Azərbaycan və Belarus arasında sənaye sahəsində əm...
21:30 05.05.2026
0
0
0
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Naxçıvan Sağlamlıq Günləri” çərçivəsində 5 may 2026-cı il tarixdə I Naxçıvan Kardiologiya Forumu keçirilib.
Forumdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Forum Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov forumun əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu cür elmi-praktiki tədbirlər ölkədə səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri olan ürək-damar xəstəlikləri ilə mübarizədə mühüm rol oynayır. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün ölkədə səhiyyə sahəsi sürətlə inkişaf edir, əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Daha sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova qeyd edib ki, bu təşəbbüs ilk dəfə olaraq Naxçıvanda genişmiqyaslı şəkildə həyata keçirilir və məqsəd əhaliyə daha yaxın xidmət göstərmək, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq, eləcə də ən son elmi yenilikləri tibb ictimaiyyəti ilə bölüşməkdir.
Forumda ölkənin aparıcı kardioloqları, professor-müəllim heyəti və ixtisaslaşmış həkimlər iştirak edərək aktual mövzular ətrafında çıxışlar ediblər. Bu isə tədbirin elmi və praktiki əhəmiyyətini daha da artırıb.
Forumun elmi proqramı çərçivəsində müxtəlif tematik sessiyalar təşkil olunub. Sessiyalarda kardio-vaskulyar xəstəliklərin profilaktikası, ürək çatışmazlığında son yeniliklər, kəskin koronar sindroma müasir yanaşmalar, aritmiyalar və elektrofiziologiya, eləcə də invaziv kardiologiya və müasir görüntüləmə üsulları üzrə geniş təqdimatlar keçirilib. Təqdimatlar zamanı müasir diaqnostika və müalicə metodları, risk qiymətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və klinik praktikada aktual məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində iştirakçılar arasında geniş müzakirələr və açıq diskussiya təşkil edilib, səsləndirilən suallar ətraflı cavablandırılıb, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Digər xəbərlər