NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Qlobal Bakı Forumu Azərbaycanın strateji rolunu bir daha təsdiqləyir

...

Beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Martın 12-də Prezident İlham Əliyevin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Dünyanı sülhə, ədalətə səsləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi illərdir, uğurlu fəaliyyəti ilə beynəlxalq əməkdaşlıq platformasına çevrilib.

Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni – Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən   Prezident İlham Əliyev deyib: “Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər”.

Bu gün Azərbaycan mühüm söz sahibi kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır.  XIII Qlobal Bakı Forumunun ölkəmizdə  keçirilməsi  Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.

         Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

 

Nəşr edilib : 13.03.2026 10:03