NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Uşaqlar yayda dincəlməlidir, yoxsa dərslə məşğul olmalıdır?

...

Yay tətili məktəblilərin bütün ilboyu səbirsizliklə gözlədikləri bir dövrdür. Bu mövsüm onlar üçün oyun, səyahət və sevdikləri işlərlə məşğul olmaq deməkdir. Ancaq illərdir, davam edən bir sual bu gün də aktuallığını qoruyur: uşaqlar yayda dərs oxumalı, yoxsa dincəlməlidirlər? Valideynlər, müəllimlər və təhsil mütəxəssisləri bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirsələr də, bu suala veriləsi cavab bir cümlədə gizlidir: uşaq nə tam dərslə yüklənməli, nə də tamamilə boşuna buraxılmalıdır.

Yay tətilləri uşağın fiziki və zehni baxımdan istirahət etməsinə hesablanılıb. 9-10 ay boyunca məktəbə gedən, dərslərə hazırlaşan, imtahanlara girən şagird, əlbəttə ki, həm də dincəlməlidir. Səhər saatlarında yuxudan oyandıqda ilk düşündüyü “Nə geyinim?”,“Dərsə gecikməyim” yox, “Bu gün hansı oyunu oynayım” sualı olmalıdır. Uşaq beyni üçün sərbəst zaman, oyun və azad fəaliyyət qədər faydalı ikinci bir şey yoxdur. Tətil uşağın həm özünü tanıması, həm maraqlarını kəşf etməsi, həm də sosial bacarıqlarını inkişaf etdirməsi baxımından mühüm rol oynayır.

Mövzu ilə bağlı Naxçıvan Dövlət Universitetinin müəllimi,  psixoloq Çapay Quliyevin  fikirlərinə diqqət yetirək. Onun sözlərinə görə:“Yay tətillərində uşaqların dərs yükündən uzaqlaşması onların psixoloji sağlamlığı üçün olduqca vacibdir.Ümumiyyətlə, yay tətili məktəblilərin həyatında çox mühüm əhəmiyyətə malikdir və uşaqlar bu dövrdə mütləq şəkildə istirahət etməlidirlər. Bəzən yay tətilində valideynlər davamlı olaraq uşaqlarını dərs oxumağa məcbur edirlər. Lakin bu,düzgün yanaşma deyil. Uşaqlar məktəblər bağlandıqdan sonra ən azı bir ay ərzində rahat şəkildə istirahət etməlidirlər.”

Çapay müəllim qeyd etdi ki, istirahət tamamilə fəaliyyətsiz olmaq demək deyil. Asudə vaxtın düzgün təşkili mütləq diqqətdə saxlanılmalıdır. Valideynlər uşaqlarının boş vaxtlarını məqsədyönlü şəkildə planlaşdırmalı, onların həm dincəlməsi, həm də inkişaf etməsi üçün şərait yaratmalıdırlar. Məsələn, günün müəyyən saatlarını intellektual və ya hərəkətli oyunlara ayırmaq olar. Bu oyunlar təkcə əyləncə deyil, eyni zamanda inkişafetdirici xarakter daşımalıdır.Uşaqlar üçün fərqli və stimulverici mühit yaradılmalı, onların fiziki və psixoloji inkişafı daim diqqətdə saxlanılmalıdır. Beləliklə, istirahət uşaqların həm zehni, həm də fiziki baxımdan inkişafına töhfə verə bilər.

Çapay Quliyev onu da qeyd edir ki, yayda tam boş buraxılan uşaq yeni dərs ilində adaptasiya çətinliyi yaşaya bilər:“Bəzən sentyabr ayında uşaqlarda motivasiya çatışmazlığı, zehni yorğunluq, hətta məktəbdən uzaqlaşma halları müşahidə olunur. Bu da yay dövrünün düzgün planlaşdırılmamasından irəli gəlir. Əgər valideynlər bu mövzuda çətinlik çəkərsə, o zaman mütəxəssislərə müraciət edərək tətilin səmərəli təşkili üçün dəstək ala bilərlər.Uşağın həm psixoloji rifahı, həm də təhsil motivasiyası üçün yayda nizamlı, lakin sərt olmayan bir rejim qurmaq faydalıdır”.

Gəldiyimiz qənaət isə belədir ki, bəzi valideynlər yay tətilini uşağın tənbəlləşməsi kimi görür və onu hər gün dərs tapşırıqları ilə yükləyirlər. Bu isə uşağın dərsə qarşı marağını azaldır, öyrənməni məcburi və sıxıcı bir işə çevirir. Əslində, yay tətilində uşağın maraqlarına uyğun şəkildə, yüngül formada öyrənməyə davam etməsi daha məqsədəuyğundur. Məsələn, sərbəst oxu saatları, interaktiv oyunlarla riyaziyyat öyrənmək, təbiətə çıxıb gördüyü bitkilər haqqında məlumat toplamaq və sair. Bunlar həm istirahət, həm də öyrənmədir.

Burada vacib olan məqam balansdır. Uşağın gündəlik həyatında həm dərs, həm oyun, həm də sərbəst vaxt olmalıdır. Məsələn, günün 20-30 dəqiqəsini kitab oxumağa ayırmaq, keçən dərs ilində öyrəndiyi mövzuları bir qədər təkrarlamaq. Lakin bunu məcburiyyətlə deyil, könüllü şəkildə etmək lazımdır. Hər gün saatlarla dərs oxumaq nə qədər zərərlidirsə, bütün yayı boş boşuna keçirmək də bir o qədər mənfi nəticələrə səbəb ola bilər.

Digər tərəfdən, yay tətilləri uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməsi üçün də bir fürsətdir. İlin ortasında məktəb dərsləri səbəbilə çox vaxt rəsm çəkməyə, musiqiyə, idmana və digər maraq dairələrinə çox vaxt qalmır. Yayda isə uşaq bu istiqamətlərdə özünü sınaya bilər. Bu cür fəaliyyətlər onun həm şəxsiyyətini formalaşdırır, həm də gələcək maraqlarını müəyyənləşdirməsinə kömək edir.

Eyni zamanda yay tətili ailə ilə vaxt keçirmək üçün də gözəl fürsətdir. Ailəvi səyahətlər, kənd ziyarətləri, birgə oxu və oyun saatları uşağın emosional inkişafı üçün son dərəcə əhəmiyyətlidir.

Nəticə olaraq, yay tətili uşaqların həm istirahət etdiyi, həm də özünü inkişaf etdirdiyi bir dövrdür. Uşağı günlərlə dərsə oturtmaq da, bütün günü planlaşdırmadan keçirməsinə icazə vermək də düzgün deyil. Əsas məqsəd onu məktəbdən soyutmadan, eyni zamanda məktəb stresindən uzaqlaşdıraraq yeni dərs ilinə həm zehni, həm fiziki, həm də emosional cəhətdən hazır vəziyyətdə gətirməkdir. Tətildən doğru istifadə olunarsa, onda bu mövsüm  istirahətlə yanaşı, həm də inkişaf fürsətinə çevrilə bilər.

Elnurə CƏFƏROVA

 

Nəşr edilib : 29.07.2025 09:57