Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
Noyabrın 21-i Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar və unudulmaz təqvimlərindən biri – Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.
1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi – xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı cənab İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orada öyünə biləcəyimiz nailiyyətimiz olmasın.
Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə deyib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Son prezident, parlament və bələdiyyə seçkiləri göstərdi ki, xalq partiyaya yüksək etimad göstərir. İstər 92,12 faiz səslə Yeni Azərbaycan Partiyasının namizədi kimi cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də yenidən Prezident seçilməsi, istər 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazanaraq parlamentdə 68 millət vəkili ilə təmsil olunması, istərsə də 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə əldə edərək yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etməsi bunu sübut edən vacib amillərdir.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 730 mindən çox üzvü var. Bu üzvlərin böyük hissəsi – 300 minə yaxını gənclərdir ki, onlar da Azərbaycanın tarixi zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri sayəsində Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Hazırda Qarabağda və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı uğurla icra olunur, geniş quruculuq işləri görülür, tarixi-mədəni abidələrimiz, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz bərpa olunur, soydaşlarımız öz əzəli yurdlarına geri dönürlər. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin nüfuzu beynəlxalq səviyyədə xeyli güclənib. Azərbaycan etibarlı dost, tərəfdaş kimi mühüm təşkilatlarda təmsil olunur, bütün platformalarda öz sözünü çəkinmədən, qətiyyətlə deyir. “Cənub Qaz Dəhlizi” layihəsinin müəllifi olan respublikamız bu gün 14 ölkənin mavi yanacağa olan tələbatını ödəməklə coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında liderdir. Ötən il COP29 kimi ümumbəşəri missiya daşıyan nəhəng konfransa layiqli ev sahibliyi etməklə müasir çağırışlara cavabını ən inamlı və qəti şəkildə verən, “yaşıl enerji” gündəliyi kifayət qədər geniş və əhatəli olan Azərbaycan günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Ölkəmiz Çindən Avropaya qədər uzanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əvəzolunmaz parçası kimi qitələrarası iqtisadi, ticari körpü rolunu oynayır, beynəlxalq münasibətlərin tənzimlənməsində etibarlı vasitəçilik missiyası yerinə yetirir. Respublikamız Prezident İlham Əliyevin məharətli diplomatiyası sayəsində müharibə meydanında qalib olduğu kimi, sülh arenasında da qələbə qazanıb, bu il avqustun 8-də Vaşinqtonda tarixi razılaşmalara nail olmaqla bölgəyə etibarlı sülh və əməkdaşlıq mühiti gətirməkdədir.
Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndərin ideya və arzuları ən yüksək şəkildə yaşadılır. Tarixi zəfərdən sonra yaranmış yeni reallıqlar, sülh platforması fonunda Azərbaycan partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla, qətiyyətlə irəliləyir.
Nail ƏSGƏROV
Digər xəbərlər