NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Tarixin axışını onların qəhrəmanlığı dəyişdi

...

Onlar bizim qürurumuz, fərəhimiz, kədərimiz, sevinc göz yaşımız oldular. Vətən savaşının igidləri onlardan öncə nahaq yerə tökülən qanın, illərdir, düşmən tapdağında qalan torpağın qisasını aldılar. Onlardan biridir qədim Naxçıvanın Əlincəsi ilə dillərə dastan olan Culfa elinin igid oğlu Amin Gülməmmədov.
“Amin rayonun Saltaq kəndində dünyaya göz açmışdı. Onun ən böyük arzusu hərbçi olmaq, Vətənin müdafiəsində dayanıb şərəfli bir ad daşımaq idi. Qohumlarının arasında bir neçə hərbçinin olması onda bu sənətə böyük sevgi yaratmışdı”, – deyir Aminin atası Mais Gülməmmədov.
Təsadüfi deyil ki, məktəbdə ən çox sevdiyi dərs də Gənclərin çağırışa qədər hazırlığı idi. Arzusunun yerinə yetməsi üçün bütün günü çalışırdı. Onu Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə aparan istək də bu idi. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu,  2017-ci ildə təhsilini tamamlayaraq  Azərbaycan Respublikasının Silahlı Qüvvələrində leytenant rütbəsində xidmətə başlayıb. Şəhidimizin atası qeyd edir ki, Amin nizam-intizamı ilə seçildiyinə, qüsursuz xidmətinə görə üç il sonra baş leytenant rütbəsini alıb. O, cəbhə bölgəsi olan Füzuli rayonunda yerləşən “N” hərbi hissədə qulluq edib və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanılan əks-hücum əməliyyatında qəhrəman əsgər və zabitlərimizin sırasında yer alıb, torpaqlarımızın düşmən işğalından xilas edilməsi üçün gərgin keçən döyüşlərdə iştirak edib. Amin Füzuli rayonunun Aşağı və Yuxarı Əbdürrəhmanlı, Yuxarı Seyidəhmədli kəndlərinin azad olunmasında xüsusi şücaət göstərən zabitlərimizdən biri idi. O, Xocavənd rayonunun Böyük Tağlar kəndi istiqamətində qəhrəmancasına şəhid olub öz qanı ilə can verdi illərdir, düşmən tapdağında susuz qalıb cadar-cadar olan torpaqlarımıza  şəhidlik şərbəti içib, adını bu Vətənin daşına torpağına öz qanı ilə yazdı.  O, Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident, Müzəffər Ali Baş Komandan       İlham Əliyevin müvafiq Sərəncamı ilə “Cəsur döyüşçü”, “Vətənə xidmətə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Yurdumuzun igid  oğlu döyüş yoldaşlarının xatirəsində də qəhrəman oğul, səmimi dost kimi qalıb.  Vətən müharibəsinin könüllü döyüşçüsü, sağlamlığını Vətən torpağının azad edilməsi yolunda itirən Vahid İmanlı öz taqım komandirini belə xatırlayır: “Amin peşəkar hərbçi, çox qoçaq oğlan idi.  Onunla Füzuli rayonunun Əbdürrəhmanlı kəndində tanış olmuşduq. Könüllü döyüşçü idim.  O bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Döyüşdə də əsl qəhrəmanlar kimi şücaət göstərdi. Gənc olmasına baxmayaraq, çox təcrübəli idi. Çox mehriban, səmimi bir insan olmaqla yanaşı, həm də ürəyi Vətən sevdalı bir insan idi. Öz ovunun üstünə atılmağa hazır olan bir qartal kimi idi. Mən onu daim yaddaşımda əziz bir qardaş kimi saxlayıram. Müharibədə ağır yaralanıb aylarla koma vəziyyətində qaldıqdan sonra ayılanda yerimək qabiliyyətimi itirdiyimi öyrənəndə ilk olaraq döyüş yoldaşlarımdan kimin sağ qalıb, kimin şəhidlik şərbəti içdiyi ilə maraqlanırdım. Həmin vaxtlarda  sosial şəbəkələrdən birində taqım komandirimin  fotosunu gördüm və onun şəhidlik zirvəsinə ucaldığını öyrəndim. “Sənin yolun bundan başqa ola bilməzdi, çünki sən bir ovuc torpaq  azad olsun deyə and içənlərdən idin”, – dedim. Və silahdaşımın atasının telefon nömrəsini tapıb qəhrəman oğul böyüdən Mais ata ilə tanış oldum. İntizar anaya oğlunun son anlarından danışdım. Bir ananın oğul həsrəti ilə yanan ürəyi, bəlkə, onun qəhrəmanlığı haqqında eşitdiyi sözlərlə bir az rahatlıq tapar deyə”. 
Müsahiblərimlə həmsöhbət olduqda  həmin tarixi – igid Aminimizin qədim yurdumuza üçrəngli bayrağa sarılıb  “gəldiyi” tarixi – 28 dekabr 2020-ci ili, Naxçıvan Beynəlxalq Hava Limanından başlayıb Culfa rayonunun Saltaq kəndinə yol alan maşın karvanını, insanın iliyinə işləyən sərt şaxta olmasına baxmayaraq, yol kənarlarına çıxıb övladını qarşılayan naxçıvanlıları xatırlayıram. Və öz-özümə deyirəm: “Bu xalq heç vaxt öz qəhrəman oğullarını unutmayacaq. Hər  yaz Şuşada xarıbülbül açanda, hər qış uşaqlar Xocalıya yağan qarı sevinclə qarşılayanda, Həkəri gur axanda, Ağdamın çırağı yananda siz yada düşəcəksiniz. Çünki sizlər bizim sülh göyərçinlərimiz oldunuz, unudulmaz Vətən oğulları!”

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 19.10.2025 15:15