NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Türk dünyasının birliyi dünyada sülhə, təhlükəsizliyə, rifaha, tərəqqiyə böyük töhfələr verəcək

...

“Oktyabrın 7-də  Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik”  mövzusunda  XII Zirvə görüşü böyük əhəmiyyət kəsb edir. Bu Zirvə görüşü Türk dünyasının ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisədir. Zirvə görüşü çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək sonuncu görüşdən indiyədək həyata keçirilmiş işləri dəyərləndirərək, əldə olunmuş nailiyyətləri müzakirə edərək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirirlər. Görüş zamanı qəbul olunan sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirir.”

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova deyib.

Təşkilatın Zirvə toplantısının 16-cı ildönümündə ölkəmizdə keçirilməsi rəmzi və strateji əhəmiyyət daşıyır, çünki onun təməli qədim Azərbaycan torpağında qoyulub. 2009-cu il oktyabrın 3-də Naxçıvanda sonradan TDT-yə çevrilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu Zirvə görüşü qədim yurdumuz Naxçıvanda olub və həmin zaman “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalanıb. 

Deputat qeyd edib ki, Naxçıvan Sazişində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və xoş qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə, dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi nəzərdə tutulub. Naxçıvan Zirvə görüşündə yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı 2021-ci ildə İstanbulda keçirilən tarixi Zirvə görüşündə dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) olub. Türk Dövlətləri Təşkilatı yalnız siyasi və iqtisadi əməkdaşlıq üçün yaradılmış qurum deyil, eyni zamanda, türk sivilizasiyasının mədəni kodlarının müasir dövrün çağırışlarına uyğunlaşdırıldığı siyasi formadır. Türk sivilizasiyası tarixboyu bəşəriyyətə elm, dövlətçilik, hərb, hüquq, incəsənət və mədəniyyət sahələrində böyük töhfələr verib. Bu sivilizasiya zəngin dövlətçilik ənənələri, elm və mədəniyyətə verdiyi nailiyyətlərlə bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı da bu böyük sivilizasiyanın önəmli parçası olaraq həm ondan faydalanıb, həm də öz töhfələrini verib. Qəbələ Zirvə görüşü bu istiqamətdə yeni səhifə açacaq.

Bu baxımdan, TDT-yə üzv ölkələrin mədəniyyət, təhsil və informasiya sahələrində əməkdaşlığı prioritet istiqamətlərdəndir. Türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyi bütün dünyada sülhə, əməkdaşlığa, təhlükəsizliyə, rifaha, tərəqqiyə böyük töhfələr verəcək. Prezident İlham Əliyevin də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə  dediyi kimi: Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”,– deyə deputat əlavə edib.

 

Nəşr edilib : 07.10.2025 17:30