NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Ümumdünya Vərəm Gününə həsr olunmuş tədbir keçirilib

...

Martın 18-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 24 mart – Ümumdünya Vərəm Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında keçirilən tədbirin əsas məqsədi vərəm xəstəliyi haqqında maarifləndirməni və erkən diaqnostika və profilaktika tədbirlərinin gücləndirilməsi istiqamətində məlumatlılığı artırmaq olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov açaraq bildirib ki, ölkəmizdə səhiyyənin inkişafı dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, son illər tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, müasir tibbi avadanlıqlar quraşdırılmış və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Diqqətə çatdırılıb ki, səhiyyə sahəsində aparılan islahatlar, müasir müalicə və diaqnostika metodlarının tətbiqi əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəlməsinə imkan yaradıb, dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində mühüm uğurlar əldə olunub.
Tədbir çərçivəsində mütəxəssislər tərəfindən mövzu üzrə müxtəlif təqdimatlar edilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-pulmonoloqu Dilara Abdullayeva “Ağciyər xəstəlikləri nədir, ilkin yanaşma necə olmalıdır?”, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim-radioloqu Fəridə Məmmədova “Vərəmi tanı – cəmiyyəti qoru”, Babək Rayon Mərkəzi Xəstəxanasının həkimi Günay Quliyeva isə “Görünməz təhlükə – vərəm və uşaqlar” mövzusunda çıxış edərək ağciyər xəstəliklərinin erkən aşkarlanmasının vacibliyini, vərəm xəstəliyinin diaqnostikası, yayılma yolları və onun qarşısının alınması, uşaqlar arasında vərəm xəstəliyinin profilaktikası, erkən diaqnostika və maarifləndirmənin əhəmiyyətindən bəhs edib. Həmçinin vərəm xəstəliyinin  özünəməxsus xüsusiyyətləri, bu xəstəliklə bağlı aktual problemlər də geniş müzakirə olunub.
Tədbirin sonunda 24 mart – Ümumdünya Vərəm Günü münasibətilə əhalinin sağlamlığının qorunması sahəsində göstərdikləri yüksək peşəkarlıq, fədakarlıq və xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin stasionar şöbəsinin müdiri, həkim-ftiziatr İlqar Rzayev və həmin şöbənin növbətçi tibb bacısı Aləm Hüseynova Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunub.
Maarifləndirici tədbirdə ümumtəhsil müəssisələrinin direktor və direktor müavinləri, həmin məktəblərdə fəaliyyət göstərən həkim və tibb bacıları, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları, eləcə də nazirliyin tabeli tibb müəssisələrinin terapevt və pediatr həkimləri iştirak ediblər.

Nəşr edilib : 18.03.2026 17:37