NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Tural Əliyev: Naxçıvan torpağında TDT-yə üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır

...

“Bu gün burada 8 müxtəlif dövlətdən təmsilçilər olsa da, hamını türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir. Biz bu ailədə özümüzü rahat, təhlükəsiz və güclü hiss edirik. 
Bu gün qədim Naxçıvan torpağında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır. Bu bütün Türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir!”

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun Naxçıvan şəhərindəki toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, ötən gün Bakıda – forumun rəsmi açılış mərasimində qeyd olunduğu kimi, türk dövlətləri arasında 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcud olsa da, QHT xətti yox idi: "Bu platforma BMT və digər beynəlxalq təsisatlarda Türk dünyası QHT-lərinin birgə, koordinasiyalı fəaliyyətini təmin edəcək, xalqlarımızın bir-birini daha yaxından tanımasına vətəndaş cəmiyyətinin mühüm töhfəsi olacaq. Birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə edə bilərik".

"Biz ümumi işimizlə elə etməliyik ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə QHT-lər üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələri geniş vüsət alsın. Azərbaycan tərəfi olaraq biz bu istiqamətdə həmkarlarımızla işçi danışıqlara günü bu gün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq. 
2022-2025-ci illərdə Azərbaycan QHT-lərinin Türkiyə, Özbəkistan və Qazaxıstan QHT-ləri birgə əməkdaşlıq forumları baş tutub. Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlər reallaşdırıla bilər", – deyə Tural Əliyev əlavə edib.

Nəşr edilib : 25.11.2025 17:00