Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi ...
13:39 30.08.2026
0
0
0
NAXÇIVAN :
30 Avqust 2026, Bazar
Əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, xüsusilə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 iyul tarixli Sərəncamı ilə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Bu sənədə əsasən əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi, eləcə də əmək bazarına qoşulmaqda çətinlik çəkən və xüsusi müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün yeni imkanların yaradılması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə uzun illərdir, ardıcıl fəaliyyət göstərir. Komitə tərəfindən sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin və hazırladıqları məhsulların satışına dəstək olmaq məqsədilə sərgi-satışlar təşkil olunur. Sərgi-satışların keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsinə xidmət edir. Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayı ərzində keçirilən, ümumilikdə, 6 sərgi-satış və festivalda, eləcə də əl işləri mağazasında 73 müəllifin 17095 adda müxtəlif əl işləri və 66 növdə ailə təsərrüfatı məhsulları sərgilənib. 50 müəllifin 14 878 manat dəyərində 3277 əl işinin və ailə təsərrüfatı məhsullarının satışı həyata keçirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilib. Belə təşəbbüslərin arxasında isə yalnız rəqəmlər deyil, öz zəhməti ilə ailə büdcəsinə töhfə verən, bacarıqlarını gəlir mənbəyinə çevirən insanların həyat hekayələri dayanır. Həmin kateqoriyaya aid olan qadınlardan bir neçəsi ilə həmsöhbət olduq.
Babək rayonunun Yarımca kəndindən olan, hazırda Naxçıvan şəhərində yaşayan Çiçək Məmmədova uşaqlıqdan əl işlərinə maraq göstərib. İllər keçdikcə bu maraq onun sevdiyi məşğuliyyətə, daha sonra isə ailə büdcəsinə töhfə verən fəaliyyətə çevrilib. Çiçək xanım əl işlərinə peşəkar şəkildə 2020-ci ildən başlayıb. İlk işi isə bir tanışının övladları üçün yeni il dekorasiyası hazırlaması olub. Hazırladığı işin bəyənilməsi onda bu sahəyə olan marağı daha da artırıb. Zaman keçdikcə yaradıcılıq istiqamətlərini genişləndirərək müxtəlif əl işləri ərsəyə gətirib.
“Əl işinə marağım uşaqlıqdan olub. Bu sənəti özüm öyrənmişəm. Marağım o qədər böyük idi ki, sevərək öyrənməyə başladım və davam etdim”, - deyə Çiçək Məmmədova bildirir.
Onun hazırladığı əl işləri kifayət qədər müxtəlifdir. Ev aksesuarları, qələmqabılar, fırça və daraq qabları, güldanlar, uşaqlar üçün boyama fiqurları və müxtəlif dekorativ nümunələr hazırlayır. Hər bir işin hazırlanma müddətinin fərqli olduğunu deyən həmsöhbətim bəzi məhsulların bir saata, bəzilərinin isə bir neçə günə başa gəldiyini qeyd edir. Əsasən, daş tozu və gipsdən istifadə edən Çiçək xanım hazırladığı məhsulların növbəti mərhələsində akril boyalardan və qoruyucu parlaq laklardan yararlanır və əl işlərində milli motivlərə də xüsusi yer ayrılır. Onun sözlərinə görə, hər bir məhsul ərsəyə gələnədək müxtəlif mərhələlərdən keçir və burada səbir, diqqət və zəhmət əsas şərtlərdəndir. Hazırladığı məhsullara daha çox uşaqların və qadınların maraq göstərdiyini deyən Çiçək xanım əl işlərini həm evdən sifariş qəbul etməklə, həm də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəmadi olaraq keçirdiyi sərgi-satış yarmarkalarında iştirak edərək satışa çıxarmaqla təqdim edir. Bu fəaliyyət onun üçün yalnız sevimli məşğuliyyət deyil, eyni zamanda ailəsinə maddi dəstək olmaq imkanıdır. Gənclərə bu sənəti öyrətmək arzusunda olduğunu da bildirən Çiçək xanım bunun üçün uyğun şərait yaradılacağı təqdirdə öz biliklərini həvəslə paylaşacağını deyir. O xüsusilə qadınların öz bacarıqlarına inanmasının vacibliyini düşünür. Onun ən böyük arzularından biri isə gələcəkdə öz emalatxanasının olması, mağaza açmaq və hazırladığı əl işlərini daha çox insana çatdırmaqdır.
Digər müsahibim Ordubad rayonu, Yuxarı Əndəmic kənd sakini Banuçiçək İsmayılova da dövlətimizin yaratdığı şəraitdən istifadə edərək öz məşğuluğunu təmin edib. Dörd qız anası olan Banuçiçək xanım artıq 10 ilə yaxındır ki, ailə təsərrüfatı ilə məşğuldur. O qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ailə təsərrüfatlarının inkişafına dəstək məqsədilə dayanıqlı biznesə sərmayə kapitalı alaraq işə başlayıb. Onun fəaliyyəti, əsasən, müxtəlif kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və konservləşdirilməsi ilə bağlıdır. Hazırladığı məhsullar sırasında müxtəlif mürəbbələr, turşular və digər ev məhsulları yer alır.
Ailə təsərrüfatı ilə məşğul olmağa başlamasının əsas səbəbi isə ailəsinə əlavə dəstək olmaq övladlarının gələcəyinə öz əməyi ilə töhfə vermək olub. Zaman keçdikcə bu fəaliyyət Banuçiçək xanımın yalnız ailə büdcəsinə dəstək vasitəsi deyil, həm də sevdiyi və həvəslə gördüyü işə çevrilib. Hazırladığı məhsulların satışını müxtəlif yollarla həyata keçirir, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi festivallarda iştirak edərək məhsullarını təqdim edir. Eyni zamanda yaxınlarına, qohumlarına və digər müştərilərə birbaşa satış edir.
Ailə təsərrüfatının fəaliyyət istiqamətlərindən biri də Ordubadın özünəməxsus mətbəx nümunələrinin hazırlanmasıdır. Yerli şirniyyat və yeməklərə olan maraqdan yararlanan Banuçiçək xanım sifarişlər də qəbul edir. Beləliklə, ailə təsərrüfatı yalnız konserv məhsullarının hazırlanması ilə məhdudlaşmır, həm də bölgənin zəngin kulinariya ənənələrinin yaşadılmasına xidmət edir. Banuçiçək xanım bu işin asan olmadığını, ailə təsərrüfatı məhsullarının hazırlanmasının zəhmət tələb etdiyini vurğulayır. Lakin çəkilən zəhmətin nəticəsini gördükdə bütün çətinliklərin unudulduğunu deyir.
Bu iki qadının həyat hekayəsi bir həqiqəti göstərir: yaradılan imkanlardan yararlanaraq bacarıq və zəhməti real gəlir mənbəyinə çevirmək mümkündür. Əl işi və ailə təsərrüfatı yalnız ailə büdcəsinə töhfə vermir, eyni zamanda qadınların iqtisadi fəallığının artmasına, milli sənətkarlıq və kulinariya ənənələrinin qorunmasına, təşəbbüskarlıq ruhunun güclənməsinə xidmət edir.
Səmayə RƏSULOVA
Digər xəbərlər