NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

Yerli özünüidarəetmə orqanlarına seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib

...

Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və görüşün əhəmiyyətini vurğulayıb.
Şərur rayonu üzrə bələdiyyələrdə təmsil olunanların 40%-i qadınlardır deyən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirmişdir ki, yerli özünüidarəetmə orqanları cəmiyyətin gündəlik problemlərinə ən yaxın olan strukturlardır.
Bələdiyyələrdə qadınların təmsilçiliyinə dair statistik məlumatları təqdim edən komitə sədri bildirmişdir ki, Şərur rayonu üzrə 1 şəhər və 64 kənd olmaqla, ümumilikdə, 65 ərazini əhatə edən 12 bələdiyyə fəaliyyət göstərir ki, 140 nəfər bələdiyyə üzvlərinin  40%-ni qadınlar təmsil edir. Bələdiyyə sədrlərinin 33.3%-i, müavinlərinin 16.7%-i qadınlardır. 1 şəhər 38 kəndi əhatə edən ərazinin bələdiyyə sədri kişi, 26 kəndi əhatə edən əraziyə isə qadın bələdiyyə sədrləri rəhbərlik edir. Komitə sədri həmin orqanlarda qadınların təmsil olunmasının təkcə statistik göstərici deyil, həm də qərarların daha ədalətli, inklüziv və ehtiyaclara cavab verən şəkildə qəbul olunmasına bir zəmanət olduğunu vurğulamışdır. Komitənin əsas məqsədlərindən biri ailə institutunun möhkəmləndirilməsi, qadınların ictimai-siyasi və iqtisadi fəallığının artırılması, uşaqların hüquqlarının müdafiəsidir. Bu vəzifələrin yerinə yetirilməsində icmalar xüsusi rola malikdir. Birgə fəaliyyətin hüquqi və funksional əsası həm komitənin nümunəvi əsasnaməsində, həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən nizamnamələrində öz əksini tapmışdır. R.Seyidova icmaların həm ümumi vəzifələrini, həm də komitə ilə birgə fəaliyyət çərçivəsindəki konkret vəzifələrini aydın şəkildə vurğulayaraq bildirmişdir ki, sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının müəyyənləşdirilməsi, onların müdafiəsi, qadınların ictimai-siyasi və iqtisadi fəallığının artırılması, uşaqların hüquqlarının qorunması və cəmiyyətdə gender bərabərliyinin təşviqi fəaliyyətimizin əsas istiqamətlərindəndir. Bu fəaliyyət həm hüquqi baxımdan əsaslı, həm də sosial baxımdan zəruridir. Komitə sədri, həmçinin ailə və qadın hüquqlarının qorunması sahəsində qəbul olunmuş qanunvericilik aktları, xüsusilə də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun bu istiqamətdə sistemli tədbirlərin həyata keçirilməsinin hüquqi əsaslarını qeyd edib.
Müvafiq komissiyalar təkcə inzibati funksiya daşımaqla kifayətlənmir, eyni zamanda cəmiyyətdə zorakılığa qarşı sıfır tolerantlıq mühitinin formalaşmasına xidmət edir. Birgə fəaliyyət və hüquqi əsasların birliyi bu komissiyaların işinin effektivliyini artırır.
R.Seyidova sonda qeyd etmişdir ki, müvafiq sahədəki fəaliyyət inkişaf etdirilməli, daha sistemli xarakter almalıdır. Çünki məqsədimiz eynidir: sağlam ailə, cəmiyyətin fəal qadını və xoşbəxt uşaq!
Daha sonra Şərur rayonu Dizə Bələdiyyəsinin sədri Yeganə Məmmədova çıxış edərək son illərdə ölkəmizdə qadınların ictimai-siyasi həyatda, xüsusilə də yerli özünüidarəetmə orqanlarında fəallığının artmasının, bələdiyyələrə seçilmiş qadın üzvlərin artıq təkcə icraedici yox, həm də təşəbbüskar və yönverici rolda çıxış etmələrinin sevindirici hal olduğunu qeyd edib.
 Sonda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək bildirmişdir ki, qadınların hərtərəfli inkişafı, təhsilə, iş imkanlarına çıxışının təmin olunması, zorakılığa qarşı mübarizə, həmçinin sosial dəstək proqramlarının hazırlanması və həyata keçirilməsi komitənin prioritet istiqamətlərindəndir.
Görüşdə bələdiyyə və gender komissiyalarının üzvləri, eyni zamanda sədr və müavinlər olmaqla, 120 nəfər iştirak etmişdir.

Nəşr edilib : 19.05.2025 22:36