NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

“Yarımçıq qalmış roman” adlı kitab nəşr olunub

...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun “Yarımçıq qalmış roman” adlı kitabı nəşr olunub. 
“Şərq qapısı” xəbər verir ki, nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində tarix yazan, Vətən uğrunda qəhrəmancasına canını fəda edib şəhidlik zirvəsinə ucalan Nicat Məmmədlidən bəhs olunub. 
Şəhid Nicat Məmmədli Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biridir. Onun qısa, lakin mənalı ömür yolu gələcək nəsillərə örnək olacaq qədər şərəfli və ilhamvericidir. Bu dəyərli xatirəni yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə Nicat Məmmədlinin ailəsi Elxan Yurdoğluna müraciət edərək şəhidin həyat yolunu əhatə edən bir kitabın hazırlanmasını xahiş edib. 
Müəllif Nicat Məmmədlinin ailəsinin, doğmalarının, müəllimlərinin, dostlarının, sinif, kursant, tələbə və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və öz düşüncələrini də əlavə edib. 
Nəşrdə nurüzlü şəhidin uşaq yaşlarından başlayaraq həyatının hər bir mərhələsinə aid fotoşəkillər, ona həsr edilən şeirlər, hətta onun iş dəftərinin hər bir səhifəsi yer alıb. 
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 432 səhifəlik kitabın redaktoru “Şərq qapısı” qəzetinin şöbə müdiri Aidə İbrahimovadır. 
Elxan Yurdoğlu tərəfindən qələmə alınan “Yarımçıq qalmış roman” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif həm publisistik, həm də bədii ifadə vasitələrilə Nicat Məmmədlinin həyat fəlsəfəsini, vətən anlayışını və şəhidlik zirvəsinə yüksələn mənəvi dünyasını oxucuya çatdırıb. Kitab bir şəhidin həyatına işıq tutmaqla bərabər gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyətə malikdir. 
Onu da qeyd edək ki, Nicat Məmmədli 31 iyul 1999-cu ildə anadan olub. Bu münasibətlə bu gün – Nicat Məmmədlinin mövlud ildönümündə kitabın Culfa Rayon Mədəniyyət Evində təqdimatı keçirilib. 
Təqdimat mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, Culfa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid Mərhəmət Həmzəyevin anası, qazi Yelmar Dilavərli, Dövlət Gömrük komitəsinin əməkdaşı, şəhidin döyüş və kursant yoldaşları, həmçinin şəhid Nicatın valideynləri çıxış ediblər. 
Tədbirin sonunda şəhid Nicat Məmmədliyə aid videoçarx və Culfa Rayon Mədəniyyət Şöbəsinin hazırladığı kompozisiya nümayiş etdirilib.

Nəşr edilib : 31.07.2025 18:11