Azərbaycanın üç güləşçisi Avropa çempionatının fin...
22:15 06.07.2026
0
0
0
NAXÇIVAN :
07 Iyul 2026, Çərşənbə axşamı
Uzun illər işğalın ağrısını yaşayan, küçələri insan nəfəsindən, evləri ocaq istiliyindən məhrum qalan qədim yurd yerlərimiz Azərbaycanın qəlbində daim döyünməyə davam edirdi. Otuz ilə yaxın davam edən həsrət sona çatdıqdan sonra Qarabağ yenidən öz sahiblərinə qovuşdu. Lakin bu qayıdış yalnız hərbi zəfərlə tamamlanmadı, azad edilmiş torpaqlarda yenidən qurulan həyat, keçirilən beynəlxalq tədbirlər və qəbul olunan mühüm siyasi sənədlər Qarabağın yeni tarixini yazmağa başladı. Bu tarixin mühüm səhifələrindən biri isə 2024-cü il iyulun 6-da yazıldı. Həmin gün Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etdi. Azərbaycanın təşəbbüsü ilə keçirilən görüşdə Türk dünyasının liderləri bir araya gələrək regionun gələcəyini, əməkdaşlığın yeni istiqamətlərini və ortaq maraqları müzakirə etdi. Zirvə görüşünün ən mühüm nəticəsi isə Qarabağ Bəyannaməsinin qəbul edilməsi oldu. Qarabağ Bəyannaməsinin əhəmiyyətini yalnız diplomatik sənəd kimi qiymətləndirmək doğru olmaz. Bu sənədin hər sətirində uzun illər doğma yurduna qayıtmağı gözləyən insanların arzuları, işğalın ağrılarını yaşamış ailələrin ümidləri və Azərbaycanın apardığı məqsədyönlü siyasətin nəticələri öz əksini tapdı. Qarabağ artıq münaqişə bölgəsi deyil, quruculuq və əməkdaşlıq məkanı kimi beynəlxalq gündəmdə yer aldı. Otuz bir maddədən ibarət olan bu bəyannamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək bir daha ifadə olunur, regionda davamlı sülhün və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanırdı. Sənəd, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində ortaq iradəsini nümayiş etdirir.
Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənədlərdən biri kimi diqqət çəkirdi. Burada nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal transformasiya, ticarət dövriyyəsinin artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm məsələlər öz əksini tapdı. Bu müddəalar türk dövlətlərinin yalnız tarixi və mədəni köklərlə deyil, həm də ortaq strateji maraqlarla birləşdiyini göstərir. Bəyannamənin Şuşada qəbul olunması isə xüsusi rəmzi məna daşıyır. Çünki Şuşa yalnız bir şəhər deyil, o, Azərbaycan mədəniyyətinin beşiyi, milli yaddaşın daşıyıcısı, muğamın, poeziyanın və sənətin doğulduğu müqəddəs məkanlardan biridir. Vaxtilə işğal altında olan bu şəhərdə Türk dünyasının gələcəyinə dair qərarların qəbul edilməsi tarixin dəyişən axarının ən parlaq nümunələrindən biri kimi qiymətləndirilir.
Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” fikri yenidən öz tarixi anlamına qovuşur. Şuşa bu gün təkcə keçmişin xatirəsi deyil, gələcəyin qurulduğu şəhər kimi formalaşmaqdadır. Burada keçirilən beynəlxalq tədbirlər, mədəni forumlar və siyasi görüşlər Azərbaycanın bu qədim şəhəri yenidən regionun mühüm mərkəzlərindən birinə çevirmək əzmini nümayiş etdirir. Maddələrin arxasında isə konkret həyat dayanır. Bəyannamədə humanitar minatəmizləmə fəaliyyətlərinin əhəmiyyəti vurğulanır, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərinə dəstək ifadə olunur. Sənəddə, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının vacibliyi qeyd edilir. Bu müddəalar Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir. Sənədin diqqətçəkən istiqamətlərindən biri də nəqliyyat və enerji əməkdaşlığı ilə bağlı müddəalar olmuşdu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin inkişafı, “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndirilməsi kimi məsələlər türk dövlətlərinin iqtisadi inteqrasiyasına yeni imkanlar açır. Müasir geosiyasi şəraitdə bu layihələr yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan təşəbbüslər kimi qiymətləndirilir.
Azərbaycan üçün Qarabağ Bəyannaməsi həm də uzun illər davam edən mübarizənin siyasi müstəvidə növbəti təsdiqidir. Bu sənəd göstərir ki, Qarabağda formalaşmış yeni reallıqlar artıq beynəlxalq əməkdaşlıq platformalarının gündəliyində mühüm yer tutur. Azərbaycanın həyata keçirdiyi quruculuq siyasəti, bölgədə yaratdığı inkişaf modeli və sülh təşəbbüsləri Türk dünyası tərəfindən dəstəklənir və təqdir olunur. Bu gün Şuşanın küçələrində yenidən həyat var. Bir zamanlar mərmi səslərinin eşidildiyi məkanlarda uşaqların gülüş səsləri yüksəlir, yeni tikilən evlərdə işıqlar yenidən közərir, yollar gələcəyə doğru daha inamla uzanır. Şuşa artıq işğalın deyil, dirçəlişin, quruculuğun və zəfərin şəhəridir. Qarabağ Bəyannaməsi isə bu dirçəlişin siyasi salnaməsində mühüm yer tutur. Şuşada qəbul olunan bu sənəd Türk dünyasının həmrəyliyinin, Azərbaycanın haqq işinə verilən dəstəyin və regionun gələcəyinə olan inamın ifadəsidir. Tarix bəzən xalqların taleyini döyüş meydanlarında yazır, bəzən isə həmin taleyi möhürləyən sənədlərlə. Qarabağ Bəyannaməsi də məhz belə sənədlərdən biridir – Şuşanın susmadığını, Qarabağın dirçəldiyini və Türk dünyasının bu dirçəlişə ortaq şahidlik etdiyini təsdiqləyən tarixi sənəd...
Rafiq TƏHMƏZ
Digər xəbərlər