NAXÇIVAN :

09 Iyul 2026, Cümə axşamı

YAP-ın Sədərək və Şahbuz Rayon təşkilatlarına yeni sədrlər təyin olunub

...

İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda bəzi rayon təşkilatlarının sədrlərinin təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları, eləcə də rayon təşkilatlarına yeni sədrlərin təyin edilməsi məsələsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Qərara əsasən Vüsalə Abazər qızı Əliyeva Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri təyin olunub.
Vüsalə Əliyeva 1981-ci ildə Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. Naxçıvan Özəl Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, müxtəlif illərdə kitabxana müdiri vəzifəsində çalışıb, hazırda pedaqoji fəaliyyətini davam etdirir.
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Vüsalə Əliyeva 2011-2021-ci illərdə YAP Sədərək Rayon Təşkilatının Qadınlar Şurasının sədri olub. V və VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. O, 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub və hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin üzvüdür.
İdarə Heyətinin digər qərarı ilə Nicat Zaur oğlu Ələkbərov Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri təyin edilib.
1990-cı ildə Şahbuz rayonunda anadan olan Nicat Ələkbərov Naxçıvan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 2012-ci ildə “Bakı Metropoliteni” QSC-də başlayıb. 2015-ci ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında müxtəlif vəzifələrdə çalışıb. Son olaraq Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədr müavini vəzifəsində fəaliyyət göstərən Nicat Ələkbərov İdarə Heyətinin qərarı ilə təşkilatın sədri təyin olunub.

Nəşr edilib : 09.07.2026 18:16