NAXÇIVAN :

02 May 2026, Şənbə

"Sonsuz misralar" kitabının təqdimat mərasimi keçirilib

...

Şərur Rayon Mədəniyyət Sarayında Vətən müharibəsi şəhidi Elşən Məmmədovun məktəb və kursantlıq illərində qələmə aldığı  şeirlərindən ibarət olan "Sonsuz misralar" adlı kitabının təqdimat mərasimi keçirilib. 
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova çıxış edərək ordumuzun rəşadəti ilə azad olunan torpaqlarımızda aparılan quruculuq işlərindən danışıb, kitab haqqında məlumat verib.
Tədbirdə şəhid ataları Nizami Əliyev, Əli İsmayılov, qazi Əli Əlisoy, Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Binnət Əsədzadə və "Şərq qapısı" qəzetinin məsul katibi Ruhiyyə Rəsulova çıxış ediblər. Bildirilib ki, dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanındadır. Şəhidlərimizin ruhu şaddır, çünki bu gün azad torpaqlara həyat qayıdır. Bütöv Vətənin başı üzərində dalğalanan üçrəngli bayraq hər birimizə qürur bəxş edir.
Tədbirin bədii hissəsində Şərur rayon Danyeri kənd tam orta məktəbinin şagirdlərinin ifasında  şeirlər və mahnılar təqdim edilib. Sonda Şərur şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub. 
Qeyd edək ki, şəhid Elşən Məmmədov Vətən savaşında cəsarət və hünər göstərərək döyüş yolu keçib, 21 oktyabr 2020-ci ildə şəhadət şərbəti içib.

Nəşr edilib : 01.05.2026 10:02