DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 11 nəf...
10:28 18.09.2026
0
0
0
NAXÇIVAN :
18 Sentyabr 2026, Cümə
Azərbaycan musiqi mədəniyyətinin tarixində elə şəxsiyyətlər var ki, onların yaradıcılıq irsini yalnız bir sənət sahəsinin çərçivəsində dəyərləndirmək mümkün deyil. Üzeyir Hacıbəylinin adı da məhz belə böyük mədəni hadisə ilə bağlıdır.
Azərbaycan professional musiqisinin tarixindən, milli bəstəkarlıq məktəbinin təşəkkülündən, musiqi təhsilinin və musiqişünaslığın formalaşmasından danışarkən, ilk növbədə, Üzeyir Hacıbəylinin adı yada düşür. O, Azərbaycan musiqisinin klassiki, milli opera sənətimizin banisi, görkəmli bəstəkar, alim, dramaturq, pedaqoq və ictimai xadim kimi bütöv bir dövrün simasına çevrilmişdir.
Əslində, XX əsr Azərbaycan musiqi mədəniyyətini Üzeyir Hacıbəylinin yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyil. Onun sənət yolu Azərbaycan xalq musiqisinin zəngin ənənələri ilə professional bəstəkarlıq yaradıcılığının qovuşduğu mühüm tarixi mərhələni əks etdirir. Məhz bu baxımdan Üzeyir Hacıbəyli yaradıcılığı yalnız ayrı-ayrı əsərlərin məcmusu deyil, milli musiqi düşüncəsinin yeni mərhələyə yüksəliş tarixidir.
Bəstəkarın yaradıcılığında xalq musiqisi xüsusi əhəmiyyət daşıyırdı. O, milli musiqinin melodik, intonasiya və janr xüsusiyyətlərini dərindən mənimsəyərək onları professional bəstəkarlıq üslubunun imkanları ilə əlaqələndirmişdi. Mahnı, rəqs, muğam və aşıq yaradıcılığının üslub xüsusiyyətlərindən yaradıcı şəkildə faydalanan sənətkar milli musiqinin mahiyyətini qorumaqla yanaşı, onun yeni bədii ifadə imkanlarını da ortaya qoydu.
Təsadüfi deyil ki, Üzeyir Hacıbəylinin yaratdığı sənət ənənəsi sonralar “Üzeyir bəy məktəbi” kimi səciyyələndirildi. Bu məktəb təkcə müəyyən bəstəkarlıq prinsiplərini deyil, milli musiqiyə münasibətin bütöv bir fəlsəfəsini ifadə edirdi.
1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası Azərbaycan musiqi tarixində yeni bir səhifə açdı. Əsər Azərbaycan professional opera sənətinin əsasını qoymaqla yanaşı, bütün Şərq opera mədəniyyəti baxımından da mühüm hadisəyə çevrildi.
Üzeyir Hacıbəyli bu əsərin ideyasını uzun müddət qəlbində və düşüncəsində yaşatmışdı. Məhəmməd Füzulinin ölməz poeması onun üçün yalnız ədəbi mənbə deyildi. Bəstəkar Füzulinin poetik dünyasına dərindən nüfuz etməklə yanaşı, yeni yaratdığı opera janrının səhnə və dramaturji tələblərini də nəzərə alırdı. Beləliklə, klassik Şərq poeziyasının böyük nümunəsi ilə yeni professional musiqi janrı arasında bənzərsiz sənət körpüsü yarandı.
“Leyli və Məcnun”dan sonra “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi muğam operaları meydana gəldi. Bu əsərlər Azərbaycan opera sənətinin ilkin mərhələsinin formalaşmasında mühüm rol oynadı və milli teatrın inkişaf istiqamətlərini müəyyənləşdirdi.
Lakin Üzeyir Hacıbəylinin yaradıcılıq yolu bununla məhdudlaşmırdı. O, milli musiqinin imkanlarını daha geniş miqyasda düşünür və Azərbaycan bəstəkarlıq məktəbinin qarşısında yeni üfüqlər açmağa çalışırdı.
Bu axtarışların ən parlaq nəticəsi 1937-ci ildə səhnəyə qoyulan “Koroğlu” operası oldu. “Koroğlu” Üzeyir Hacıbəylinin yaradıcılıq yolunun ən yüksək mərhələlərindən biri olmaqla Azərbaycan opera sənətinin zirvəsinə çevrildi. Bəstəkar bu əsərdə Avropa opera sənətinin professional prinsiplərini Azərbaycan milli musiqisinin üslub xüsusiyyətləri ilə üzvi şəkildə birləşdirdi.
“Koroğlu”nun əhəmiyyəti yalnız onun musiqi dilinin mükəmməlliyində deyil. Əsər, həmçinin milli musiqi təfəkkürünün professional bəstəkarlıq texnikası ilə hansı yüksək səviyyədə sintez oluna biləcəyini nümayiş etdirdi.
Üzeyir Hacıbəylinin 1938-ci ildə yazdığı sözlər də onun yaradıcılıq yoluna necə məsuliyyətlə yanaşdığını göstərir: “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər keçilən yol onun üçün yalnız Azərbaycan operasının tarixi deyil, həm də öz yaradıcılıq yolunun tarixidir.
Bu iki əsəri – “Leyli və Məcnun”u və “Koroğlu”nu bir-birindən ayrı düşünmək çətindir. Birincisi milli opera sənətimizin başlanğıcını, ikincisi isə onun professional yetkinliyini təmsil edir. Sanki bəstəkarın yaradıcılıq yolu bu iki əsər arasında böyük bir tarixi və estetik məsafə qət etmişdir.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində musiqili komediya janrının da yaradıcılarından biri kimi xüsusi yer tutur. “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi əsərlərində bəstəkar dövrün sosial münasibətlərinə, cəmiyyətin problemlərinə satirik və yumoristik münasibət bildirmiş, musiqili teatrın imkanlarından geniş istifadə etmişdir.
Lakin onun sənət dünyası yalnız opera və musiqili teatrla məhdudlaşmırdı. “Çahargah” və “Şur” fantaziyaları, “Aşıqsayağı” triosu, müxtəlif mahnılar, Nizami Gəncəvinin sözlərinə yazılmış “Sənsiz” və “Sevgili canan” romansları bəstəkarın irsinin nə qədər zəngin olduğunu göstərir. Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin də Üzeyir Hacıbəyliyə məxsus olması onun yaradıcılığının milli-mənəvi həyatımızdakı xüsusi yerini bir daha təsdiqləyir.
Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biri isə musiqi sənətini yalnız yaradıcılıq fəaliyyəti kimi deyil, həm də maarifçilik və milli mədəni quruculuq missiyası kimi dərk etməsi idi.
1921-ci ildə Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk ali musiqi təhsili ocağının – konservatoriyanın yaradılmasında onun müstəsna xidmətləri olmuşdur. Musiqi məktəbinin və musiqi texnikumunun təşkili də onun yorulmaz fəaliyyətinin nəticələrindən idi.
Bu gün Azərbaycan musiqi təhsilinin çoxpilləli sistemi, professional ifaçılıq və bəstəkarlıq məktəbi haqqında danışarkən həmin tarixi başlanğıcları unutmamaq lazımdır. Çünki Üzeyir Hacıbəyli üçün musiqinin inkişafı ilə musiqi təhsilinin inkişafı bir-birindən ayrı məsələlər deyildi.
Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə ən böyük töhfələrindən biri də onun elmi-nəzəri irsidir. O, Azərbaycan xalq musiqisini yalnız bəstəkar kimi deyil, alim kimi də öyrənmişdir. Uzun illər apardığı tədqiqatların nəticəsi olaraq meydana çıxan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri milli musiqi nəzəriyyəsinin inkişafında mühüm mərhələ təşkil edir. Beləliklə, Üzeyir Hacıbəyli bir tərəfdən xalq musiqisinin zənginliyindən bəhrələnir, digər tərəfdən isə bu musiqinin qanunauyğunluqlarını elmi şəkildə araşdırırdı.
Xalq mahnılarının nota köçürülməsi, xalq çalğı alətləri orkestrinin təşkili, milli musiqi alətlərinin simfonik musiqinin imkanları ilə əlaqələndirilməsi istiqamətində gördüyü işlər onun milli musiqi mədəniyyətinə kompleks yanaşmasının göstəricisidir.
Məhz buna görə Üzeyir Hacıbəylini yalnız “Azərbaycan operasının banisi” adlandırmaq onun şəxsiyyətinin miqyasını tam ifadə etmir. O eyni zamanda milli musiqi düşüncəsinin sistemləşdiricisi və Azərbaycan professional musiqi mədəniyyətinin memarıdır.
Üzeyir Hacıbəyli yaradıcılığının gücü ondadır ki, onun əsərləri yalnız yarandığı dövrün mədəni hadisələri kimi tarixdə qalmayıb. Bu musiqi bu gün də yaşayır, səslənir və yeni nəsillərlə ünsiyyət qurur.
Böyük sənətkarın dövlət və xalq tərəfindən yüksək qiymətləndirilməsi də onun Azərbaycan mədəniyyətindəki müstəsna mövqeyini təsdiqləyir. O, müxtəlif fəxri ad və dövlət mükafatlarına layiq görülmüş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Bu gün Üzeyir Hacıbəylinin əsərlərinə yenidən müraciət etdikcə bir həqiqət daha aydın görünür: onun yaratdığı musiqi məktəbi yalnız keçmişin yadigarı deyil. Bu məktəb Azərbaycan musiqi mədəniyyətinin bu günü və gələcəyi ilə də sıx bağlıdır.
Çünki Üzeyir Hacıbəyli Azərbaycan musiqisinə yalnız əsərlər bəxş etmədi. Azərbaycan musiqisində sonralar inkişaf edən bir çox istiqamətin kökündə onun başladığı böyük proses – milli musiqi təfəkkürünün professional sənət prinsipləri ilə qovuşması dayanır.
Bu baxımdan, Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə hər yeni müraciət, əslində, milli musiqi tariximizin başlanğıcına, milli mədəniyyətimizin formalaşma prosesinə və özümüzü sənət vasitəsilə dərk etməyimizin tarixçəsinə yenidən nəzər salmaq deməkdir.
Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin tarixində, sadəcə, bir ad deyil, həmin tarixin başlanğıc nöqtələrindən biridir.
Rumiyə MƏMMƏDOVA
Naxçıvan Dövlət Universitetinin müəllimi, doktorant,
Naxçıvan Bəstəkarlar Təşkilatının üzvü
Digər xəbərlər