NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Uzunömürlü nümunəvi ailələrlə görüşlər davam edir

...

“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə uzunömürlü və nümunəvi ailələrlə görüşlər davam etdirilir.
Növbəti belə görüş Şərur rayonunun Çərçiboğan kəndində, 47 illik ailə həyatı yaşayan İsmayılovlar ailəsində keçirilib. Görüşdə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də komitədə təcrübə keçən tələbə iştirak ediblər.
Tədbirdə çıxış edən komitənin şöbə müdiri Könül Babayeva və rayon İcra Hakimiyyətinin nümayəndəsi Sürəyya Bəşirova uzunömürlü ailələrin gənc nəslə örnək olduğunu vurğulayaraq bu cür ailələrin ailə dəyərlərinin qorunmasında mühüm rol oynadığını bildiriblər.
İsmayılovlar ailəsinin başçısı Məcnun İsmayılov və həyat yoldaşı Leyla İsmayılova 3 övlad, 7 nəvə sahibi olan böyük bir ailənin əsasını qoyublar. Onlar uzun və xoşbəxt ailə həyatının təməlində qarşılıqlı hörmət, səbir və milli dəyərlərə sadiqliyin dayandığını qeyd edərək, gənc nəsillə ailə həyatı ilə bağlı tövsiyələrini bölüşüblər.
Görüşün sonunda komitə və Şərur Rayon İcra Hakimiyyəti tərəfindən İsmayılovlar ailəsinə hədiyyələr və gül buketi təqdim olunub.

Nəşr edilib : 13.06.2025 19:12