NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Vətən uğrunda canından keçənlər ölməzlər

...

Şəhid məzarı qarşısında dayanmışam... Soyuq məzar, ətrafa baxan bir cüt göz, uzaqlara zillənmiş baxışlar... Bu baxışlarda nələr var, nələr. Bu baxışlarda həsrət var, bu baxışlarda nisgil, bu baxışlarda qorxmazlıq, bu baxışlarda qürur var. Bu baxışlar bizə çox şeylər anladır, əslində: Bu gün biz torpaq altda uyusaq da, arzumuza yetdiyimiz üçün ruhumuz şaddır, – deyir. Ailəmizdən, sevdiklərimizdən uzaq düşsək də, Vətən torpağına qovuşub ən müqəddəs sevgini yaşamışıq. Bizdən əvvəlki Vətən övladlarının qanını yerdə qoymadığımız kimi, bizim də qanımız yerdə qalmadı. Vətənimizin bu gün bütöv olduğunu görmək, cənnətin bir guşəsindən xalqımızın sevincini izləmək necə də gözəldir deyir.
Bu məğrur baxışlı şəhidimiz 1992-ci ilin soyuq bir qış günündə Ordubad rayonunun Azadkəndində dünyaya göz açan Namiq Xəlillidir. Balaca vaxtlarından hərbiyə xüsusi marağı olan Namiq hərbi liseyə daxil olur, sonrakı təhsilini Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirir. 2016-cı ildə təhsilini başa vuran şəhidimiz təyinatını Qıvraq qəsəbəsindəki hərbi hissəyə alır və bundan sonra ölkəmizin müxtəlif bölgələrində xidmət edir. “Namiq istiqanlı, bərk uşaq idi”, – deyir atası Həsən əmi. “Oğlum bölük komandiri kimi əsgərlərinə xüsusi qayğı ilə yanaşırdı. Şəhadətindən sonra yoldaşlarının onun haqqında dedikləri sözlər qəlbimi dağa döndərdi”. 
Heç vaxt ən pis vəziyyətdə olsa belə halından şikayətlənməyən qəhrəmanımızın dilində yalnız bir kəlmə vardı “Yaxşıyam”. Təkcə bu söz belə onun hər çətinliyin öhdəsindən gələcək bir gücə malik olduğundan, igidliyindən, qorxmazlığından soraq verirdi.
Oktyabr ayının 23-də Laçın uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub Namiq Xəlilli. Düşmən qarşısında mərd-mərdanə dayanan igidimiz son ana qədər torpaqlarımız uğrunda qəhrəmancasına döyüşərək həlak olub. Ölümündən sonra o “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
“Bu gün hər birimiz qalib xalqın nümayəndəsiyik. Alnımız açıq, üzümüz ağdır”, – deyən şəhid atası sözlərinə əlavə edir: “Mən fəxr edirəm ki, mənim övladım Namiqin də ölkəmizin haqq savaşında payı var”.
Artıq şəhidlərimizin qanları ilə yuduqları Vətən torpağı yeni növrağına qovuşur. Bu gün həmin torpaqlardan güllə səsi deyil, toy səsi ucalır hər tərəfə. Bu isə Namiq kimi igid oğullarımızın hesabınadır. O igidlər ki, onlar heç vaxt qədirbilən xalqımız tərəfindən unudulmayacaq.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 10.11.2025 20:38