Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prez...
12:52 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Cığatay tayfası haqqında danışarkən söhbət təkcə bir tayfadan deyil, bütöv bir regionun taleyini dəyişən böyük bir siyasi və etnik birlikdən gedir. Bu ad birbaşa Çingiz xanın ikinci oğlu Cığatay xanın adı ilə bağlıdır. Tayfa monqol və türk tayfalarının qaynayıb-qarışması nəticəsində yaranmışdır. Çingiz xan imperiyanı oğulları arasında bölüşdürərkən Orta Asiyanın (Mavəraünnəhr, Yeddisu və Şərqi Türkistan) idarəçiliyini Cığatay xana vermiş və bu ərazidə yaşayan müxtəlif türk tayfaları (Barlaslar, Cəlairlər, Qavçinlər və s.) zamanla “Cığataylılar” (Cığatay ulusu) kimi tanınmağa başlamışlar. Bu tayfa birliyinin ən böyük mirası cığatay dili olmuşdur. Bu dil müasir özbək və uyğur dillərinin əcdadı hesab olunmuş, eyni zamanda da orta əsrlərdə bütün Türk dünyasında (Osmanlıdan Hindistana qədər) ortaq ədəbi dil kimi istifadə edilmişdir. Əlişir Nəvai də bu dilin ən böyük nümayəndələrindən olmuşdur. Cığataylılar, əsasən, Mavəraünnəhr (Səmərqənd, Buxara) – indiki Özbəkistan, Yeddisu (Jeti-su) – indiki Qazaxıstanın cənubu, Tyan-Şan dağları ətrafı – indiki Qırğızıstan, Qaşqar, Yarkənd – indiki Çin (Sincan) kimi ərazilərdə məskən salmışlar. Babur şah (Teymurun nəvəsi) Hindistanda Böyük Moğol İmperiyasını qurarkən onun ordusunun əsas nüvəsini məhz bu “Cığataylı” tayfaları təşkil edirdi. Buna görə də Hindistanda bu sülaləni bəzən “Cığatay sülaləsi” adlandırırdılar. Bu gün “Cığatay” adı daha çox dilçilikdə və tarix elmində yaşayır. Etnik qrup olaraq onlar müasir özbək, uyğur və bəzi qazax boylarının tərkibinə daxil olmuşlar.
Bu tayfa adı yayıldığı areallarla yanaşı, Naxçıvan toponimlərinin adlandırılmasına təsir etmişdir. Naxçıvan şəhəri və muxtar respublikanın Babək rayonunun Nəzərabad kəndində də “Cığatay” adlı məhəllələr mövcuddur. Bir çox mənbələrdə adın monqol mənşəli olduğu qeyd olunur. M.Vəliyevin yazdığına görə, “Cığataylar monqolların türklərlə qarışığı olub Çingiz xanın oğlu Cığatayın xatirəsinə cığatay adlandırılan türkdilli xüsusi tayfadır”. Q.Qeybullayev də XIII-XIV əsrlərdə İranda yaşayan cığatayların monqol mənşəli olmasını təsdiqləyir və Quba rayonunda mövcud olan eyni adlı oykonimin bu etnonim əsasında yarandığını yazır. Bu tədqiqatçılardan fərqli olaraq İ.Şopen qeyd edir ki, XIX əsrdə Naxçıvanda kəngərlilərin bir qolu cığatay adlandırılmışdır. A.Bağırov da qeyd edir ki, türkdilli cığatay tayfasına məxsus döyüşçülər monqolların tərkibində Naxçıvana gəlmiş, Əlincənin alınmasında iştirak etmiş, bir qismi yaralanmış, vətəninə qayıda bilməmiş və Naxçıvanda özlərinə yaşayış məskəni salmışlar və yaşadıqları bölgəni “Cığatay məhəlləsi” adlandırmışlar.
Qeyd etdiyimiz tədqiqatçıların fikirlərinə əsaslanaraq deyə bilərik ki, Cığatay toponimi türk mənşəlidir və türklərin advermə ənənəsini özündə əks etdirir. Özbəkistan Respublikasının onomastik vahidlərinə də nəzər yetirdikdə bu adla qarşılaşmaq mümkündür. Çağatay – Özbəkistan Respublikasında bir neçə kəndin adıdır. Eyniadlı məhəllə də mövcuddur. S.Qorayevin “Özbəkistan vilayətlərinin toponimləri” kitabında qeyd olunur ki, Çağatay darvazası həm də “Quşçiota darvazası” adlanırdı. Bu darvazanın mühafizəsi özbək xalqının tərkibinə daxil olan Çağatay qəbiləsinin öhdəsində olmuşdur. Qəbilə nümayəndələri həmin darvaza ətrafında yaşamış, sonralar bu ərazi Çağatay məhəlləsi adını almışdır.
Çağatay toponimi XIII əsrdə yaşamış Çingiz xanın ikinci oğlunun adından götürülmüş ola bilər. Lakin türk mənşəli çağatay qəbiləsi Çingiz xandan əvvəl də mövcud olmuşdur. Bir çox mənbələrdə ada Cığatay, Çağatay və sair fonetik variasiyalarda rast gəlirik. Bu məsələyə S.Qorayev də toxunmuşdur. Alim yazır ki, Çığatay antropotoponimi və etnotoponiminə vilayətdə Çığatay, hətta Cağatay formalarında rast gəlinir. Teymurilərin Şeybanilərə qarşı mübarizəsi dövründə Mavəraünnəhrin həm türkdilli, həm də farsdilli əhalisi “Çığataylar” adlandırılmışdır.
Özbəkistan və Tacikistanın cənub rayonlarında tacikdilli çığataylar hazırda da mövcuddur. Səmərqənd vilayətində də Cağatay adlı kəndlər var imiş və onlar da Çığatay olaraq dəyişdirilmişdir. Beləliklə, nəticə olaraq qeyd edə bilərik ki, türkdilli Cığatay tayfasının izlərinə bir çox türk dövlətinin toponimik sistemində, həmçinin də Naxçıvan toponimik sistemində rast gəlinir. Cığatay və eyni onun kimi digər türk mənşəli etnoslar da toponimlərin adlandırılması prosesində mühüm rol oynayır.
Cəmilə MƏHƏRRƏMOVA
Digər xəbərlər