Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reys...
13:56 14.06.2026
0
0
0
NAXÇIVAN :
14 Iyun 2026, Bazar
Orta məktəb illəri... Bu sözləri xatırlayanda ürəyim hələ də yumşalır. Sanki zamanın tozu çökmüş köhnə dəftərlərin səhifələri qulaqlarımda xışıldayır. Həyətdəki uşaq səsləri, sinif pəncərəsindən süzülən Günəş işığı və lövhədə yazılan misallar, məsələlər hələ də gözlərimdə canlanır. İlk dəfə məktəbə qədəm qoyduğumuz o sehrli səhər... Kiçik əllərimizdə rəngarəng çiçəklər, gözlərimizdə həm böyük maraq, həm də qorxu ilə qarışmış həyəcan. Valideynlərimizin isti əlini buraxıb sinif qapısından içəri addım atanda içimizdəki o körpə ruh birdən darıxır və boğazımız düyünlənirdi. “Ana, getmə...” – deyə gözlərimizdən yaş süzülən o anlar indi də həyatımızın ən əziz xatirəsinə çevrilib. Çünki o ilk ayrılıq, həyatın ən böyük dərsi idi; böyümək, yeni dünyaya qədəm qoymaq və öz ayaqların üzərində dayanmaq dərsi.
Günlər keçdikcə müəllimlərimizin mehriban səsi, səbirli baxışları, bəzən də sərt, amma həmişə qayğı dolu sözləri bizim üçün ikinci bir ailəyə çevrildi. Onlar, sadəcə, əlifba öyrətmirdilər, həyatın əsas dəyərlərini, dostluğu, əməyi və məsuliyyəti aşılayırdılar. Əlimizdəki qiymətlərin sevinci və kədəri ilə birlikdə böyüyürdük. Bəzən “beş” alıb evə qaçanda, dəftəri qaldırıb nənəmizə, babamıza, anamıza göstərmək... O anlarda evin içi nur kimi dolurdu. “Baxın, beş almışam!” deyə qışqıranda onların gözlərində parıldayan qürur bizim üçün ən böyük bayram idi. Bəzən də “iki”nin acısı ilə başımızı aşağı salıb gələndə valideynlərimizin anlayışı, müəllimlərimizin “Yenidən cəhd et”, – deyə ruhlandıran sözləri bizi ayağa qaldırırdı. O sadə qiymətlər, o kiçik sevinclər indi də ürəyimizi isidir, çünki onlar təkcə rəqəm deyil, uşaqlığın təmiz, saf hissləri idi.
İbtidai sinif bitəndə sanki dünyamız genişləndi, gözlərimiz yeni bir işıqla doldu. Artıq hərflər, sadəcə, hərf deyil, cümlələr isə, sadəcə, söz deyildi. Təhsilin dərinliyini, biliklərin gücünü, elmə olan susuzluğu yavaş-yavaş dərk etməyə başladığımız illər... Orta məktəbin uzun dəhlizlərində dostlarımızla birlikdə böyüdük. Birlikdə gülüşdük, birlikdə dərsdən yayınmağın şirinliyini yaşadıq, birlikdə imtahan stresini keçirdik. Gecələr lampa işığında dərs oxuyarkən, səhər tezdən sinfə tələsərkən hər yeni fənn bir macəra idi. Tarixin səhifələrində itirdiyimiz qəhrəmanlar, riyaziyyatın sirli düsturları, ədəbiyyatın sehrli misraları... Hamısı bizi formalaşdırırdı.
Sonra universitetə hazırlıq həyəcanı başladı. Artıq məktəb forması bizə dar gəlirdi, ürəyimizdə isə böyük arzular qanad açırdı. İmtahanlara hazırlaşarkən keçirilən gecələr, dostlarla birlikdə “Birgə oxuyaq”, – deyə qurduğumuz planlar, müəllimlərimizin əlavə dərs saatlarında bizə verdiyi dəstək... Hər şey bir addım irəli idi. Və nəhayət, o son zəng çalındı... Zəngin səsi sanki illərin yığdığı bütün xatirələri bir-birinə bağlayır, gözlərimizdən yaş gətirirdi. Məktəb həyatı bitirdi, amma ürəyimizdə əbədi yaşayacaqdı.
İndi geriyə baxanda minnətdarlıq hissi duyuram. O müəllimlər ki bizə təkcə bilik vermədilər, həm də insan olmağı öyrətdilər. O valideynlər ki hər “beş”də, hər “iki”də yanımızda oldular. O dostlar ki ən şirin xatirələrimizi birlikdə yaratdıq. Orta məktəb, sadəcə, təhsil ocağı deyildi, həyatımızın ən təmiz, ən işıqlı, ən saf səhifəsi idi. Orada öyrəndiyimiz hər şey, tökdüyümüz hər gözyaşı, gülümsədiyimiz hər an bizi bu günə, bu yetkinliyə gətirdi. Məktəb illəri bitdi, amma onun verdiyi istilik, ilham və xatirələr heç vaxt bitməyəcək. Hər kəsə belə isti, belə dərin və işıqlı uşaqlıq xatirələri arzulayıram. Çünki insan böyüdükcə anlayır ki, ən böyük sərvət məhz bu xatirələr, məhz bu sevgidir.
Bu il muxtar respublikada da 3698 şagird artıq məktəb dəhlizlərindəki xatirələrini son zənglə birlikdə yekunlaşdırır, sinif otaqlarının qapısını bir daha açmamaq üzrə son dəfə xatirələrlə bağlayırlar. Onlar bu gün o qapıdan çıxarkən arxaya dönsələr, yalnız bir bina yox, öz uşaqlıqlarını, öz ilk arzularını, öz ilk inamlarını görəcəklər. Son zəngin sədası yalnız bir məktəb ilini deyil, həyatın ən gözəl dövrünü bağlayır. Amma hər son, eyni zamanda yeni bir başlanğıcdır. Həmin gənclər bu gün qapını örtür, sabaha isə yeni bir qapı açırlar. Apardıqları ən qiymətli şey nə attestat, nə də gündəlikdir, həmin xoşbəxtlik onların ürəyinə həkk olunmuş ilk müəllim baxışı, ilk “Bacararsan” sözü və ilk dostluq gülüşüdür.
Rafiq TƏHMƏZ
Digər xəbərlər