NAXÇIVAN :

08 Mart 2026, Bazar

Xalqın sevdiyi Prezident, xalqını və dövlətini sevən LİDER

...

Prezident İlham Əliyev: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək  mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm".

Azərbaycan Respublikası indi dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. İstər siyasi imicinə görə, istər iqtisadi inkişafına görə Azərbaycan ehtiramla əhatələnən dövlətlərdən biridir. Buna görə dünya siyasətçiləri də, xalq da Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyevə böyük ehtiram göstərir. Ətrafında sıx birləşən xalq Prezidentini sevir, Prezidentinə inanır, güvənir. O lider xoşbəxtdir ki, əməlləri ilə xalqın və dövlətin məhəbbətini qazana bilir. Xalq da ən çətin vəziyyətlərdə öz liderinə güvənir, taleyini ona etibar edir. Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyev məhz belə bir liderdir. Dünyanın tarazlığının pozulduğu bir zamanda tək öz ölkəsində deyil, dünyanın hər tərəfindən baxanda da nəhəng görünən, əzəməti ilə seçilən Qalib Lider!
Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamı ilə tarixi Zəfərinə, suverenliyinin tam bərpasına qovuşan Azərbaycan indi daha böyük hədəflərə doğru addımlayır. Bu gün adı dünya miqyasında güclü ölkələr sırasında çəkilən Azərbaycanın nüfuzu getdikcə daha da artır. Bunun da  başlıca səbəbi ölkəmizin lideri, Prezident İlham Əliyevin tam müstəqil xarici siyasət yürütməsi, sözünə sadiq lider olmasıdır. Bu gün Prezident İlham Əliyev təkcə Azərbaycanın, Qafqazın alternativsiz ­lideri deyil, dünya miqyasında tanınan siyasətçidir.
“Bizim sözümüz imzamız qədər keçərlidir”, – deyən Prezident İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Ulu Öndərimizin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha aydın görünür. 
Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində mühüm dəyişikliklər baş verir. Bu dəyişikliklərin, uğurlarla zəngin inkişafın müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Doğru zamanda doğru qərarlar verən, real hədəflər seçən, önəmli strateji dəyişikliklərə gətirib çıxaran ideya və planların müəllifi kimi çıxış edən Azərbaycan Prezidenti həm də islahatçı bir lider olaraq çağdaş tariximizin yaradılmasında misilsiz xidmətlər göstərir.
İndi müstəqil Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə daha xoşbəxt gələcəyinə doğru inamla irəliləməkdədir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan sabitlik diyarı, böyük investisiyalar məkanı, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Xalqın rəhbəri olaraq dövlət başçısı ötən müddət ərzində Azərbaycanı lider ölkələr cərgəsinə çıxarmışdır. 
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının yüksək dinamizmlə davam etdirilməsi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması Azərbaycanı uğurlu inkişaf yoluna çıxarmış, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin əsas təminatçısına çevirmiş, beynəlxalq əlaqələrinə ciddi impulslar vermişdir. Ulu Öndərimizin  “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deməklə cəmiyyətə özünün layiqli siyasi varisi kimi təqdim etdiyi Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə respublikamızın qarşısında duran prioritet vəzifələri dəqiq müəyyənləşdirməklə hər bir vətəndaşın maraq və mənafeyinə hesablanan çevik siyasət həyata keçirmiş, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqeyinin möhkəmləndirilməsi üçün səylə çalışmışdır. 

“Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu ən böyük mükafatdır” – bu sözlərin müəllifi Prezident İlham Əliyevin xarizmasına olan inam da məhz onun idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Prezidentimizin liberal baxışlar sistemi, xarakterinə xas olan humanistlik və xeyirxahlıq cizgiləri, eləcə də zəruri məqamda yüksək qətiyyət, prinsipiallıq göstərmək əzmi onun qısa müddətdə cəmiyyətdə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi dəstəklənməsini təmin etmişdir. “Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” – bu sözləri cənab İlham Əliyev prezidentliyinin ilk günlərində bəyan etmişdi. Bu günün ən tutarlı cavabı isə ötən müddət ərzində həyata keçirilmiş işlərin miqyası, əhəmiyyəti və bir də Azərbaycan xalqının öz Prezidentinə bəslədiyi səmimi məhəbbətdə ifadə olunmuş minnətdarlıq duyğusudur.
Prezident İlham Əliyev bütün sahələrdə Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirir. O, Heydər Əliyev kimi xalqın problemlərini xalqın özündən öyrənməyə daha çox üstünlük verir. Ona görə də xalqla birbaşa təmasda olur, yerlərdə sıravi vətəndaşlarla daim görüşlər keçirir, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində qərarlar qəbul edir. Ölkə başçısı müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı səddi aradan götürməyi bacarır. Onun vətəndaşların problemlərinə həssas yanaşdığını son dövrlər imzaladığı sərəncamlar da açıq-aydın göstərir. Hər bir vətəndaşı diqqətlə dinləyən, onların problemlərinin həlli üçün lazımi göstərişlər verən Prezident İlham Əliyevin vətəndaşlarla görüşlərində qaldırılan elə bir problem yoxdur ki, öz həllini tapmasın. 
“Prezident o vaxt sevinir ki, onun xalqı sevinir”, – deyən Prezident İlham Əliyevin bu sözləri dövlət başçısının xalqa yanaşmasının ən mükəmməl göstəricisi, onun mənsub olduğu xalqa, lideri olduğu cəmiyyətə həssas və yüksək diqqətlə, böyük qayğıkeşliklə yanaşmasının daha bir bariz sübutudur. Bunun nəticəsidir ki, müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən olan sürətli inkişafın ən mühüm cəhətlərindən biri yaşanan tərəqqinin hər bir ölkə vətəndaşının, hər ailənin həyatında öz əksini tapmasıdır.
Bu gün sadə vətəndaşın qayğıları ilə yaşayan, onu duyan və həlli istiqamətində konkret addımlar atan ölkə Prezidenti bununla həm də insanlar tərəfindən alqışlanaraq təqdir olunan gözəl bir nümunəyə hərzamankı sadiqliyini nümayiş etdirir. Vətəndaş görür ki, onun səsini daim eşidəcək, hüquqlarını müdafiə edəcək Prezidenti var. Daim xalqın xidmətində olan dövlət başçısı hər zaman lideri olduğu xalqa arxalandığını böyük qürur hissi ilə bəyan edir və bildirir ki, onun əsas missiyası mənsub olduğu xalqa xidmət etməkdir. Bütün işlərində xalqına arxalanan dövlət başçısı bundan sonra da əsas işinin məhz xalqına xidmət etməkdən ibarət olacağını qürur hissi ilə vurğulayır və göstərilən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi sayəsində Azərbaycanda belə nəhəng miqyaslı işlərin görüldüyünə diqqət çəkir. Bu həm də Prezident cənab İlham Əliyevin xalqına, Azərbaycan vətəndaşına nə dərəcədə böyük dəyər verməsinin real təzahürüdür. 
Hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq cənab İlham Əliyev ölkənin müxtəlif bölgələrinə səfərlərində insanlarla təmasa daim xüsusi önəm verir.  Bu görüşlərdə sadə insanların hansı problemlərlə üzləşməsi də dövlət başçısını daim yaxından maraqlandırır. Problemlər olduğu təqdirdə onun elə yerindəcə həllinə dair Prezident tərəfindən müvafiq göstərişlərin verilməsi artıq xoş bir ənənə halını almışdır. Bu da, öz növbəsində, Prezidentə cəmiyyətdə duyulan inamı, etimadı daha da artırır. 
Prezident-xalq birliyi uğurlarımızın əsası kimi daim vurğulanır. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də qeyd olunur ki, Azərbaycan xalqının Prezidentinə inamı sonsuzdur. Bu inamın olduğu ölkədə heç bir narazılıqdan söhbət gedə bilməz. Təbii ki, bu inamı dövlətimizin başçısı İlham Əliyev uğurlu siyasəti, liderlik keyfiyyətləri ilə qazanıb. Hər bir addımda özünə diqqətin və qayğının şahidi olan xalqda Prezidentinə inam, etimad, sevgi böyükdür. Prezident İlham Əliyev jurnalistlərə ilk müsahibəsində “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” söyləyərək onu da bildirmişdir ki,  mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin. Daim xalqına arxalanan, xalqdan güc alan Prezident İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bunu ölkədə xalq-Prezident birliyinin sarsılmazlığı, xalqın inamı və etimadı təsdiqləyir. 
Qədirbilən xalqımız müstəqilliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ideyalarını əsas tutaraq müstəqillik yolu ilə inamla daha xoş gələcəyə doğru irəliləyir. Bu irsi uğurla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə yalnız torpaqların işğaldan azad edilməsi deyildi. Bu həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi. Xalq-dövlət-ordu birliyi, Ali Baş Komandanın müdrik qərarları ilə əsl qəhrəmanlıq dastanı yazdı. Bu zəfər Azərbaycan xalqının gücünü, iradəsini və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. 
Bu şərəfli yolun mühüm iştirakçılarından biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Onun fəaliyyəti ölkənin sosial, mədəni və humanitar sahələrinin inkişafına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə Azərbaycanın dünya miqyasında tanınmasına xidmət edir. Onun təşəbbüsləri sayəsində Azərbaycanın tarixi abidələri bərpa edilir, milli mədəniyyətimiz qorunur və beynəlxalq səviyyədə təbliğ olunur.  Mehriban xanımın apardığı bu işlər Azərbaycanın tolerantlıq və humanizm dəyərlərini dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və bərpa işləri aparır. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərlər salınır, yeni infrastruktur qurulur, tariximizin və mədəniyyətimizin izləri yenidən dirçəlir. Bu quruculuq həm də Azərbaycanın güclü, qüdrətli və yenilməz bir dövlət olduğunu sübut edir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi, Dövlət Bayrağını Xankəndi şəhərində dalğalandırdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu fakt həm də milli dövlətçilik tarixində sovet ittifaqının dağılmasından sonra ərazi bütövlüyümüzün bərpası, Qələbəmizin tam təmin və rəsmi təsdiq olunması kimi yaddaşımıza həkk edildi.
Ata nəsihətini əsl oğul ləyaqəti ilə yerinə yetirən Prezident İlham Əliyev çağdaş Azərbaycanın tarixinə öz adını hər zaman parlayacaq qızıl hərflərlə həkk etməyi bacardı. Ona görə də 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. 
Bu gün Azərbaycan bütün dünya dövlətləri tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur. Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi hər zaman nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyev nəyi, necə və nə vaxt edəcəyini bilən liderdir. Dövlət başçısı perspektivləri görür, hər bir qərarını dəqiq hesablayır və ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyev bu məqsədə ən çətin yolla, güclü beynəlxalq təzyiqlərə, bəzi dövlətlərin və təşkilatların müqavimətinə baxmayaraq, heç bir güzəştə getmədən çatdı. Bu prosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini, beləliklə dünya siyasi arxitekturasının tamamlanması işinə dəstəyini yüksək qiymətləndirir. 
Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirdi. Bu diplomatik uğurları  ilə Prezident İlham Əliyev sübut etdi ki, o,  təkcə müharibənin qalibi deyil, həm də sülhün müəllifidir. Prezident İlham Əiyevin də dediyi kimi: “Bu gün, həqiqətən də, tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda bütün dünya üçün böyük bir imkandır”.
Artıq dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürur duyur  ki, onun  Azərbaycan adlı qalib  dövləti,  Şuşada, Laçında, bütöv Azərbaycanın başı üstə məğrurluqla dalğalanan bayrağı, Vətəni üçün keçilməz sədləri aşıb ona can qurban edən igid oğulları və hər bir azərbaycanlının Prezidenti olan Müzəffər Sərkərdəsi, xalqın sevdiyi və xalqını sevən müdrik bir rəhbər, qətiyyətli bir Lider var!

Məhəbbət MİRZƏYEVA
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 18.08.2025 10:00