Prezident İlham Əliyevin sosial media hesablarında...
19:54 08.11.2026
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2026, Bazar
8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinin yazıldığı, milli qürur və dövlətçilik iradəsinin təntənəyə çevrildiyi gündür. Bu tarix xalqımız üçün iki mühüm əlamətdar hadisəni, Zəfər Gününü və Şuşa Şəhəri Gününü özündə birləşdirir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin taleyində həlledici mərhələ olmaqla yanaşı, Azərbaycanın hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi yadda qaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla 8 Noyabr – Zəfər Günü elan edildi. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla isə həmin tarix Şuşa Şəhəri Günü kimi təsis olundu. Beləliklə, 8 Noyabr həm Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, həm də Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azadlığının rəmzinə çevrildi.
Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində və milli yaddaşında xüsusi yer tutur. Qarabağın baş tacı adlandırılan bu şəhər əsrlər boyu milli musiqimizin, poeziyamızın, incəsənətimizin və ədəbi düşüncəmizin inkişafına mühüm töhfələr verib. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan kimi görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan Şuşa, eyni zamanda Azərbaycanın zəngin memarlıq irsinin və milli-mənəvi dəyərlərinin qorunduğu məkan olub.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır bir faciə kimi qaldı. İşğal nəticəsində şəhərin tarixi simasına ciddi ziyan vuruldu, mədəniyyət abidələri, muzeylər, məscidlər və digər tarixi-memarlıq nümunələri dağıntılara və vandalizmə məruz qaldı. Şuşanın doğma sakinləri yurd-yuvalarından didərgin düşdülər. Bununla belə, şəhərin azad olunacağına, onun əvvəlki şöhrətinin bərpa ediləcəyinə inam heç vaxt itmədi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Döyüş meydanında əldə olunan uğurlar Azərbaycanın hərbi üstünlüyünü və xalqımızın qələbə əzmini nümayiş etdirdi. Lakin bütün bu nailiyyətlərin içərisində Şuşanın azad edilməsi öz mürəkkəbliyi və strateji əhəmiyyəti ilə xüsusi yer tuturdu.
Dağlıq relyefi, mürəkkəb coğrafi mövqeyi və düşmənin müdafiə istehkamları Şuşanın azad edilməsini son dərəcə çətinləşdirirdi. Azərbaycan əsgərlərinin böyük cəsarət, peşəkarlıq və fədakarlıq nümayiş etdirdiyi əməliyyat nəticəsində şəhər noyabrın 8-də işğaldan azad olundu. Bu qələbə təkcə hərbi baxımdan deyil, həm də mənəvi-psixoloji cəhətdən müharibənin gedişinə həlledici təsir göstərdi.
Prezident İlham Əliyev həmin gün Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək tarixi müjdəni verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” Bu sözlər uzun illər doğma yurdunun həsrəti ilə yaşayan insanların sevincini, xalqımızın qürurunu və Azərbaycan dövlətinin qətiyyətini ifadə edən tarixi çağırışa çevrildi.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son qoyuldu. Ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm mərhələ tamamlandı. Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə xalqımızın tarixi Qələbəsinin möhtəşəm təntənəsi oldu.
Şuşanın azad edilməsindən sonra şəhərdə Azərbaycan Bayrağının ucaldılması, tarixi-mədəni irsin bərpasına başlanılması və mühüm dövlət tədbirlərinin keçirilməsi onun həyatında yeni dövrün başlanğıcını qoydu. 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı şəhərdə Azərbaycan Bayrağı ucaldıldı. Bu hadisə Şuşanın azadlığının və ölkəmizin suverenliyinin həmin torpaqlarda bərqərar olmasının rəmzi kimi yadda qaldı.
Şuşaya aparan yolun bərpası və yenidən qurulması da Böyük Qayıdışın mühüm istiqamətlərindən biri oldu. 2020-ci il noyabrın 16-da təməli qoyulan Füzuli-Şuşa avtomobil yolu qısa müddətdə inşa edilərək “Zəfər yolu” adlandırıldı və 2021-ci il noyabrın 7-də istifadəyə verildi. Bu yol yalnız iki məntəqəni birləşdirən nəqliyyat infrastrukturu deyil, həm də Şuşaya qayıdışın, quruculuğun və yenidən dirçəlişin rəmzlərindən birinə çevrildi.
Azad Şuşanın mədəni həyatının bərpası da diqqət mərkəzində saxlanıldı. 2021-ci ilin mayında “Xarıbülbül” Musiqi Festivalının uzun fasilədən sonra yenidən doğma şəhərdə keçirilməsi milli mədəniyyətimizin dirçəlişinin əlamətdar hadisəsi oldu. Həmin il avqust ayında Vaqif Poeziya Günlərinin bərpası Şuşanın ədəbi-mədəni ənənələrinin yenidən yaşadılmasına xidmət etdi.
Şəhərdə tarixi abidələrin bərpası, mədəniyyət ocaqlarının yenidən qurulması və infrastruktur layihələrinin həyata keçirilməsi ardıcıl xarakter aldı. Vaqifin məqbərəsi bərpa edildi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Mehmandarovların malikanə kompleksi və digər tarixi-memarlıq nümunələri yenidən quruldu. Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəllərinin doğma şəhərə qaytarılması isə Şuşanın mədəni yaddaşının bərpası baxımından xüsusi məna daşıdı.
Şuşanın beynəlxalq miqyasda tanıdılması istiqamətində də mühüm addımlar atıldı. Şəhərin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi onun zəngin tarixi və mədəni irsinə verilən yüksək qiymətin göstəricisi oldu. Şuşada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları və mədəniyyət proqramları şəhərin yenidən regionun mühüm mədəniyyət mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi.
Quruculuq işlərinin əsas məqsədlərindən biri doğma sakinlərin öz yurdlarına qayıdışını təmin etmək idi. 2024-cü il mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışı keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edərək doğma şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Yaşayış evlərinin inşası ilə yanaşı, təhsil, səhiyyə və digər sosial xidmət infrastrukturlarının yaradılması şəhərdə normal həyat şəraitinin bərpasına və sakinlərin doğma yurdda məskunlaşmasına xidmət etdi. Beləliklə, uzun illər həsrətində yaşadıqları doğma şəhərə qayıdan sakinlər Şuşanın yeni tarixinin qurucularına çevrildilər.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpası Qarabağda yeni reallıqlar yaratdı. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişi layihəsinin paraflanması isə regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində mühüm diplomatik mərhələ oldu.
Bu gün Şuşa özünün tarixi simasını bərpa etməklə yanaşı, müasir inkişafın, mədəni dirçəlişin və Böyük Qayıdışın nümunəsinə çevrilir. Burada aparılan bərpa-quruculuq işləri, yenidən keçirilən mədəni tədbirlər, açılan sosial obyektlər və sakinlərin doğma yurda qayıdışı bir həqiqəti təsdiqləyir: Şuşa artıq yalnız azad edilmiş şəhər deyil, Azərbaycanın gələcəyə inamla addımlayan inkişafının mühüm mərkəzlərindən biridir.
8 Noyabrın həm Zəfər Günü, həm də Şuşa Şəhəri Günü kimi qeyd olunması bu iki tarixi hadisənin ayrılmazlığını ifadə edir. Şuşanın azadlığı Vətən müharibəsində qazanılmış Qələbənin zirvəsi, Zəfər Günü isə xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təntənəsidir. Bu gün Şuşada dalğalanan üçrəngli bayrağımız, doğma yurdlarına qayıdan sakinlər və şəhərin yenidən canlanan mədəni həyatı tarixi ədalətin bərpa olunduğunu göstərir.
Şuşadan başlanan Zəfər yolu Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu yolun hər bir mərhələsi dövlətimizin gücünü, xalqımızın iradəsini və milli birliyimizin sarsılmazlığını nümayiş etdirir. Şuşa isə bu Zəfərin həm tarixi ünvanı, həm də gələcək nəsillərə ötürüləcək milli qürur mənbəyidir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər