DİM: İstifadəçilər "Şəxsi kabinet"lərinə yalnız et...
17:37 02.11.2026
0
0
0
NAXÇIVAN :
02 Noyabr 2026, Bazar ertəsi
İqtisadiyyatın inkişafında xarici ticarətin genişlənməsi iqtisadi fəallığın mühüm göstəricilərindən biridir. Xarici ticarət yerli istehsalın xarici bazarlara çıxış imkanlarının genişlənməsi, məhsul keyfiyyətinin yüksəldilməsi, müəssisələrin rəqabət qabiliyyətinin artırılması və sahibkarların daha geniş biznes əlaqələrinə qoşulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, cari ildə Naxçıvanda xarici ticarət dövriyyəsinin artması regionun istehsal və istehlak potensialının xarici bazarlarla qarşılıqlı əlaqələrinin güclənməsi kimi qiymətləndirilə bilər.
Bu mənzərəni Naxçıvanda 2026-cı ilin ilk 9 ayında müşahidə olunan xarici ticarət göstəriciləri əsasında da aydın görmək mümkündür. Belə ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəsmi məlumatına əsasən muxtar respublikanın xarici ticarət dövriyyəsi cari ilin yanvar-sentyabr aylarında 155,7 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin 67,3 faiz, idxalın 53,9 faiz artması, ixracın həcmində isə 2,8 dəfə yüksəlişin qeydə alınması xarici iqtisadi əlaqələrdə əhəmiyyətli canlanmanın baş verdiyini göstərir. Xüsusilə ixracın daha yüksək artım tempi Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması imkanlarının genişləndiyini nümayiş etdirən mühüm göstəricidir. İdxalın artması isə bir tərəfdən istehsal və investisiya fəaliyyəti üçün zəruri mallara tələbatın yüksəlməsi, digər tərəfdən daxili bazarın xarici məhsullara olan tələbatı ilə əlaqələndirilə bilər.
İxracın, xüsusilə də qeyri-neft məhsulları üzrə ixracın artırılması ölkəmizdə qarşıya qoyulan əsas iqtisadi vəzifələrdəndir. Bu mənada, Naxçıvanın xarici ticarət əlaqələrinin coğrafiyası da diqqət çəkir. Xarici ticarət dövriyyəsinin 31,7 faizinin Türkiyə, 12,6 faizinin Çin, qalan hissəsinin isə Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran, Gürcüstan, Rusiya və digər ölkələrlə aparılan ticarət əməliyyatlarının payına düşməsi muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin müxtəlif istiqamətləri əhatə etdiyini göstərir.
Qeyd edək ki, bu sahədə qarşıya qoyulan konkret vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Belə ki, Tədbirlər Planının 8.3.3-cü bəndində Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq hesabat dövründə muxtar respublikada istehsal edilərək ixraca yönəldilən məhsulların 50,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 14,5 faizi Gürcüstana, 9,5 faizi Səudiyyə Ərəbistanına, 6,5 faizi Qırğızıstana, hər biri 4,9 faiz olmaqla Yəmən və İrana, 3,9 faizi Keniyaya, 2,7 faizi isə Türkiyəyə ixrac edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac olunan əsas məhsulların ümumi həcmi 18,1 milyon ABŞ dolları və ya 175,1 faiz artaraq 28,4 milyon ABŞ dollarına çatıb. İxracın həcminin yüksəlməsi, əsasən, duz, kükürd və tikinti materialları, taxıldan hazırlanan məhsullar, mineral yanacaq məhsulları və içkilərin ixracının artması hesabına təmin olunub. Bu göstəricilər Naxçıvanda istehsal olunan məhsulların yeni bazarlara çıxarılması ilə yanaşı, mövcud istehsal sahələrinin xarici tələbatdan faydalanmaq imkanlarının da genişləndiyini göstərir.
İdxal göstəricilərində də artım müşahidə olunub. Hesabat dövründə idxal olunan əsas malların ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 44,6 milyon ABŞ dolları və ya 53,9 faiz artaraq 127,3 milyon ABŞ dolları təşkil edib. İdxaldakı yüksəliş başlıca olaraq istehsal və investisiya təyinatlı mallar, o cümlədən maşın, mexanizm və avadanlıqlar, qara metallar və digər sənaye malları, habelə tütün məmulatları hesabına formalaşıb. Artımın bütövlükdə gömrük rüsumlarından azad idxal hesabına baş verməsi, rüsuma cəlb olunan idxalın isə 7,7 faiz azalması idxalın strukturunda müəyyən dəyişikliklərin olduğunu göstərir. Xüsusilə istehsal və investisiya təyinatlı malların idxalında artımın qeydə alınması iqtisadi fəallığın genişlənməsi, yeni istehsal imkanlarının formalaşması və müəssisələrin texniki təminatının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Ümumilikdə, xarici ticarət göstəricilərində qeydə alınan artım Naxçıvan iqtisadiyyatının xarici bazarlarla əlaqələrinin genişləndiyini, ixrac imkanlarının artdığını və istehsal-investisiya fəallığının güclənməsi üçün yeni imkanların yarandığını göstərir. Bununla belə əldə olunan müsbət dinamikanın davamlı iqtisadi nəticələrə çevrilməsi üçün ixracın yalnız həcminin deyil, məhsul çeşidinin və coğrafiyasının da genişləndirilməsi, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması və səmərəli logistika imkanlarının formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlərin ardıcıl davam etdirilməsi Naxçıvanda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, eyni zamanda Azərbaycanın ümumi ixrac potensialına muxtar respublikanın töhfəsinin artırılmasına xidmət edəcək.
Əli CABBAROV
Digər xəbərlər