Azərbaycan və Latviya prezidentlərinin geniş tərki...
12:37 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Son illərdə Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni geosiyasi reallıqlar bəzi dövlətlərin destruktiv siyasətinin daha açıq və təhlükəli formada təzahür etməsinə səbəb olmuşdur. Regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atan Azərbaycan Respublikasına qarşı müxtəlif formalarda təzyiq və təxribat cəhdlərinin müşahidə olunması bu prosesin təsadüfi olmadığını göstərir. Bu baxımdan, 2026-cı il martın 5-də İran İslam Respublikasının ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş hücum da məhz bu destruktiv siyasətin növbəti və son dərəcə təhlükəli təzahürü kimi bir neçə istiqamətdə qiymətləndirilməlidir.
Təxribatın mərkəzində Zəngəzur dəhlizi amili dayanır
Hər şeydən öncə, Naxçıvan Muxtar Respublikasının mülki obyektlərinin, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanının pilotsuz uçuş aparatları ilə hədəfə alınması beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə hörmət və mülki əhalinin təhlükəsizliyinin qorunması kimi əsas normalara açıq şəkildə ziddir. İran tərəfindən həyata keçirilmiş bu əməl regionda yeni müharibə ocağı yaradaraq sabitliyi və təhlükəsizliyi sarsıtmağa yönəlmiş daha geniş strateji hesablamaların tərkib hissəsidir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, hücumun məhz Naxçıvan istiqamətində həyata keçirilməsi regionun geosiyasi xəritəsində mühüm strateji mövqeyə malik olan bu ərazinin təsadüfən seçilmədiyini, əksinə, bu cinayətkar əməlin Naxçıvanın hava qapısını və mülki infrastrukturunu iflic etmək və dinc əhali arasında xof yaratmaq məqsədi daşıyan xain bir diversiya olduğunu birmənalı şəkildə sübut edir. Məhz bu baxımdan, martın 5-də baş vermiş hadisə regionun siyasi gələcəyinə yönəlmiş açıq təhdid kimi qiymətləndirilməlidir.
Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının və nəqliyyat-kommunikasiya layihələrinin formalaşdığı bir dövrdə bu cür addımlar regionda sabitliyə qarşı yönəlmiş siyasi iradənin mövcudluğunu istisna etmir, əksinə, açıq şəkildə nümayiş etdirir. Məqsəd aydındır: Zəngəzur dəhlizinin açılmasına istər Azərbaycanı münaqişəyə cəlb etməklə, istərsə də regionda yeni müharibə ocaqları yaratmaqla maneə törətmək, Naxçıvanın blokadasını saxlamaq və Azərbaycanın qlobal logistik qovşağa çevrilməsinin qarşısını almaq. Bu baxımdan, Naxçıvanda baş vermiş terror aktı son 5 il ərzində rəsmi İran tərəfindən Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı məsələlərə olan məkirli münasibətin – sərhəd ərazilərdə keçirilən hərbi təlimlərin, Ermənistanın sülh danışıqlarından uzaqlaşdırılması ilə bağlı atdığı manipulyativ addımların, 2022-ci ilin noyabr ayında Qafan şəhərində İranın Baş Konsulluq binasının açılmasının, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə qarşı olan terror hücumunun və SEPAH rəsmiləri tərəfindən vaxtaşırı verilən hədə-qorxu bəyanatların məntiqi davamı və kuliminasiya nöqtəsidir.
İranın regional siyasətinin standartları: xəyanət və nankorluq
İranın regiondakı siyasəti uzun illərdir, ikili standartların simvoluna çevrilmişdir. Rəsmi Tehran daim qonşularla əməkdaşlıq və qarşılıqlı hörmət ritorikasını təbliğ etsə də, faktiki hərəkətləri bu bəyanatların tam əksini nümayiş etdirir. Tarixi kontekstə baxdıqda görə bilirik ki, İran hələ 14 il öncə, 2012-ci il Naxçıvan Bəyanatının Azərbaycanın, Türkiyənin və İranın terrorizmə qarşı əməkdaşlıq və ərazilərin düşmənçilik məqsədilə istifadə olunmaması öhdəliklərini birmənalı təsdiqləyirdi. 15 bənddən ibarət bəyanatın 4-cü və 5-ci müddəalarında deyilirdi:
4. Tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə edirlər.
5. Tərəflər terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və qanunsuz silah alveri, həmçinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklər.
Bu bir daha göstərir ki, İran regional öhdəliklərini qəti şəkildə tapdalayaraq öz ərazisindən düşmənçilik yarada biləcək fəaliyyətə yol verir və terror aktını dövlət səviyyəsində həyata keçirir.
Məsələnin digər bir detalı isə humanizmə verilən xəyanətkar cavabdır. Belə ki, İranın xarici işlər nazirinin müavini rəsmi Bakıya müraciət edərək Livanda çarəsiz vəziyyətdə qalmış səfirlik əməkdaşlarının təxliyəsi üçün kömək istədikdə Azərbaycan dövləti heç bir tərəddüd etmədən dərhal humanitar dəstək göstərməyə qərar vermişdir. Hətta qarşı tərəfin bu xidmət müqabilində ödəniş etmək təklifinə baxmayaraq, Azərbaycan lideri “Dar gündə kömək etməyəcəyiksə, bəs nə vaxt etməliyik?” prinsipi ilə hərəkət edərək bu yardımı təmənnasız həyata keçirmək üçün xüsusi təyyarə ayrılması barədə dərhal göstəriş vermişdir. Lakin bu ali insani jestin, göstərilən logistik və mənəvi dəstəyin müqabilində Naxçıvana – mülki hədəflərə qarşı endirilən xain zərbə, sadəcə, bir hərbi təcavüz deyil, həm də mənəvi iflasın və siyasi nankorluğun ən aşkar göstəricisidir. Bir tərəfdən ən kritik anda humanitar yardım dilənib, digər tərəfdən isə həmin yardımı göstərən ölkənin dinc sakinlərinə, hava limanına və məktəblərinə dronlarla hücum etmək nəinki beynəlxalq hüquqa, hətta elementar bəşəri əxlaq normalarına və qonşuluq etikasına sığmayan çirkin bir hərəkətdir. Bu cür namərdcə və nakişi kimi həyata keçirilən provokasiya rəsmi Tehranın siyasi simasında silinməz bir qara ləkə kimi qalacaqdır.
Daha bir xəyanət və riyakarlıqla dolu məqam isə İranın Müdafiə və Xarici İşlər nazirliklərinin hadisəyə ilkin reaksiyaları və ört-basdır cəhdləridir. Beynəlxalq öhdəliklərdən yayınmaq niyyətini aşkar bəyan edən bu rejimin hərbi qanadı mülki hədəflərə PUA-larla zərbə endirərkən diplomatik korpusun “Məlumatımız yoxdur” və ya qeyri-müəyyən bəhanələr arxasında gizlənməsi riyakarlığın ən bariz nümunəsidir. Rejimin həqiqəti təhrif etmə cəhdləri, əslində, Azərbaycanın suverenliyinə qarşı törədilmiş bu terror aktının planlı xarakter daşıdığını və rəsmi Tehranın beynəlxalq hüquq qarşısında cavabdehlikdən qaçmaq istəyini bütün çılpaqlığı ilə üzə çıxarır. Bu cür riyakar mövqe həm də ondan xəbər verir ki, İranın dövlət strukturları arasındakı “ziddiyyət” görüntüsü, əslində, məsuliyyətdən yayınmaq üçün hazırlanmış süni bir pərdədir. Baş vermiş terrorun miqyası və hədəf seçimi qarşısında bu cür bəsit və məntiqsiz ört-basdır cəhdləri yalnız Tehranın beynəlxalq arenadakı diplomatik iflasını və siyasi nankorluğunu daha da dərinləşdirir.
Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir
Naxçıvanda törədilən mülki terror aktının və Tehranın nümayiş etdirdiyi aqressiyanın dərinliyində yatan əsas psixoloji və siyasi səbəblərdən biri də məhz qorxudur. Bu qorxunun təməlini cənab Prezidentin də xüsusi vurğuladığı “Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir” strateji reallığı təşkil edir. Azərbaycanın son illərdəki tarixi zəfərləri, iqtisadi-hərbi qüdrətinin artması və regionda əsas güc mərkəzinə çevrilməsi İranda yaşayan on milyonlarla soydaşımızın milli şüurunda güclü bir intibah yaradıb. Rəsmi Bakı artıq, sadəcə, öz coğrafi sərhədləri çərçivəsinə sığan bir dövlət deyil, o, milli mənsubiyyətindən asılı olmayaraq, bütöv bir xalqın mənəvi hamisi və əsas cazibə mərkəzidir. Tehran rejimini geosiyasi panikaya salan və aqressivləşdirən də məhz bu sarsılmaz mənəvi bağ və müstəqil Azərbaycanın cənubdakı soydaşlarımız üçün real bir “ümid limanına” çevrilməsidir.
İranın məhz mülki infrastrukturu – hava limanını və məktəbi hədəf seçməkdə gizli məqsədlərindən biri də regionda xaos yaradaraq Azərbaycanı “təhlükəli və qeyri-sabit zona” kimi qələmə verməkdir. Bununla onlar İrandakı soydaşlarımızın tarixi Vətənə olan mənəvi diqqətini və Bakının cazibə qüvvəsini zəiflətməyə çalışırlar. Lakin dövlət terrorizminə söykənən bu cür namərd hücumlar tamamilə əks effekt verir. Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqe, uğurlu dövlət modeli və hər an hərəkətə keçməyə hazır olan “dəmir yumruq” iradəsi İrandakı soydaşlarımıza bir daha sübut edir ki, onların arxasında hər cür təhdidə sinə gərməyi bacaran qüdrətli bir dövlət dayanır. Heç bir hərbi təxribat, heç bir dron hücumu və ya medianın apardığı şər-böhtan kampaniyası bu tarixi “ümid yeri” faktorunu sarsıda bilməz. Əksinə, hər bir təhdid qarşısında Azərbaycan öz qüdrəti, qətiyyəti və barışmaz iradəsi ilə bütün azərbaycanlılar üçün sarsılmaz bir qala olduğunu yenidən təsdiqləyir.
İstənilən bəd qüvvə onlara qarşı bizim “dəmir yumruğ”umuzu görəcək
Bu xain hücum və Tehranın riyakar ört-basdır cəhdləri qarşısında Azərbaycan dövlətinin cavabı qəti, sarsılmaz və birmənalıdır: istənilən bəd qüvvə onlara qarşı bizim “dəmir yumruğ”umuzu görəcək. O “dəmir yumruq” ki Azərbaycanın milli təhlükəsizlik fəlsəfəsinin onurğa sütununu təşkil edən, hərbi-strateji düşüncəmizin və sarsılmaz dövlət iradəmizin simvoluna çevrilmiş real bir doktrinadır. Məhz bu doktrina 44 günlük Vətən müharibəsində praktik sınaqdan keçərək öz qüdrətini bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan dövlətinin strateji səbrinin dəqiq ölçülən sərhədləri var. Bu sərhəd aşılarkən dövlətimiz öz tarixi haqlarını bərpa etmək üçün tərəddüd etmədən hərəkətə keçir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “Dəmir yumruq yerindədir” xəbərdarlığı artıq təkcə müharibə dövrünün zəfər şüarı deyil, regional təhlükəsizlik balansını tənzimləyən fundamental bir siyasi sabitlik zəmanətidir.
Naxçıvanda mülki əhalini hədəf alanlar, regionda sabitliyi sarsıtmaq üçün terror metodlarına əl atan və Zəngəzur dəhlizinin açılmasından geosiyasi panika keçirən dairələr anlamalıdırlar ki, Azərbaycanın suverenliyinə uzanan hər bir əl, haradan gəlməsindən asılı olmayaraq, həmin “dəmir yumruq” tərəfindən yerindəcə əziləcəkdir. Bu heç bir halda emosional bir ritorika deyil, necə ki heç bir zaman da belə olmayıb, bu, dövlətin bütün güc strukturlarının “bir nömrəli” hazırlıq vəziyyətini, preventiv təhlükəsizlik tədbirlərini və qətiyyətli hərbi-siyasi iradəni ehtiva edən real fəaliyyət planıdır. Azərbaycan heç vaxt təcavüzkar siyasət yürütməsə də, ona qarşı yaradılan hər bir təhlükəyə dərhal və adekvat cavab vermək iqtidarındadır. Regional sabitliyə qəsd edən, Azərbaycanın humanitar və sülhpərvər siyasətini zəiflik kimi yozmağa çalışan bəd qüvvələr üçün “dəmir yumruq” artıq keçmişin deyil, gələcək təhdidlərin qarşısını alan canlı bir cəza mexanizmidir. Heç bir dövlət terroru, heç bir xain diversiya və heç bir regional manipulyasiya Azərbaycan xalqının iradəsini və dövlətin sarsılmaz gücünü sarsıda bilməz, əksinə, hər bir təxribat bu “dəmir yumruğ”un daha da bərkiməsinə və düşmənə qarşı daha kəskin zərbəyə çevrilməsinə yol açacaqdır. Unutmamaq lazımdır ki, Azərbaycanın strateji səbrini yanlış qiymətləndirmək tarixi səhvdir, çünki bu səbrin bitdiyi nöqtə dövlətimizin gücünü sınağa çəkməyə çalışanların siyasi və hərbi iflasının başlanğıc nöqtəsidir.
Nəticə etibarilə, 2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına qarşı törədilmiş terror aktı yalnız mülki infrastruktura yönəlmiş hərbi təcavüz deyil, iflasa uğramış regional siyasətin və rəsmi Tehranın dərinləşən geosiyasi rəzilliyinin bariz təzahürüdür. Bu təxribat bir daha birmənalı şəkildə sübut edir ki, Azərbaycanın qlobal logistik və nəqliyyat qovşağına çevrilməsi, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması istiqamətindəki qətiyyəti və regionda davamlı sülhün bərqərar olması Cənubi Qafqazda xaosdan qidalanan xarici qüvvələrin, xüsusən də İranın riyakar maraqlarına sarsıdıcı zərbə vurur. Lakin tarix və regionda formalaşmış yeni reallıqlar diktə edir ki, heç bir kənar təhdid, xain diversiya və ya dövlət terroru cəhdi Azərbaycan Respublikasını müstəqil, milli maraqlara söykənən strateji hədəflərindən zərrə qədər də yayındıra bilməz. Cənubi Qafqazın şəksiz hərbi-siyasi lideri olan Azərbaycan bu gün həm iqtisadi, həm də mənəvi baxımdan əvvəlki dövrlərdən qat-qat güclüdür və cənubdakı on milyonlarla soydaşımız daxil olmaqla bütün dünya azərbaycanlılarının sarsılmaz ümid qapısıdır. Suverenliyimizə, mülki vətəndaşlarımıza və sülh prosesinə yönəlmiş istənilən qəsd dövlətimizin birmənalı, ən sərt və adekvat reaksiyası ilə qarşılaşacaqdır. Cənab Prezidentin nümayiş etdirdiyi əyilməz iradə və Azərbaycan Ordusunun yenilməz gücü sülhə qənim kəsilən bütün destruktiv dairələr üçün açıq xəbərdarlıqdır: “dəmir yumruq” daima yerindədir. Bu dəyişməz həqiqətlə hesablaşmaq istəməyənlər isə qaçılmaz böhran, tarixi məğlubiyyət və dərin beynəlxalq təcridlə üzləşməyə məhkumdurlar
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri
Digər xəbərlər