NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Sözün keşiyində bir ömür

...

İyulun isti, günəşli bir günündə redaksiyanın pəncərəsindən uzaqlara, zamanın o tayına boylanıram. Masamın üzərində hələ mürəkkəbi tam qurumamış təzə qəzet səhifələri və ömrünü sözün sehrinə, həqiqətin keşiyinə həsr etmiş fədakar bir insanın – Fərəc Fərəcovun “Ömür bir nağıldır” xatirə-romanı var.

22 iyul – Milli mətbuat günü ərəfəsində hər bir jurnalist istər-istəməz öz qələmdaşlarının, peşəkar həmkarlarının keçdiyi şərəfli yolu yada salır. Biz də bu gün Fərəc müəllimin mətbuat tariximizdə açdığı cığırı, qoyduğu dərin izləri xatırlayırıq. Onunla üz-üzə söhbətləşəndə, yaxud yazılarını vərəqləyəndə insanı qəribə, ilıq bir nostalji bürüyür. Zamanın sınağından çıxmış qəzet səhifələrindən boylanan səmimi, bütöv və əyilməz jurnalist ruhunu yaxından hiss edir, onu sanki toxunacaq qədər doğma sayırsan.

Fərəc Fərəcov 1947-ci ildə, Culfa rayonunun Yaycı kəndində dünyaya gəlib. İllər ötdükcə onun qəlbində alovlanan mətbuat sevgisini, bəlkə də, ilk vaxtlar heç kim hiss etmirdi. Amma Yaycı kənd orta məktəbində oxuyarkən hər sayını səbirsizliklə gözlədiyi “Azərbaycan pioneri” qəzeti onun gələcək taleyinin ilk cizgilərini müəyyənləşdirdi. Hələ VII sinif şagirdi ikən məktəbdə keçirilən idman yarışından yazı hazırlayıb redaksiyaya göndərir. Kiçik xəbərin qəzet səhifəsində dərc olunması onun üçün dünyanın ən böyük möcüzəsinə, ən ali mükafatına çevrilir. Məhz həmin an gənc ürəyə düşən o kiçik qığılcım, gələcəyin publisistini yetişdirirdi. Uşaqlıq illərindən ədəbiyyata, sözün estetikasına və poeziyaya maraqgöstərən bu gənc orta məktəbi bitirdikdən sonra 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə başa vurur.

Məzun olduqdan sonra bir müddət Culfa şəhərində müəllimlik etsə də, daxilindəki mətbuat sevgisi və yazıb-yaratmaq eşqi onu rahat buraxmır. Beləcə, 1972-ci ildə “Zəfər” qəzetində şöbə müdiri kimi başladığı çətin, keşməkeşli, lakin şərəfli yol sonradan onu həmin qəzetin baş redaktorluğuna qədər yüksəldir. Lakin onun jurnalistlik taleyinin ən doğma ünvanı “Şərq qapısı” qəzeti olur. Fərəc müəllim 1977-1988-ci illərdə Culfa-Ordubad bölgəsi üzrə qəzetin xüsusi müxbiri, 1997-2000-ci illərdə isə bölgə müxbiri kimi fəaliyyət göstərir. “Şərq qapısı”nı ən böyük arzularının tribunası sayan Fərəc müəllim bu kollektivin üzvü olmasından hər zaman sonsuz qürur duyduğunu bildirir. Ustad publisistə “Əsl jurnalist necə olmalıdır?” sualını ünvanlayanda o, uzun illərin təcrübəsindən süzülüb gələn təmkinlə belə cavab verir: “Əgər jurnalist sevilən, oxunan qələm adamı olmaq istəyirsə, düzlüyü və dürüstlüyü özünün başlıca meyarı saymalıdır. Əsl jurnalist hadisələrə obyektiv yanaşmalı, işində məsuliyyətli olmalı, etik çərçivələri qorumağı bacarmalıdır. Onun ən böyük sevinci oxucularına nəsə qazandırmaq, cəmiyyətə fayda verməkdir. Həqiqətən də, yazılarıma görə aldığım o səmimi oxucu məktubları, minnətdarlıq dolu zənglər ən böyük mükafatım olub. Jurnalist kimi qələmimi hər zaman sadə insanların ömür yolunu, fədakar əməyini və yaşam tərzini imkanım çatdığı qədər işıqlandırmağa həsr etmişəm”.

Fərəc müəllim təkcə yazmırdı, o həm də mətbuatımızın dünəni ilə bu günü arasında möhkəm körpülər salırdı. Yeddi il Naxçıvan Mətbuat Şurasının sədri kimi çiyinlərinə götürdüyü ictimai yükün öhdəsindən layiqincə gəlib. Onun təşəbbüsü və gərgin əməyi sayəsində ərsəyə gələn “Muxtar respublika mətbuatı: dünən və bu gün” və “Jurnalist” kitabları bu gün də gənc qələm sahibləri üçün dəyərli mənbələrdən hesab olunur. Fərəc müəllim məmnunluqla xatırlayır ki, həmin dövrdə bu fundamental nəşrlər aidiyyəti təşkilatlara, xüsusilə də Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə təmənnasız hədiyyə edilirdi. Bu xatirələri bölüşərkən onun gözlərindəki saf peşə sevgisini və səmimi fərəhi aydın görmək olar.

Onun ömrü təkcə redaksiyada, yazı masasının arxasında keçməyib. Elinə-obasına bağlı ziyalı kimi muxtar respublikanın ictimai-siyasi həyatında da daim fəal iştirak edib. Xalqın sonsuz etimadı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kürsüsünə aparıb və o burada da xalqa xidmət missiyasını şərəflə davam etdirib. Fərəc müəllim, eyni zamanda nümunəvi ailə başçısıdır. O, dörd övlad, on nəvə sahibidir.

Fəaliyyəti dövründə çoxsaylı təltiflərə layiq görülən Fərəc müəllim üçün ən əziz mükafatlardan biri 2007-ci ildə Milli mətbuat günü münasibətilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülməsi olub. Həmin unudulmaz günü qürurla xatırlayan Fərəc müəllim deyir: “Fəxri ad almağım münasibətilə təbriklərin ardı-arası kəsilmirdi. Hamı ürək sözlərini bildirir, sevincimi bölüşürdü. Mənimlə bərabər mükafat alan digər qələm dostlarımla da bu böyük uğuru qeyd etdik. Həmin anlar ömrümün ən qiymətli xatirələrinə çevrilib və heç vaxt yadımdan çıxmayacaq”.

Yazıçı-publisist “Culfa şəhidləri”, “Yaycı soyqırımı”, “Yaycı yetirmələri”, “Sən olmasaydın”, “Aydın sabahlar”, “Elə bağlıyam”, “Ömür bir nağıldır”, “Vətən qürurumdur mənim” adlı kitabların müəllifidir. Bu günlərdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Qələbə misraları, yurd tərənnümü” adlı kitabının təqdimatı da keçirilib.

Milli mətbuatımız təkcə keçmişin salnaməsi deyil, həm də gələcəyə uzanan tükənməz işıq yoludur. Fərəc Fərəcov kimi ustad jurnalistlərin, söz fədailərinin uzun illər boyu göstərdikləri təmənnasız xidmət, sarsılmaz iradə və qələmlərinin gücü bu gün də gənc nəslə yol göstərir. Onların yaratdığı zəngin irs, peşəyə sədaqət nümunəsi və həqiqətə bağlılıq Azərbaycan jurnalistikasının ən qiymətli sərvətlərindəndir.

Estafeti qəbul edən yeni nəsil olaraq bizim də başlıca borcumuz ustadlarımızın qoyduğu bu zəngin irsi qorumaq, yaşatmaq və onu yeni uğurlarla daha da zənginləşdirərək gələcək nəsillərə çatdırmaqdır. Çünki sözə sədaqət, həqiqətə xidmət və peşəkarlıq ənənəsi məhz belə ömürlərin işığında yaşayır və davam edir.

Səmayə RƏSULOVA

Nəşr edilib : 22.07.2026 13:02