Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi ha...
12:08 28.11.2026
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
İki əsrə yaxın müddəti əhatə edən mürəkkəb tarixi proseslər, imperiya maraqları, süni ərazi iddiaları, deportasiyalar, etnik təmizləmə siyasəti və hərbi təcavüz Azərbaycan xalqının taleyində dərin izlər buraxıb. XIX əsrdən başlayaraq Cənubi Qafqazda dəyişdirilən demoqrafik və siyasi reallıqlar, 1905-1907-ci, 1918-ci illərdə baş verən soyqırımlar, 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı genişləndirdiyi təcavüz, 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğalı və Xocalı soyqırımı bu tarixi ədalətsizliyin ən ağır səhifələridir. Bütün bu faciələrə baxmayaraq, Azərbaycan xalqı tarixi torpaqlarından, milli kimliyindən və dövlətçilik iradəsindən imtina etmədi. Qarabağ xalqımız üçün milli yaddaşın, tarixin, mədəniyyətin və Vətən sevgisinin rəmzi olaraq qaldı. Torpaqlarımızın azad edilməsi isə müstəqil Azərbaycanın qarşısında duran ən mühüm strateji hədəfə çevrildi.
Dövlətçilik iradəsi – Zəfərin təməli
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkə siyasi və iqtisadi böhran, daxili qarşıdurmalar və cəbhədə ağır vəziyyətlə üz-üzə idi. Belə bir şəraitdə, ilk növbədə, dövlət müstəqilliyini qorumaq, siyasi sabitliyi təmin etmək və milli maraqları vahid strategiya ətrafında birləşdirmək lazım idi.
Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik kursu, Azərbaycançılıq ideologiyası, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi gələcək Zəfərin əsasını qoydu. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ açdı. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr ölkəmizin iqtisadi və geosiyasi mövqeyini gücləndirdi. Güclü iqtisadiyyat müstəqil siyasətin, müstəqil siyasət isə milli təhlükəsizliyin mühüm təminatına çevrildi.
Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək yeni dövrün tələblərinə uyğun inkişaf etdirildi. Ordu quruculuğu, müasir silah və texnologiyaların alınması, müdafiə sənayesinin inkişafı, hərbi təhsilin təkmilləşdirilməsi və peşəkar hərbçilərin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən oldu. Prezident İlham Əliyevin 2024-cü il mayın 10-da Şuşada səsləndirdiyi “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq” fikri 2020-ci il Zəfərinin arxasında dayanan uzunmüddətli strategiyanı aydın ifadə edir. Bu hazırlıq yalnız hərbi sahəni deyil, iqtisadiyyatı, diplomatiyanı və beynəlxalq mövqelərin möhkəmləndirilməsini də əhatə edirdi.
Vətən müharibəsi – tarixin dəyişdiyi günlər
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə xalqımızın çoxillik torpaq həsrətinə son qoyacaq tarixi mübarizə başladı. Bu, sadəcə, hərbi əməliyyatlar deyil, ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması və doğma yurdlarından didərgin düşmüş insanların qayıdışı uğrunda ümumxalq mübarizəsi idi.
Azərbaycan Ordusu qısa müddətdə düşmənin illərlə qurduğu müdafiə istehkamlarını yararaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər istiqamətlərdə mühüm uğurlar qazandı. Hər azad edilən yaşayış məntəqəsi xalqımızın qələbəyə inamını daha da artırırdı. Cəbhədən gələn hər müjdə ölkənin bütün bölgələrində böyük sevinc və qürurla qarşılanırdı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin ən möhtəşəm hadisəsi oldu. Mürəkkəb dağ relyefi, sıldırım qayalar və düşmənin müdafiə mövqeləri Azərbaycan hərbçilərinin peşəkarlığı və qəhrəmanlığı qarşısında aciz qaldı. Şuşanın azadlığı yalnız hərbi qələbə deyil, milli-mənəvi yaddaşımızın, tarixi ədalətin və milli qürurumuzun təntənəsi idi. Həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində tarixi xəbəri bəyan etdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”
Dövlət başçısının “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözləri isə dövlətçilik varisliyinin və illərlə qarşıya qoyulmuş milli hədəfin gerçəkləşməsinin ifadəsinə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin olundu. Beləliklə, döyüş meydanında qazanılan qələbə siyasi nəticələrlə tamamlandı.
Tarixi Zəfərin mühüm dayaqlarından biri də xalqın birliyi idi. Müharibənin ilk günlərindən bütün Azərbaycan vahid amal ətrafında birləşdi. Prezident İlham Əliyevin “Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq” fikri həmin həmrəyliyin rəmzinə çevrildi. “Dəmir yumruq” ifadəsi xalqın iradəsini, dövlətlə cəmiyyətin birliyini və milli həmrəyliyi təcəssüm etdirdi. Bu birlikdə hərbçilərin döyüş əzmi, şəhid ailələrinin dözümü, qazilərin fədakarlığı, anaların duası və milyonlarla insanın Vətən sevgisi birləşirdi.
Vətən müharibəsi informasiya və diplomatiya müstəvisində də ciddi sınaq oldu. Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq informasiya məkanında öz haqqını müdafiə etdi.
Qələbənin qəhrəmanları – Müzəffər Komandanın əmrinə müntəzir Azərbaycan zabiti və əsgəri
44 günlük müharibənin əsas qəhrəmanları torpaqlarımızı canları və sağlamlıqları bahasına azad edən şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimizdir. Müasir müharibələrdə hərbi texnologiyalar və silah sistemləri mühüm rol oynasa da, qələbəni təmin edən əsas qüvvə Azərbaycan hərbçisinin iradəsi, peşəkarlığı və Vətən sevgisi idi. Prezident İlham Əliyevin 2024-cü il mayın 10-da Şuşada söylədiyi “Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq” fikri bu həqiqəti dolğun ifadə edir.
Müharibə dövlət müstəqilliyi dövründə yetişən gənc nəslin vətənpərvərlik ruhunu, milli dəyərlərə bağlılığını və Vətən qarşısında məsuliyyətini də nümayiş etdirdi. Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan da bu qəhrəmanlıq salnaməsinə öz töhfəsini verdi. Muxtar respublikanın mərd oğulları müxtəlif döyüş istiqamətlərində iştirak edərək şücaət göstərdilər. Onların qəhrəmanlığı ümumxalq Zəfər tariximizin ayrılmaz hissəsidir.
Zəfərdən sülhə – tam suverenlik və yeni reallıqlar
2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olsa da, ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması üçün qarşıda mühüm vəzifələr qalırdı. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində bərpa etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü və konstitusiya quruluşunun təmin olunması istiqamətində tarixi mərhələ tamamlandı.
Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sülh və əməkdaşlıq perspektivlərini də gündəmə gətirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan razılaşmalar bu prosesin mühüm mərhələsi oldu. Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Birgə Bəyannamə imzalandı, sülh sazişinin mətni paraflandı. Bu razılaşmalar regionda uzunmüddətli sülhün, nəqliyyat-kommunikasiya əlaqələrinin və iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar açdı.
Azərbaycanın əsas məqsədi qazandığı tarixi nailiyyətləri qorumaqla regionda təhlükəsiz və sabit mühitin formalaşmasına töhfə verməkdir. Bu baxımdan, Naxçıvanın geosiyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının genişlənməsi, Zəngəzur istiqamətində kommunikasiyaların inkişafı muxtar respublikanın uzun illər üzləşdiyi blokada məhdudiyyətlərinin aradan qaldırılması və ölkəmizin beynəlxalq logistika imkanlarının genişləndirilməsi baxımından mühüm perspektivlər yaradır.
Böyük Qayıdış – Zəfərin quruculuq salnaməsi
Zəfərin əsl təntənəsi azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasında, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışında özünü göstərir. Çünki torpağı azad etmək qədər onu yenidən qurmaq, yaşatmaq və gələcək nəsillərə abad şəkildə ötürmək də böyük məsuliyyətdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı quruculuq mərhələsini yaşayır. Yeni yollar, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər və sosial infrastruktur obyektləri tikilir. İqtisadi fəaliyyətin bərpası, sahibkarlığın təşviqi və yeni iş yerlərinin yaradılması Böyük Qayıdışın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2026-cı ildə Şuşanın Böyük Qaladərəsi kəndində söylədiyi “Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək – ancaq bunu güclü dövlət edə bilər” fikri aparılan quruculuq işlərinin miqyasını ifadə edir.
Otuz il doğma yurd həsrəti ilə yaşayan ailələrin evlərinə qayıtması, uşaqların öz kəndlərində məktəbə getməsi, torpaqların yenidən əkilib-becərilməsi Zəfərin ən real nəticələridir. Bununla yanaşı, minalardan təmizləmə, təhlükəsizliyin təmin olunması və dayanıqlı məşğulluq imkanlarının yaradılması uzunmüddətli fəaliyyət tələb edir. Böyük Qayıdış, əslində, bütöv bir regionun iqtisadi, sosial və mədəni həyatının yenidən dirçəldilməsidir. Vətən müharibəsindəki möhtəşəm Qələbə uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun, milli həmrəyliyin və Azərbaycan əsgərinin qəhrəmanlığının məntiqi nəticəsi idi.
Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməlləri Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi nəticələrlə tamamlandı. Artıq Zəfərimizin altıncı ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Bu müddətdə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Azad edilmiş ərazilərdə quruculuq işləri davam edir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, ölkəmizin regional və beynəlxalq mövqeləri möhkəmlənir. Zəfərin ən böyük dərsi isə budur: güclü dövlət, milli birlik və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən mürəkkəb məqsədləri belə gerçəkləşdirə bilər.
Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə yazılan bu tarix xalqımızın yaddaşında əbədi yaşayacaq. Şuşada dalğalanan üçrəngli bayrağımız, Qarabağda yenidən qurulan həyat və doğma yurdlarına qayıdan insanların sevinci 44 günlük mübarizənin ən böyük mənəvi nəticəsidir. Zəfər artıq yalnız keçmişimizin qürurverici səhifəsi deyil, həm də gələcəyimizin məsuliyyətini müəyyənləşdirən milli iradə nümunəsidir.
Xəzəngül ORUCOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər