NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Tibbi estetik prosedurların arzuolunmaz nəticələri yarandıqda pasiyentin hüquqları necə qorunur?

...

Bu gün estetik cərrahiyyə və tibbi estetik prosedurlar sürətlə inkişaf edən tibb sahələrindən biridir. İnsanların fiziki görünüşünü yaxşılaşdırmaq və özünə inamını artırmaq arzusu, sosial media, gözəllik standartlarının dəyişməsi və şəxsi imicin önəminin ön plana çəkilməsi bu əməliyyatları tez-tez üstünlük verilən sahə halına gətirib. Lakin təəsüflər olsun ki, hər estetik prosedur planlaşdırıldığı kimi getmir. Arzuolunmaz nəticələr verə bilən bu prosedurlar, xüsusilə də səhv tətbiq və ya qeyri-adekvat məlumatlandırma səbəbindən pasiyentlərin fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərməklə yanaşı, bir sıra hüquqi məsələləri də gündəmə gətirir. Bu kontekstdə estetik prosedurlardan yaranan zərər hallarında pasiyentin hüquqlarının qorunması, həkimlərin, eləcə də gözəllik mərkəzlərinin öhdəlikləri və hüquqi müraciət mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, estetik əməliyyatlar geniş spektrli prosedurları əhatə edir. Bunlar arasında ən çox gözə çarpanları plastik cərrahiyyə prosedurları, dolğular, botoks və üz gərmə əməliyyatlarıdır. Ancaq qeyd etmək lazımdır ki, arzuolunmaz nəticələrə səbəb olan estetik prosedurlar pasiyentlərə qalıcı zərərlər verə bilər. Məsələn; prosedur zamanı istifadə edilən səhv texnika və ya həkimin kifayət qədər təcrübəsinin, qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazəsinin olmaması pasiyentdə əməliyyatdan sonra qalıcı deformasiyalara səbəb ola bilər.

Qeyri-gigiyenik şəraitdə həyata keçirilən, istifadəsi qanunla qadağan edilən mənşəyi məlum olmayan maddələrin insan bədəninə inyeksiya edilməsi ağır allergik reaksiyalar, sinir sistemi, dəri zədələnmələri, infeksiya və iltihab kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Həmçinin prosedurdan sonra gözlənilməz çapıqlar və ya qalıcı ləkələr də yarana bilər. Təəssüflər olsun ki, son zamanlar ölkəmizdə də bir çox ölüm halları və pasiyent narazılıqları geniş vüsət alıb. Tibbi estetik prosedurlar zamanı gözəlləşmək naminə bıcaq altına yatan, əzab çəkən bir çox adam xəyal qırıqlığı yaşayır. Bu cür fəsadlar isə pasiyentin həyatını təhlükəyə atmaqla yanaşı, həkimlər, yaxud gözəllik mərkəzləri üçün hüquqi məsuliyyətlər doğurur.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən hər bir pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; tibbi müdaxilədən imtina etmək; hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək hüquqları vardır.

Pasiyentin hüquqları pozulduqda o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Qanunvericiliyin tələblərinə əsasən prosedurdan əvvəl xəstə sağlamlıq vəziyyəti, müalicə müddəti, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr, bütün risklər barədə həkim tərəfindən məlumatlandırılmalı, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir. Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə görə cavabdehlik daşıyır. O öz işində Azərbaycan Respublikası qanunvericiliyini, o cümlədən hüquqi-normativ aktları rəhbər tutmalıdır. Pasiyenti əsassız riskə məruz qoymamaq, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməmək həkimin zəruri öhdəliklərindəndir. Həkim hər hansı müalicə üsulunun seçimində, ilk növbədə, zərər vurmamaq prinsipini rəhbər tutmalıdır. Pasiyentlərin həyat və sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində pasiyentlərin hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq mülki, intizam, inzibati, cinayət və digər məsuliyyətə cəlb oluna bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni həmin tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində pasiyentə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Əgər zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

Rəsmi statistikaya əsasən hazırda Azərbaycanda cəmi 42 nəfərə plastik cərrah kimi fəaliyyət göstərmək üçün icazə verilib. Bu, ölkə üzrə estetik tələbatla müqayisədə çox az bir rəqəmdir. Bəzi hallarda plastik-estetik əməliyyatlar ixtisaslı, lisenziyalı həkimlər tərəfindən aparılmır. Səhiyyə Nazirliyinin müvafiq qurumları üzrə yoxlamalar, nəzarət tədbirləri zamanı bu kimi nöqsanlar aşkar olunduqda isə müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Bu hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə – fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə, 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmçinin tibbi prosedur zamanı tibb işçilərinin öz vəzifələrinə laqeyd və etinasız yanaşmaları nəticəsində pasiyent vəfat edərsə, bununla bağlı qanunvericilikdə həmin tibb işçiləri üçün cinayət məsuliyyəti də nəzərdə tutulur. Belə ki, Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən xəstəyə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu cür xoşagəlməz hallarla qarşılaşan pasiyentlər, ilk növbədə, tibb müəssisəsinə, tibb müəssisəsinin tabe olduğu quruma müraciət etməli, cavab onu qane etməzsə, pasiyent “tibb müəssisəsində müalicə zamanı (uğursuz cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Bu məhkəmə çəkişmələri nəticəsində zərərçəkmişlər həm müalicə xərclərinə, həm də psixoloji və fiziki zərərə görə kompensasiya ala bilərlər.

Araşdırmalarıma əsasən deyə bilərəm ki, tibbi estetik prosedurların qurbanları tərəfindən qaldırılan iddialarda əksər hallarda məhkəmələr pasiyentlərin xeyrinə qərar verir. Bu cür qərarlar isə həm tibbi estetik prosedurlar həyata keçirən həkimlər, həm də gözəllik mərkəzləri üçün çəkindirici rol oynayır və pasiyentlərin hüquqlarının qorunmasına töhfə vermiş olur.

Nəticə etibarilə, tibbi estetik prosedurlar vizual yaxşılaşmanı təmin etmək məqsədi daşısa da, düzgün edilməyən tətbiqlər səbəbindən ciddi zərərlərə səbəb ola bilər. Bu baxımdan, həm həkimlərin, həm də pasiyentlərin çox diqqətli olması və öz üzərinə düşən öhdəlikləri düzgün yerinə yetirmələri olduqca əhəmiyyətlidir. Uğursuz tibbi estetik prosedurların pasiyentlərin sağlamlığına, psixoloji rifahına və özünə inamına mənfi təsir göstərməsi hallarını nəzərə alaraq pasiyentlər hüquqi müdafiə vasitələrinə müraciət edə, hüquqlarını tələb edə, savadlı vəkillərdən dəstək ala bilərlər.

Pasiyentlərin hüquqlarını qorumaq, həkimlərin məsuliyyətini düzgün müəyyən etmək, qanunları beynəlxalq standartlara uyğunlaşdırmaq və estetik əməliyyatların təhlükəsizliyini təmin etmək cəmiyyət üçün həm təhlükəsiz, həm də ədalətli bir mühit yaradılmasında əhəmiyyətli rola malikdir.

Bəhriyyə HÜSEYNLİ

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə

IV kurs tələbəsi

Nəşr edilib : 17.12.2025 17:30