NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Vüqar Rəhimzadə: Həmrəylik Günü xalqımızın birliyini, soydaşlarımızın həmrəyliyini əks etdirir

...

Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının  milli qürur rəmzinə çevrilib

Müasir müstəqil, qalib  Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı çağırışlar Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etməklə yanaşı, ölkəmizin inkişaf yolunun parametrlərini müəyyənləşdirdi. Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı  ilk gündən qarşıya qoyduğu əsas hədəflərdən biri  Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, həmrəyliyi məsələsi  oldu.

 Dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə azərbaycançılıq ideologiyasının inkişafını, təbliğini prioritet məsələ kimi qarşıya qoyaraq bu istiqamətdə önəmli addımlar atmışdı. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına şərait yaratdı, xalqımızın özünüdərkini və soykökünə qayıdışını təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsində dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində  mühüm tarixi qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabr tarixinin dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul olundu. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi və həmin vaxtdan etibarən bütün azərbaycanlılar bu günü ən əziz bayramlarımızdan biri kimi qeyd edirlər.

Dünya azərbaycanlılarının həmrəyliyini, onların vahid amal ətrafında təşkilatlanması prosesini daim diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqımızın birliyi və ideoloji həmrəyliyi yolunda inamlı addımlar atdı. Artıq həmin vaxtdan indiyədək Həmrəylik Günü Azərbaycanda və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı artıq hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib.

 

 

Nəşr edilib : 30.12.2025 11:10