Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərə...
12:32 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli və Sədərək rayonları üzrə yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçilən qadınlarla və gender komissiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və görüşün əhəmiyyətini vurğulayıb. K.Ələkbərov qeyd edib ki, gender bərabərliyinin təmin olunması cəmiyyətin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Belə görüşlər ictimai şüurun formalaşmasına və gender stereotiplərinin aradan qaldırılmasına töhfə verir. Kamal Ələkbərov çıxışı zamanı ölkəmizdə qadınların hüquqlarının qorunması və onların cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətində atılan addımlardan da bəhs edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi gender bərabərliyinin təmin olunması üçün möhkəm hüquqi baza yaradır. İcra başçısı bu istiqamətdə regionlarda aparılan maarifləndirmə işlərinin də mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, gender balansının qorunması yalnız qadınların deyil, bütövlükdə, cəmiyyətin inkişafına xidmət edir. Kamal Ələkbərov çıxışında yerli icmaların bu prosesdə fəal iştirakının vacibliyini xüsusi qeyd edib. Sonda o, görüşdə iştirak edən hər kəsə uğurlar arzulayaraq bu tip görüşlərin davamlı keçirilməsinin önəmini bir daha vurğulayıb.
"Kəngərli rayonu üzrə bələdiyyələrdə təmsil olunanların 32,4 faizi Sədərək rayonu üzrə isə 41,7 faizi qadınlardır", – deyən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirmişdir ki, yerli özünüidarəetmə orqanları cəmiyyətin gündəlik problemlərinə ən yaxın olan strukturlardır.
Bələdiyyələrdə qadınların təmsilçiliyinə dair statistik məlumatları təqdim edən komitə sədri bildirmişdir ki, Kəngərli rayonu üzrə 1 qəsəbə və 10 kənd olmaqla, ümumilikdə, 11 ərazini əhatə edən 3 bələdiyyə fəaliyyət göstərir ki, 37 nəfər bələdiyyə üzvlərinin 32,4 faizini qadınlar təmsil edir. Bələdiyyə sədrlərinin 33,3 faizi qadındır. 1 qəsəbə 6 kəndi əhatə edən ərazinin bələdiyyə sədri kişi, 4 kəndi əhatə edən əraziyə isə qadın bələdiyyə sədri rəhbərlik edir.
Həmçinin Sədərək rayonu üzrə isə 1 qəsəbə və 3 kənd olmaqla, 4 ərazini əhatə edən 2 bələdiyyə fəaliyyət göstərir ki, 24 nəfər bələdiyyə üzvlərinin 41,7 faizini qadınlar təmsil edir. 1 qəsəbə 3 kəndi əhatə edən ərazinin bələdiyyə sədrləri isə kişilərdir. Komitə sədri həmin orqanlarda qadınların təmsil olunmasının təkcə statistik göstərici deyil, həm də qərarların daha ədalətli, inklüziv və ehtiyaclara cavab verən şəkildə qəbul olunmasına bir zəmanət olduğunu vurğulamışdır. Komitə sədri çıxışında Ulu Öndər Heydər Əliyevin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması istiqamətində atdığı mühüm addımları vurğulayıb. O xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qanunvericilik aktlarının qadınların cəmiyyətdə fəal rol almasına imkan yaratdığını qeyd edib. Çıxışda, həmçinin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində görülən işlərin davam etdirildiyi bildirilib. "Komitənin əsas fəaliyyət istiqamətlərindən biri – ailə institutunun gücləndirilməsi, qadınların ictimai-siyasi və iqtisadi həyatda fəallığının artırılması, həmçinin uşaqların hüquqlarının müdafiəsidir", – deyən komitə sədri bu məqsədlərə çatmaqda yerli icmaların mühüm rol oynadığını qeyd etmişdir. Komitənin nümunəvi Əsasnaməsində və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən sənədlərdə bu əməkdaşlıq üçün hüquqi və funksional əsaslar müəyyən olunmuşdur.
Komitə sədri R.Seyidova çıxışı zamanı icmaların ümumi vəzifələri ilə yanaşı, komitə ilə birgə əməkdaşlıq çərçivəsində yerinə yetirməli olduqları konkret funksiyalara da aydınlıq gətirərək bildirmişdir ki, sosial müdafiəyə ehtiyacı olan insanların müəyyənləşdirilməsi, onların müdafiəsi, qadınların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakı, uşaqların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Bu istiqamətlər yalnız hüquqi çərçivədə deyil, eyni zamanda sosial baxımdan da mühüm əhəmiyyət daşıyır. Komitə sədri, həmçinin ailə və qadın hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazasına, xüsusilə də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək bu istiqamətdə görülən işlərin hüquqi əsaslarını vurğulamışdır. Qeyd olunmuşdur ki, müvafiq komissiyalar yalnız inzibati funksiyaları yerinə yetirməklə məhdudlaşmır, həm də cəmiyyətdə zorakılığa qarşı sıfır tolerantlıq mühitinin formalaşdırılmasına töhfə verir. Komitə ilə birgə fəaliyyət və hüquqi əsasların mövcudluğu bu komissiyaların işinin daha səmərəli olmasına şərait yaradır. Çıxışının sonunda R.Seyidova qeyd etmişdir ki, bu sahədə görülən işlər davamlı şəkildə inkişaf etdirilməli və daha sistemli xarakter almalıdır. Çünki ortaq məqsədimiz aydındır: sağlam ailə, fəal və cəmiyyətə töhfə verən qadın, xoşbəxt və hüquqları qorunan uşaq!
Daha sonra Kəngərli rayonu, Qarabağlar Bələdiyyəsinin sədri Aysel Şəfiyeva çıxış edərək son illərdə ölkəmizdə qadınların ictimai-siyasi həyatda, xüsusilə də yerli özünüidarəetmə orqanlarında fəallığının artmasının, bələdiyyələrə seçilmiş qadın üzvlərin artıq təkcə icraedici yox, həm də təşəbbüskar və yönverici rolda çıxış etmələrinin sevindirici hal olduğunu qeyd edib.
Sonda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək bildirmişdir ki, qadınların hərtərəfli inkişafı, təhsilə, iş imkanlarına çıxışının təmin olunması, zorakılığa qarşı mübarizə, həmçinin sosial dəstək proqramlarının hazırlanması və həyata keçirilməsi komitənin prioritet istiqamətlərindəndir.
Kəngərli və Sədərək rayon bələdiyyələrinə seçilən kişilər, qadınlar və gender komissiyalarının sədr və üzvlərinin iştirak etdiyi görüş diskussiya xarakterli olmuşdur.
Digər xəbərlər