NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Ümummilli Lider Heydər Əliyev və Naxçıvan

...

Müstəqil Azərbaycan Respublikasının dövlətçiliyində müstəsna xidmətləri ilə tarix yazan görkəmli siyasi xadim Heydər Əliyevin adının Naxçıvan torpağı ilə sıx bağlı olması bu gün bizim üçün əvəzsiz bir qürur mənbəyidir. Vətəninin, xalqının, o cümlədən doğulub boya-başa çatdığı doğma Naxçıvanın inkişafında misilsiz rolu olan Ulu Öndər məşəqqətli bir dövrdə xalqın imdadına çataraq göstərdiyi siyasi iradə, uzaqgörənlik və milli maraqlara sadiqliyi ilə Naxçıvanı təhlükələrdən qorumuşdur. Belə ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yaranmış siyasi, iqtisadi və hərbi böhran xalqımıza çətin günlər yaşadırdı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın bir qisminin işğal olunduğu, Naxçıvanın isə blokadaya alındığı belə bir dövrdə – 1990-cı ildə Heydər Əliyevin Naxçıvana qayıdışı həm Naxçıvanın, həm də Azərbaycanın tarixində mühüm dönüm nöqtəsinə çevrildi.

“Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir”, – deyən Ulu Öndər Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə 1990-cı il 17 noyabr tarixdə keçirilən Ali Məclisin I sessiyasında Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıran və dövlətçilik ənənələrinin bərpası istiqamətində ciddi addımlar atdı. Sevindirici haldır ki, bu gün mavi səmanın üfüqündə əzəmətlə dalğalanan üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətindən sonra ilk dəfə Naxçıvanda ucaldılaraq Dövlət Bayrağı kimi qəbul edildi. Xalqının Ümummilli Lideri Naxçıvanda Azərbaycanın müstəqillik ideyalarını qoruyaraq milli birliyin bərqərar olması uğrunda dayanmadan çalışırdı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən dahi rəhbər Heydər Əliyev bölgənin erməni təcavüzündən müdafiəsi istiqamətində qətiyyətli addımlar ataraq Naxçıvanı bu təhlükədən xilas etdi. Elə bu yöndə atılan ilk addım 1991-ci il 7 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərarın qəbul edilməsi oldu. Dahi şəxsiyyət həmin dövrləri xatırlayaraq: “Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli-azadlıq əhvali-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi”, – deyə bildirmişdi. Naxçıvan əhalisinin göstərdiyi şücaət və misilsiz qəhrəmanlıq Ulu Öndərin yaddaşında bu cür iz buraxmışdı. Məhz bu şücaət nəticəsində yaranan ilk Milli Ordu birləşmələri bugünkü müzəffər Ordumuzun əsasını təşkil edir desək, yanılmarıq.

 Bu dövrdə həyata keçirilən sosial müdafiə tədbirləri, iqtisadi sabitliyin qorunması və əhalinin rifahının yaxşılaşdırılmasına yönələn siyasət Naxçıvanı böyük fəlakətlərdən xilas etdi. Ümummilli Liderin qısa zaman kəsiyində Naxçıvanda həyata keçirdiyi dövlət quruculuğu işləri müasir və müstəqil Azərbaycanın təməl sütunlarını təşkil etdi. Həmin dövrdə məhz Naxçıvanda yeridilən bu uğurlu siyasət Heydər Əliyev kimi dövlət xadiminə ölkə miqyasında ehtiyac olduğunu göz önünə sərdi. Naxçıvanda doğan günəşin işıqları bütün ölkəni aydınlatdı. Xalqın səsinə səs verən görkəmli dövlət xadimi Heydər Əliyev artıq ikinci dəfə 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə gəldi. Tarix təkrar olundu və vaxtilə Ulu Öndərin əsasını doğma diyarı Naxçıvanda qoyduğu milli müstəqillik yolu onu paytaxt Bakıya apardı. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldiyi gün Azərbaycan dövlətçilik tarixinə “Milli Qurtuluş Günü” kimi həkk olundu.

İlk rəhbərliyi dövründə olduğu kimi yenə qədim diyar Naxçıvanı daim diqqət mərkəzində saxlayan Ümummilli Lider regionu intibaha aparan bu yolda diqqət və qayğısını heç vaxt əsirgəmədi. Elə bu diqqət və qayğının təcəssümüdür ki, Naxçıvan günü-gündən inkişaf edərək abadlaşmağa başladı. Muxtar respublikada əhalinin rifahının yüksəldilməsi və sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində, təhsil, səhiyyə, infrastruktur, sənaye və kənd təsərrüfatı sahələrində mühüm, bir o qədər də genişmiqyaslı layihələr həyata keçirildi. Bu misilsiz nailiyyətlər böyük dövlət xadimi Heydər Əliyevin yaratmış olduğu siyasət və milli dövlətçilik irsinin, sadəcə, bir qismidir. Məhz həmin irs bu gün də Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan üçün əsas yol xəritəsidir. Onun Naxçıvanda yaratdığı sabitlik, qoyduğu təməl və inkişaf strategiyası nəticəsində bu gün muxtar respublika regionda nümunəvi və uğurlu bir inkişaf modelinə çevrilmişdir.

Öncə qeyd etdiyimiz kimi dahi şəxsiyyət Heydər Əliyevin yaratmış olduğu siyasət və milli dövlətçilik irsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında da genişmiqyaslı quruculuq və sosial-iqtisadi inkişaf tədbirləri uğurla həyata keçirilir. Ulu Öndərin uzun illər əvvəl əsasını qoyduğu inkişaf strategiyasına böyük ehtiramla yanaşan dövlət başçısının Naxçıvana göstərdiyi diqqət və qayğı bu qədim diyarın hərtərəfli inkişafını təmin edib. Bu diqqət və qayğının ifadəsidir ki, 2023-cü il 5 iyun tarixdə ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Prezident İlham Əliyevin Naxçıvana olan diqqəti təkcə regional səviyyədə inkişafı deyil, bütövlükdə, Azərbaycanın milli birliyinin və strateji gücünün möhkəmləndirilməsini təmin edən vacib amillərdən biridir. Bu siyasət Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji və siyasi kursun müasir dövrdə uğurla davam etdirildiyini bir daha sübut edir. Müvafiq Dövlət Proqramı çərçivəsində muxtar respublikada sosial-iqtisadi sahələri əha edən 11 prioritet istiqamət üzrə mühüm tədbirlər həyata keçirilməkdədir. Dövlət Proqramına uyğun olaraq muxtar respublikada elektrik stansiyalarında, su anbarlarında əsaslı quruculuq və təmir işlərinin aparılması, eyni zamanda çoxmənzilli yaşayış komplekslərinin inşası kimi layihələrin həyata keçirilməsi, bununla yanaşı, şəhər və qəsəbədaxili avtomobil yollarında asfalt örtüyünün çəkilməsi proqramın icrası yönündə həyata keçirilən əhəmiyyətli tədbirlərdir. Son dövrlərdə İğdır-Naxçıvan qaz boru kəmərinin istifadəyə verilməsi və buna paralel olaraq Qars-Naxçıvan dəmir yolu xətti layihəsinin icrasına başlanması Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu Naxçıvanın intibahına xidmət edən tarixi hadisələrdir. Avropa və Asiyanı birləşdirən böyük layihə “Orta Dəhliz”in mühüm halqası olan və tarixi İpək Yolunun üzərində yerləşən diyarımız günü-gündən inkişafa doğru qətiyyətli addımlarla irəliləyir.

Ölkə başçısı İlham Əliyevin 2021-ci ildə Naxçıvana 15-ci səfərini məhz 10 may tarixdə etməsi ölkə başçısının ata-baba yurdu Naxçıvana olan dərin sevgisinin təcəssümüdür. Səfəri zamanı: “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi, mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”, – deyə bildirən dövlət başçımızın bu sözləri Ulu Öndər Heydər Əliyevin mirası olan Naxçıvana göstərilən diqqət və qayğının ifadəsidir.

Cavanşir BAĞIRLI

Nəşr edilib : 15.06.2025 16:40