İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
Əlində telefon olmayan birini tapmaq bu gün, demək olar ki, mümkünsüzdür. Avtobusda, parkda, məktəbdə, evdə – hər yerdə insanların gözləri ekrana zillənmiş vəziyyətdədir. Bir vaxtlar zəng etmək və mesaj yazmaq üçün istifadə etdiyimiz bu kiçik cihazlar indi həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Burada sual yaranır: telefonlar bizi idarə edir, yoxsa biz onları?
Son illərdə texnologiyanın sürətli inkişafı günün reallığıdır. Mobil telefonlar “ağıllanmağa” başlayıb, insanlar isə buna daha çox bağlanıb. Sosial media, oyunlar, bildirişlər, süni intellekt – bütün bunlar istifadəçini ekran qarşısında daha çox saxlamaq üçün xüsusi dizayn olunub. Gün ərzində insan telefonuna 100 dəfədən çox baxır. Bu, vərdişdir, hətta bəzən asılılıqdır.
Bir çoxları deyə bilər ki, mən istədiyim zaman telefonuma baxıram, bu mənim seçimimdir. Sosial media platformaları və tətbiqlər insan beyninin zəif nöqtələrini bilir və daim bizi yeni bildirişlərə, rəylərə, bəyənmələrə cəlb edir. Beyin isə bu cəlbedici siqnallara mükafat kimi baxır. Nəticədə, telefon gündəlik ehtiyacdan çıxıb, beynimizin idarəedici pultuna çevrilir.
Ən böyük təsir isə gənclər, yeniyetmələr və uşaqlar üzərindədir. Onların şəxsiyyət kimi formalaşması dövründə sosial medianın yaratdığı saxta reallıq, “bəyənilmək” uğrunda mübarizə və davamlı müqayisə hissi psixoloji gərginliyə səbəb olur. Telefonsuz qalmaq onlarda həyəcan, hətta panikaya gətirib çıxarır. Uşaqlar isə real həyatla virtual dünya arasında sərhədi çox zaman ayıra bilmirlər. Onlar təxəyyül oyunu oynamaq yerinə “YouTube”dan cizgi film izləməyi üstün tuturlar. Bəs bu vəziyyət uzunmüddətli perspektivdə nələri dəyişəcək? Bu artıq istifadə deyil, idarə olunmaqdır.
Əlbəttə, texnologiyanı həyatımızdan çıxarmaq nə mümkün, nə də məntiqlidir. Lakin texnologiyadan istifadə etməyi yox, onu idarə etməyi öyrənməliyik. Telefonlar bizim köməkçimiz olmalıdır, rəhbərimiz yox. Bunun qarşısını almaq və texnologiya asılılığından qurtulmaq üçün günün müəyyən saatlarını ekransız keçirməyə çalışmalıyıq, sosial media bildirişlərini minimuma endirərək telefonu gündəlik planlaşdırma vasitəsi kimi yox, mənbə kimi istifadə etmək məqsədəuyğun ola bilər. Ailə içində “Telefonu yerə qoy, bir-birimizlə danışaq” qaydasını tətbiq etmək vaxtı çatıb artıq.
Əgər biz telefonlara yalnız lazım olduqda baxırıqsa, bu o deməkdir ki, biz onları idarə edirik. Əgər onlar bizə daim “Məni yoxla” deyə siqnallar göndərir və biz buna cavab veririksə, deməli, onlar bizi idarə edir. Qərar bizimdir – dünyanı ekrandan yox, real həyatdan izləmək vaxtı çoxdan çatıb. Bu yazının sonunda telefona yox, özünüzə baxın. Unutmayaq ki, əşyalar insana xidmət etməlidir, insan əşyalara yox.
Əhməd ƏHMƏDOV
Digər xəbərlər