Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilər...
00:22 12.08.2026
0
0
0
NAXÇIVAN :
12 Avqust 2026, Çərşənbə
Azərbaycan xalqı əsrlərboyu Vətəninin hər qarış torpağını göz bəbəyi kimi qoruyub, bu müqəddəs amal uğrunda yüzlərlə igid övladını qurban verib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə müasir Azərbaycan tarixində milli birliyin, güclü dövlətin, xalqın Vətən sevgisinin göstəricisi kimi yüz illər boyu yaşayacaq.
İkinci Qarabağ müharibəsində ölkə başçısının nümayiş etdirdiyi iradə qətiyyətin və məqsədyönlülüyün simvoluna çevrildi. O hər çıxışında xalqın birliyini əsas güc mənbəyi kimi ön plana çəkərək inam və əzm aşıladı. Həmin dövr tarixə güclü liderlik, birlik və qətiyyət nümunəsi kimi yazıldı. Minlərlə Azərbaycan əsgəri ürəyində Qarabağ sevgisi ilə döyüşə atıldı. Kimi canını, kimi sağlamlığını, kimi də ömrünün bir hissəsini Vətən uğrunda fəda etdi. Onlardan biri də Naxçıvanın igidlər yurdu Kəngərli rayonunun Qarabağlar kənd sakini, Vətən müharibəsi qazisi, gizir Murad Xudiyevdir. Onunla söhbət zamanı keçdiyi şərəfli döyüş yolundan danışdı. “Hərbi xidmətimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölmələrinin N hərbi hissəsində şərəflə yerinə yetirmişəm. Hərbi forma mənim üçün, sadəcə, geyim deyildi. O dövlətə sədaqətin, xalqa xidmətin və müqəddəs Vətən andının simvolu idi. Bizə öyrədilən ilk dərs torpağın bitdiyi yerin yalnız sərhəd xətti deyil, həm də namus və şərəf məsələsi olması idi”.
2020-ci ilin payızında Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Cəbhədə əsgər döyüşür, arxa cəbhədə isə xalq ordumuza dayaq olurdu. Hər kəs eyni amal uğrunda yaşayırdı – işğal altında qalan torpaqlarımızın azad edilməsi və 30 illik həsrətə son qoyulması.
Murad Xudiyev söhbətini davam etdirərək deyir: “Silahdaşlarımla birlikdə verilən döyüş əmri əsasında cəbhəyə yollandım. Qarşımızda Hadrut, Xocavənd, Füzuli və nəhayət, Şuşaya uzanan çətin və şərəfli yol vardı. Bilirdik ki, bu yol təhlükələrlə doludur. Lakin heç bir təhlükə Vətən sevgisindən böyük deyildi. O sevgi ki uşaqlıqdan hamımızda bir hissi formalaşdırmışdı – “Canımız vətəndən şirin ola bilməz”.
Döyüş xatirələrini bölüşən müsahibim sanki yenidən həmin günlərə qayıdır: “Döyüş bölgəsində hər gün həyatla ölüm yanaşı addımlayırdı. Artilleriya atəşləri, mina təhlükəsi, mürəkkəb relyef və fasiləsiz gərginlik insanın həm fiziki, həm də psixoloji gücünü sınağa çəkirdi. Müharibə insanın xarakterini dəyişir. Orada zaman başqa cür axər, verilən hər qərar həyati əhəmiyyət daşıyır. Biz döyüş meydanında Azərbaycan əsgərinə inanan xalqımızın və cənab Ali Baş Komandanın etimadını doğrultmağa çalışırdıq.
Qəhrəmanımız döyüşlərin birində ağır yaralandığını da xatırlayır: “Baş nahiyəmdən güllə yarası aldım. Bu zərbə mənə yalnız fiziki xəsarət yetirmədi. Başımdan aldığım güllə mənə ağır travma yaşatdı və həyatımı tamamilə dəyişdi. Məni və mənim kimi neçə döyüş yoldaşımı son anda ölümdən xilas edən, bizə inanan, hər an arxamızda olan, zəfərə şübhəsi olmayan xalqımızın duası idi. Ağrılarım çox idi, buna baxmayaraq, Vətən qarşısında borcumu yarımçıq qoya bilməzdim. Üç gün sonra yenidən döyüş yoldaşlarımın yanına qayıtdım və döyüş tapşırıqlarının icrasında iştirak etdim. Sonrakı əməliyyatlarda Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmək mənim üçün böyük şərəf idi. Adını eşitdiyimiz, gözəlliyi dillərə dastan olan o yerlərin düşmən tapdağından azad olunmasında əməyimin və əziyyətimin olmağı mənim üçün şərəfdir”.
Vətən müharibəsi qazisi deyir ki, döyüşdə aldığı xəsarətlər nəticəsində görmə qabiliyyəti itib. Lakin bu onun Vətənə xidmət qürurunu zərrə qədər də azaltmayıb. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təltif edildiyi “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medallarını fərəhlə sinəsində daşıyır.
Murad Xudiyev bu gün azad Qarabağda dalğalanan üçrəngli Dövlət Bayrağını hər bir azərbaycanlının qürur mənbəyi hesab edir. O, deyir ki, işğaldan azad edilən torpaqlarda gedən quruculuq və abadlıq işlərini izlədikcə Böyük Qayıdışın gerçəyə çevrildiyini görməkdən böyük qürur duyur.
Müsahibim fikirlərini belə davam etdirir: “Yaralarım hər gün mənə müharibəni xatırladır. Amma eyni zamanda xatırladır ki, mən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüşəm. Bu, ömrümün sonuna qədər daşıyacağım ən böyük şərəfdir. Dövlətimiz də hər daim öz qayğısını hiss etdirir. Azərbaycanlı gənclərə demək istəyirəm ki, Vətən sevgisi, sadəcə, söz deyil. O lazım gələndə canını, sağlamlığını və rahatlığını fəda etmək məsuliyyətidir. Azərbaycan gəncliyi tarixini bilməli, şəhidlərimizin və qazilərimizin keçdiyi yolu unutmamalıdır. Qarabağın azadlığı minlərlə igidin qəhrəmanlığı və fədakarlığı hesabına qazanılıb. Bu tarixi Zəfər gələcək nəsillər üçün həm qürur, həm də böyük məsuliyyət nümunəsidir”.
Vətən... Beş hərfdən ibarət bu kəlmə bizə həm də əlimizin beş barmağını xatırladır. Həmin barmaqlar ki onları birləşdirəndə yumruğa dönür. Bax elə bu yumruq dəmirə dönüb düşməni pərən-pərən etdi. Bu xalq birləşib əl-ələ verdi. Və tarixinin ən şərəfli günlərini yazdı. Bu gün Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad olunmuş bütün torpaqlarımızda dalğalanan üçrəngli Dövlət Bayrağı minlərlə şəhidimizin qanının, qazilərimizin qəhərmanlığının və xalqımızın sarsılmaz iradəsinin rəmzidir. Murad Xudiyev kimi Vətən oğulları həmin zəfərin canlı şahidləridir.
O bəlkə də, bu gün o müqəddəs torpaqlarda dalğalanan bayrağı görə bilmir. Amma həmin bayrağın qüruru qəlbində yaşayır. Çünki onu ucaldan igidlərin sırasında özü də olub. Vətən uğrunda aldığı yaralar onun üçün ağrıdan daha çox şərəf nişanəsidir.
Murad Xudiyevin keçdiyi döyüş yolu bir daha göstərir ki, zəfər təsadüfən qazanılmayıb. O, şəhidlərin canı, qazilərin sağlamlığı, əsgər və zabitlərimizin şücaəti, xalqımızın birliyi hesabna əldə olunub. Bu qəhrəmanlıq salnaməsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq isə hər birimizin mənəvi borcudur.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər