NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Sosial qayğıya ehtiyacı olan uşaqlar qış geyimi ilə təmin edilib

...

Noyabrın 29-da  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimi ilə təmin olunması məqsədilə tədbir keçirilib. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Muxtar respublikada bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənclər kimi formalaşması diqqət mərkəzində saxlanılır. 
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qeyd edib ki, uşaqların sağlam və təhlükəsiz şəraitdə böyüməsi, onların hüquqlarının müdafiəsi və rifahlarının yüksəldilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. 
Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimi ilə təmin edilməsi məqsədilə keçirilən tədbir bu istiqamətdə aparılan işlərin davamıdır. G.Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən uşaqların hüquq və mənafelərinin qorunmasının daim diqqətdə saxlanıldığını bildirib.
Daha sonra uşaqların himayədarlarından Lətif Bağırov, Qəndab Bayramova və Fatma Həmidova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 
Tədbir çərçivəsində uşaqlarla da səmimi söhbət aparılıb, onların fikirləri dinlənilib.
Sonda komitə tərəfindən 46 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, 4 aztəminatlı ailədən olan, ümumilikdə, 50 sosial qayğıya ehtiyacı olan uşağa qış geyimləri təqdim edilib.

Nəşr edilib : 01.12.2025 19:00