimov hərbi xəstəxanaya yerləşdirilir. Müalicə olunduqdan sonra ehtiyat alayına qayıdaraq oradan yenidən cəbhəyə göndərilib. 
1944-cü ilin yanvar ayında 252-ci qvardiya atıcı alayında almanlarla vuruşmağa başlayıb. Velikiye-Luki şəhərinin alınmasında göstərdiyi şücaətdə üç dəfə yaralandığına görə 1944-cü ilin mart ayında “İgidliyə görə” medalı ilə təltif olunub.  Düşmənə qarşı amansız vuruşmada aldığı yaraya baxmayaraq, Vitebski şəhərinin Olxovniki kəndi yaxınlığındakı düşmənin iki minaatanını və bir çox canlı qüvvəsini öz minaatanı ilə məhv etdikdən sonra 1944-cü il fevralın 10-da xəstəxanaya yerləşdirilmiş, göstərdiyi qəhrəmanlığa görə 1-ci Qvardiya Atıcı Diviziyasının 7/n nömrəli, 12 fevral 1944-cü il tarixli əmri ilə qvardiyanın baş çavuşu Rəhimov III dərəcəli “Şöhrət" ordeninə layiq görülmüşdür. Vitebski şəhəri yaxınlığındakı döyüşdə kontuziya olaraq Kalenin şəhərindəki xəstəxanada müalicə olunduqdan sonra öz bölməsinə qayıda bilmədiyi üçün ordeni təhvil götürə bilməmiş və birbaşa ikinci Pribaltika cəbhəsinə yollanmışdır. 
1945-ci il aprelin əvvəllərində Köniqsberq (indiki Kalininqrad) şəhərinə hücum zamanı o, irəliləyən tüfəngçiləri minaatan atəşi ilə məharətlə dəstəklədi. 8-9 apreldə Köniqsberq ətrafındakı Rozenavu şəhəri uğrunda döyüş zamanı o, düşmənin iki pulemyot mövqeyini və 10-a qədər düşmən əsgərini minaatan atəşi ilə məhv etdi. 9 apreldə Pregel çayından (Köniqsberq yaxınlığında) tüfəng bölmələrinin keçməsi üçün atəş mühafizəsi təmin etdi və pulemyot məntəqəsini məhv etdikdən sonra II dərəcəli “Şöhrət” ordeninə namizəd göstərildi.
Friş-Nerunqda düşmən qrupunu məhv etmək üçün döyüş tapşırığını uğurla yerinə yetirdiyinə və bu zaman göstərdiyi cəsarət və qəhrəmanlığa görə “Qırmızı Bayraq” ordeni ilə təltif edildi. 11-ci Qvardiya Ordusunun 16 may 1945-ci il tarixli (№ 154/n) əmri ilə baş çavuş Rəhim Cəfər oğlu Rəhimov II dərəcəli “Şöhrət” ordeni ilə təltif edildi.  
O, 1945-ci ildə tərxis edilərək öz məmləkətinə qayıtdı. Müharibədən otuz il sonra cəbhə mükafatlarında yol verilmiş səhv, nəhayət, düzəldildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 may 1974-cü il tarixli Fərmanı ilə 12 fevral 1944-cü il tarixli III dərəcəli “Şöhrət” ordeni ilə təltif edilmə əmri ləğv edilərək Rəhim Rəhimov I dərəcəli “Şöhrət” ordeni ilə təltif edildi. Beləliklə də, o, “Şöhrət” ordeninin tam kavaleri oldu. Bundan başqa, 1985-ci il mart ayının 11-də I dərəcəli “Vətən müharibəsi” ordeninə layiq görüldü.
1945-ci il dekabr ayının 25-də ordu sıralarından geri dönərək öz doğma kəndində müəllim işləməyə davam edən Rəhim Rəhimov  pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə həmişə layiqincə çalışmış və dövrünün qabaqcıl müəllimlərindən olmuşdur. Azərbaycan Maarif Nazirliyi Rəhim Rəhimovun əməyini qabaqcıl müəllim kimi qiymətləndirərək onu 1976-cı ildə qabaqcıl “Xalq Maarifi” döş nişanı ilə təltif etmiş, Naxçıvan Maarif Nazirliyi tərəfindən isə 4 dəfə təşəkkürə layiq görülmüşdür. 1985-ci ildə təqaüdə çıxaraq ömrünü doğulub boya-başa çatdığı Təzəkənd kəndində keçirmişdir. Rəhim Rəhimov 2005-ci ilin avqust ayında vəfat etmiş və Kəngərli rayonu, Təzəkənd kəndində dəfn olunmuşdur. 
Bu gün – faşizm üzərində qələbənin 81-ci ildönümündə Rəhim Rəhimovun xatirəsi bizə yalnız keçmişi xatırlatmır, həm də gələcəyə işıq salır. Rəhim Rəhimov kimi qəhrəmanlar ölmür, əksinə, onlar xatirələrdə, medallarda, ailə əfsanələrində və Vətən sevgisində əbədi yaşayırlar.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 09.05.2026 10:00