I Özbəkistan-Azərbaycan parlamentlərarası forumunu...
14:50 01.07.2025
0
0
0
NAXÇIVAN :
01 Iyul 2025, Çərşənbə axşamı
Ümummilli Liderimizin həyatı və zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın inkişafı ilə sıx şəkildə bağlıdır. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Ulu Öndərimiz sosial-iqtisadi böhran keçirən, geridə qalan Azərbaycanı qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdir. 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər, elm, təhsil, səhiyyə, mədəniyyət, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə görülən işlər XX əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etməsinə şərait yaratmışdır. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır.
1969-cu ildə əsası qoyulan dirçəliş və inkişaf strategiyası nəticəsində yaranmış böyük iqtisadi potensial XX əsrin 80-ci illərinin sonundan başlayaraq dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildən sonra yenə bu müdrik insanın böyük iradəsi və səyləri ilə bərpa edildi. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarmışdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz Ümummilli Liderimiz təlatümlər burulğanından xilas etmiş, möhkəm ictimai-siyasi sabitlik yaratmış, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarmışdır. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmayacaqdır.
Ümummilli Lider Heydər Əliyevin mənalı ömrü xalqa xidmət, Vətənə məhəbbət nümunəsidir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqımız öz həqiqi dövlət müstəqilliyinə qovuşmuşdur.
Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başladı, torpaqlarımız işğal edildi, xalqımıza qarşı Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Xalqın əsl xilaskara ehtiyacı olduğu belə bir dövrdə bütün məsuliyyəti çiyinlərinə götürən dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başladı, Azərbaycanın qurtuluş və inkişaf tarixini yazdı. Dahi şəxsiyyət muxtar respublikanın rəhbəri olduğu 1991-1993-cü illərdə xalqımız üçün həyati əhəmiyyət daşıyan mühüm tarixi qərarlar qəbul etmişdir.
Ümummilli Liderimizin 1993-cü il iyunun 15-də respublikamızda ali hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir. Tarixi zərurətdən yaranan bu qayıdışla xalqımız müstəqil dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Ulu Öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğrultdu, ölkə həyatının bütün sahələrində dönüş yarandı, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Azərbaycanda güclü ordu formalaşdı.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə Bakıya qayıdışı elə bir tarixi dövrə təsadüf edirdi ki, Azərbaycanı dövlət müstəqilliyini itirmək kimi sonu görünməyən bir uçurum qarşısında qoymuşdu. Ölkəni bu vəziyyətdən yalnız siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər xilas edə bilərdi. 1993-cü ilin 15 iyununda Milli Məclisin Sədri, həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən görkəmli dövlət xadimi əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün siyasi uğurlarının əsasını təşkil edən, onu 50 milyonluq dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəldən milli dövlətçilik təlimi, Azərbaycançılıq məfkurəsidir.
Ulu Öndər Heydər Əliyevin ömür yolu doğma Vətəninin inkişafına və xalqının rifahına həsr olunmuşdur. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin irsi Azərbaycan xalqının milli sərvətidir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var”, – deyən dahi rəhbərin həyatının mənası da məhz Azərbaycan idi.
Ümummilli Liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirmişdir. Onun ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə almış, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdi.
Ulu Öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmamış, bununla yanaşı, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində də böyük nailiyyətlər qazanılmış, milli oyanışın əsası qoyulmuşdur. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaratmışdır.
1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin əsaslarını hazırlayan, üçrəngli bayrağımızı qaldıran, bu qədim diyarda milli birliyimizin və həmrəyliyimizin əsasını qoyan, ilk milli ordumuzu yaradan Ümummilli Liderin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizə parlaq səhifələr yazmışdır.
Aydın məsələdir ki, sabitlik olmadan heç bir ölkədə siyasi və iqtisadi islahatları aparmaq mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunmuş, irimiqyaslı iqtisadi layihələrin icrasına başlanmışdı. Həmin illərdə Ümummilli Liderimizin işləyib hazırladığı quruculuq xətti qısa zamanda ölkəmizdə ictimai-siyasi sabitliyin təminatına çevrilmiş, Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan, xalqın dəstəyinə arxalanan xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin arzuladığı kimi, Azərbaycan bu gün dünyaya günəş kimi doğmaqdadır. Bu günəşin nüvəsi, əbədi enerji mənbəyi isə dahi şəxsiyyətin həmişəyaşar ideyalarıdır. Ümummilli Liderin parlaq dühası, uzaq gələcəyə hədəflənmiş müdrik siyasəti bundan sonra da müstəqil Azərbaycanımızın bu gününə və gələcəyinə nur saçacaqdır.
Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev yolunun alternativi yoxdur. Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də öz sağlığında xalqın Ümummilli Lideri adını qazanmış dahi şəxsiyyətdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.
“İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi inkişafına xidmət olmuşdur”, – deyən Ulu Öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə səsləyir.
Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etmişdir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi xəttin uğurlu davamının nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbəgün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əldə olunan uğurların Heydər Əliyev yolunun davamı olduğunu bildirərək demişdir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır”.
Ulu Öndər 2003-cü ildə verdiyi xeyir-duası ilə Azərbaycanın sürətlə inkişaf edərək dünya miqyasında layiqli yerini tutacağına, işğal altındakı torpaqlarımızın düşməndən azad olunacağına möhkəm əminlik ifadə etmişdi. Çox keçmədi ki, Ümummilli Liderin fikirləri öz təsdiqini tapdı, yüksək inam, ali etimad özünü doğrultdu. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı.
Bu gün tarix yaradan lider Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Ümummilli Liderimizin işi və əməlləri yaşayır. Müstəqil Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər, böyük zəfərlər Ümummilli Lider Heydər Əliyev dühasının təntənəsidir.
Məhəbbət MİRZƏYEVA
Digər xəbərlər