NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Xalqın vahid ideologiya ətrafında birliyi Ulu Öndərin adı ilə bağlıdır

...

Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, – deyən Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Qərar qəbul olunmuşdur. Həmin qərara əsasən 1991-ci ilin 31 dekabr tarixi ilk dəfə olaraq həmrəylik bayramı kimi qeyd edilmişdir. Dahi şəxsiyyətin rəhbərliyi və təşəbbüsü ilə atılan bu qətiyyətli addım dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi istiqamətində Ulu Öndərin həyata keçirdiyi bu uzaqgörən siyasət müstəqil Azərbaycanın gələcək inkişafına əsaslı zəmin yaradan faktorlardan biri olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın qurtuluş, özünə qayıdış dövrü oldu. Ona görə ki, həmin dövrdə muxtar respublikada görülən məqsədyönlü işlərdə milli birlik və həmrəylik ön sırada dayanırdı. İşğal təhlükəsi ilə üz-üzə qalmış, dünyadan, demək olar ki, təcrid olunmuş Naxçıvanın sabaha gedən yolu, məhz muxtar respublika sakinlərinin Ümummilli Liderimizin ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi ilə mümkün oldu. Təsadüfi deyil ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də milli birlik və həmrəylik, Azərbaycançılıq olmuşdur.

Dünya azərbaycanlılarının milli həmrəyliyi istiqamətində görülən işlər Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha da genişlənmiş, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılmışdır. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Bu görüşlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri olmuşdur.

Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay olmuşdur. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini vermişdir. Ümummilli Lider həmin qurultayda çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkmiş, bunun üçün zəruri olan istiqamətləri diqqətə çatdırmışdır. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması baxımından mühüm tədbir olmaqla yanaşı, soydaşlarımızın həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalmışdır.

Bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızın ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. İldən-ilə siyasi, iqtisadi, mədəni, diplomatik nüfuzu artan Azərbaycan artıq beynəlxalq aləmdə mühüm tərəfdaşlardan birinə çevrilib. Prezident İlham Əliyev tərəfindən dünya azərbaycanlılarının toplaşdığı diaspor təşkilatları ilə daha yaxından iş aparılır. Bunun nəticəsində Azərbaycan haqqında məlumatlar daha obyektiv və sistemli şəkildə bütün dünyaya çatdırılır. Milli birliyimiz və həmrəyliyimizin sarsılmazlığının təcəssümü isə 2020-ci il  sentyabrın 27-də başlayan Vətən müharibəsində özünü bir daha təsdiqlədi. Azərbaycan dövlət-ordu-xalq şəklində – bir yumruqtək birləşərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Dünya Azərbaycan xalqının bu birliyinin nələrə qadir olduğunu aydın şəkildə dərk etdi. Ölkə Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına müraciətlərinin birində dediyi kimi: “Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir”.

Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 30.12.2025 09:45