NAXÇIVAN :

20 Iyun 2026, Şənbə

Yaddaş yaşadıqca yurd da yaşayır

...

Ordubadda keçirilən “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı qədim yurd yerlərinin xatirələrini, milli-mənəvi dəyərləri və qayıdış arzularını bir yerə topladı. Bu festival köhnəlmiş xatirələrin vərəqlənməsindən daha çox, zamanın sınağından keçib gələn sönməz bir ocağın yenidən alovlanması idi.
Meydanda addım-addım Qərbi Azərbaycanın mənəvi coğrafiyası canlanırdı. Aşıqların sinəsinə yasladığı sazların pərdələrindən süzülən hər nəğmə sanki Göyçənin, İrəvanın, Zəngəzurun dağlarından əsən mehi bura daşıyırdı. Qədim el havaları həm də o torpaqların harayı, nisgili və sarsılmaz dönüş ümidi idi. Qəlblərdən süzülüb gələn hər yanıqlı bayatı, hər xalq mahnısı festivalın ruhuna hoparaq iştirakçıları zamanın o üzünə, doğma yurd yerlərinə aparırdı.
Festivala qədəm qoyan hər kəs sazın kövrək sədaları, bayatıların hikmət dolu misraları və yallının ahəngdar ritmi ilə qarşılaşırdı. Elə bil sazın hər simi Qərbi Azərbaycanın dağlarından, dərələrindən, bulaqlarından bir xəbər gətirirdi. Burada Qərbi Azərbaycanın zəngin folkloru yenidən canlanır, illərin o tayından gələn mədəni irs bu günün nəfəsi ilə qovuşurdu.
Doğma yurd yerlərindən uzaq düşsələr də, insanların qəlbində yaşatdığı adət-ənənələr, el nəğmələri və folklor nümunələri bu gün də öz canlılığını qoruyub saxlayır. Festival çərçivəsində təşkil olunan görüşlərdə Qərbi Azərbaycan sakinləri doğma torpaqlarla bağlı xatirələrini bölüşür, söylədikləri bayatılarla keçmişin izlərini bu günə daşıyırdılar.
Festivalın ən təsirli anlarından biri isə Qərbi Azərbaycandan olan ağbirçəklərlə etdiyimiz söhbət oldu. Zamanın ağır izlərini çiyinlərində daşısalar da, onların qəlbində doğma yurdun xatirələri solmayan bir bahar kimi yaşayır.
62 yaşlı Fatma xanım danışdıqca sanki zaman pərdəsi aralanır, o, illərin o tayına, uşaqlıq və gənclik illərinin işıqlı günlərinə qayıdırdı. Doğulub boya-başa çatdığı kəndin adını çəkən kimi üzündə nisgil və sevincin qarışdığı bir təbəssüm çiçəklənirdi. “O vaxtlar kəndimizdə hamı bir-birini tanıyırdı. El şənlikləri, toylar, bayramlar bir başqa olurdu. İnsanlar mehriban yaşayırdı”, – deyə o, kövrək, amma qəlbə toxunan səslə xatırlayır.
Bir qədər sonra onun dodaqlarından bir bayatı süzülüb gəldi. Hər misra doğma yurda uzanan görünməz bir yol, hər söz keçmiş günlərin işığına bürünmüş bir xatirə idi. Səsindəki Vətən sevgisi külək kimi ətrafa yayılır, festival iştirakçılarını dərin duyğulara qərq edirdi. 
Gəzirəm  suz dağları,
Bağlayıb buz dağları.
Hər kəsə şirin olar,
Öz yeri, öz dağları.

59 yaşlı Yazgül xanım da xatirələrini bölüşərkən kəndlərinin adını sevgi ilə dilə gətirir, oradakı bulaqların şəffaflığından, dağların əzəmətindən, yaşıl düzənliklərin sonsuz gözəlliyindən danışırdı. “İnsan doğulduğu yeri heç vaxt unutmur. İllər keçsə də, o torpaqlar həmişə ürəyimizdə yaşayır”, – deyə bildirir. 
Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı.
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı.

Hər iki ağbirçəyin söylədiyi bayatılar folklorun qədim inciləri olaraq  bir ömrün yaddaşına hopmuş duyğuların, bir elin-obanın həsrət və ümidlə yoğrulmuş taleyinin  dərin izlərini özündə əks etdirirdi. 
Əslində, yaddaş yaşadıqca yurd da ölmür. Bu kövrək bayatılardan keçən hər misra uzaqlarda bərq vuran o doğma torpaqlara, o müqəddəs ocaqlara doğru uzanan ən sarsılmaz mənəvi cığırdır.

 Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 20.06.2026 11:44