NAXÇIVAN :

02 Noyabr 2026, Bazar ertəsi

Yaponiyanın Azərbaycandakı səfiri: Tokio biznes və humanitar əlaqələri genişləndirmək niyyətindədir

...

Yaponiyanın Azərbaycandakı yeni səfiri Furuya Tokuro Tokio və Bakı arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə fəaliyyətin əsas istiqamətlərini açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə diplomatın rəsmi müraciətində deyilir.

Diplomat Bakıya oktyabrın 26-da gəldiyini bildirib. Onun sözlərinə görə, bu təyinatından əvvəl o, Yaponiyada Azərbaycanla əlaqəsi olan mütəxəssislər və mədəniyyət xadimləri ilə dəfələrlə ünsiyyətdə olub. Onlar ölkə, onun mətbəxi və sakinlərinin qonaqpərvərliyi barədə xoş fikirlərini onunla bölüşüblər. Bakı ilə şəxsən tanış olmaq isə bu təəssüratları yalnız təsdiqləyib.

Furuya Tokuro Azərbaycanda yaşayan və ya ölkəyə turizm və işgüzar məqsədlərlə səfər edən Yaponiya vətəndaşlarının təhlükəsizliyinin və rahatlığının təmin edilməsini birinci prioritet adlandırıb.

Səfirin fikrincə, ikinci istiqamət humanitar və mədəni əlaqələrin intensivləşdirilməsi olacaq.

"Ölkələrimizin xalqları arasında əlaqələrin genişləndirilməsi qarşılıqlı anlaşmanın dərinləşməsinə, təcrübə mübadiləsi üçün yeni imkanların yaradılmasına və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək. Mən qəti şəkildə inanıram ki, yaxın illərdə dünyanın necə dəyişməsindən asılı olmayaraq, bu cür mübadilələrin ardıcıl inkişafı gələcək əməkdaşlığımızın təməli olacaq", - diplomat vurğulayıb.

Furuya Tokuro Yaponiyanın Azərbaycandakı mövcudluğunun gücləndirilməsini üçüncü prioritet adlandırıb. O, sivilizasiyaların kəsişməsində yerləşməsi sayəsində ölkənin energetika, logistika və rəqəmsal texnologiyalar sahələrində əsas qovşaq kimi artan rolunu qeyd edib.

Tokuro regionda Yaponiya biznesinin genişlənməsinə dəstək vermək və ölkə mədəniyyətini təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da təbliğ etmək niyyətində olduğunu bildirib.

"Bu üç məqsədi rəhbər tutaraq Yaponiya və Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi istiqamətində fəal və ardıcıl surətdə çalışacağam", - o vurğulayıb.

Nəşr edilib : 02.11.2026 12:46