NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Xocalıda Azərbaycan Bayrağı qaldırılmaqla tarixi ədalət bərpa olundu

...

Azərbaycanın tarixində unudulması mümkün olmayan, bütövlükdə, xalqın qəlbində dərin iz salan elə hadisələr də vardır ki, heç zaman xalqın qan yaddaşından silinmir. Ermənilərin törətdikləri Xocalı soyqırımı da belə dəhşətli hadisələrdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Vətən müharibəsində tarixi zəfərdən sonra Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Xocalı faciəsi Azərbaycanın müstəqillik yolunda keçdiyi ən ağır sınaqlardan biri oldu. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir millətin ürəyində dərin bir yara açdı. Xalqımız üçün Xocalı təkcə bir faciə deyil, həm də ədalət uğrunda mübarizənin simvoluna çevrildi. Xocalı faciəsini dünyaya tanıtmaq və ədalətin bərpa olunması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sistemli və ardıcıl siyasət yeridir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər – hansılar ki işğal altında idi və separatçılar orada at oynadırdılar, – azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.”.

Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz xidmətləri sayəsində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində beynəlxalq tədbirlər, sərgilər, konfranslar keçirilmiş, Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılmışdır. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir.

Erməni faşizminə tarixdə ən böyük zərbə olan 44 günlük Vətən müharibəsi və qazandığımız tarixi qələbə ilə Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı. Bu gün qürur duyuruq ki, faciənin 34-cü ilində Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Bu əzəmətli bayraq Ali Baş Komandan İlham Əliyevin əzmi, minlərlə şəhid və qazimizin şücaəti ilə dalğalanır Xocalıda. Onun dalğaları hər bir xocalılının qisasının alındığını yayır yurd yerlərinə. Prezident İlham Əliyevin dediyi kimi: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm”. 44 günlük Vətən müharibəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun parlaq zəfəri ilə başa çatdı. Rəşadətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi Kapitulyasi­ya Aktını imzalamağa məcbur oldu. Qarabağ zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla ya­naşı, Xocalı soyqırımını törədən cinayətkarlar ədalət məhkəməsi qar­şısında cavab verdilər.

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və ermənilər tərəfindən işğal edilmiş ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi isə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Tarixi zəfərə imza atıldı, Azərbaycan Qarabağa qovuşdu, Xocalıda bu gün Azərbaycan bayrağı dalğalanır, şəhidlərimizin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Bu qələbəni, zəfəri bizə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Prezident İlham Əliyevin dediyi kimi: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir” sözləri Zəfər salnaməmizin yazılmasında hər kəsin birliyini bir daha nümayiş etdirdi.

Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası

 Ali Məclisinin deputatı

Nəşr edilib : 25.02.2026 17:35