NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Şuşa Bəyannaməsi: milli, siyasi həmrəylik nümunəsi

...

Prezident İlham Əliyev: “Bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Tarixdə iz qoyan, böyük dəyişikliklər yaradan mühüm tarixi sənədlər imzalanır ki, onun imzalandığı  tarix və ərazi hər zaman böyük əhəmiyyət kəsb edir. Çünki illər sonra gələcək nəsillər bu tarixi və ərazini öyrənərkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edirlər. Bu baxımdan Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 İyun – Milli Qurtuluş Günüdürsə, ikincisi onun Azərbaycanın mədəniyyət paytaxtı olaraq bilinən məkanda – Şuşada imzalanmasıdır. Əgər 32 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını Ümummilli Lider Heydər Əliyev aldısa, illər sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı.

15 iyun 2021-ci il tarixdə imzalanan Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bununla öz zirvəsinə yüksəlib və yeni bir mərhələyə qədəm qoyub.
Bu tarixi sənəd iki qardaş   ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkəmizin regional və beynəlxalq rolunu, çəkisini daha da artırır.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. 
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sənədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraqdoğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. 
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulmuşdur. 
Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modelləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasların keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxil edilmişdir. 
Ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətidə zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri ehtiva edir. 
Ticari-iqtisadi münasibətlərdə yer alan Zəngəzur dəhlizinin açılması həm də  Azərbaycanın tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcəkdir. Bunula bağlı Prezident İlham  Əliyev 2021-ci il may ayının 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”. Ümumilikdə isə işğaldan azad olunan torpaqlarda inşa olunan hər bir yol və gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətə malik hər bir layihə regionun tranzit və logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcəkdir.
Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf edilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndilrilməsi və qarşılıqlı dəstəyin verilməsini nəzərdə tutmuşdur. 
Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsinin vacibliyi xüsusilə vurğulanır. 
Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, türk həmrəyliyinin daha da mökəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməlidir. 
Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. 
Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi, ümumilikdə, regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün Qarabağda böyük sürətlə abadlıq və bərpa işləri gedir. Qarabağa yeni nəfəs gəlir və artıq Şuşa şəhəri uzun illərdən sonra yenidən böyük tədbirlərə, festivallara ev sahibliyi edir. Bunun üçün isə, ilk növbədə, regionda sülhün, sabitliyin bərqərar olması ən vacib amildir. Təsadüfi deyildir ki, cənab Prezidentin 2022-ci il    5 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə 2022-ci il “Şuşa İli” elan edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 6 dekabr tarixli Sərəncamı ilə Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. “Şuşa İli” ilə bağlı verilən Sərəncamda cənab Prezident deyirdi: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr     yazmışdır”.
Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir. Qardaş Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın daha da qüdrətlənməsi üçün əlverişli imkanlar yaradır.
Şübhəsiz ki, tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olub. Bu bəyannamə, eyni zamanda 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərdi. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə Cənubi Qafqazı sülh re­gionuna çevirmək məqsədini qarşıya əsas vəzifə kimi qoydu.

Arzu ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini

 

 

Nəşr edilib : 15.06.2025 10:15